Qarabağ və Şərqi Zəngəzur regionunun bərpa və yenidənqurma işləri üçün 2022-ci illə müqayisədə 2023-cü ildə 13 faiz daha çox vəsait ayrılmışdır.
İşğaldan azad edilmiş ərazilərə sosial-iqtisadi həyatın geri qaytarılması ən prioritet məsələlərdən biridir. Bu işdə özəl sahibkarlar əhəmiyyətli rol oynayır. Hal-hazırda bu ərazilərə yerli və xarici biznes nümayəndələrinin investisiya qoyması işlər aparılır. Bu səbəblə ötən ilin noyabrın ayında Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiqlənmişdir. Proqramın əsas məqsədlərindən biri həmin ərazilərdə iqtisadiyyatın yenidən qurulması üçün yeni sahibkarlıq mühitinin qurulması olmuşdur.
Sahibkarlar üçün sosial və iqtisadi baxımdan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına investisiya qoymaq çox səmərəlidir. Orada qurulan infrastruktur müasir dövrün tələblərinə cavab verməklə ən müasir texnologiyalar vasitəsilə həyata keçirilir, eyni zamanda həmin ərazilərdə dövlət sahibkarlıq mühitinin canlanması üçün kifayət qədər güclü iqtisadi stimullardan istifadə edir. Həmçinin “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli Qanununa əsasən, Vergi Məcəlləsinə yeni “XIX fəsil. İşğaldan azad edilmiş ərazilərdə tətbiq edilən vergitutmanın xüsusiyyətləri” əlavə olunub. Əlavə olunmuş müddəalar həmin ərazilərdə sahibkarlıq fəaliyyəti üçün nəzərdə tutulmuş güzəştləri əhatə edir. Bundan əlavə, sahibkarlıq fəaliyyəti üçün qoyulan investisiyanın əsas hissəsini təşkil edən kreditlərlə bağlı dövlət dəstəyi də artıq müəyyənləşdirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də “Euronews” televiziyasına müsahibəsində qeyd etmişdir ki, ölkənin əsas dövlət xərcləri azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcək. Ona görə ki, keçmiş məcburi köçkünlər mümkün qədər tez yerləşdirməlidir. 2026-cı ilin sonunadək 140 min insanı yerləşdirməsi planlaşdırılır. Bunun üçün isə infrastruktura, yaşayış yerlərinin inşasına və sosial infrastruktura böyük vəsait yatırmalıdır. Bununla yanaşı, 30 il işğal altında olmuş bu ərazilərin kənd təsərrüfatı, hidroelektrik enerjisi, günəş və külək enerjisi, turizm kimi sahələrdə böyük potensialı var. Bu, dövlət investisiya proqramının əsas sahəsi olacaqdır.
Xarici sərmayələrə gəldikdə, yanacaq enerjisi sahəsinə investisiyaların qoyuluşu davam edəcək. Çünki təbii ehtiyatlar baxımından Azərbaycanda böyük potensial var, Avropada Azərbaycan qazına böyük ehtiyac var və bu ehtiyac artmaqdadır. Lakin çox əhəmiyyətli inkişaf bərpaolunan enerji mənbələri ilə bağlıdır. Bu, birbaşa xarici investisiyaların əsas istiqaməti olacaq. Artıq ötən ay regionun ən böyük, 230 meqavat gücündə olan və xarici investorlar tərəfindən tam maliyyələşdirilmiş günəş elektrik stansiyasının açılışını etdik. Növbəti 5-6 ildə isə 10 qiqavat həcmində günəş və külək enerjisi istehsal etməyi planlaşdırırııq. Zənnimcə, rəqəmsal transformasiya gündəliyimizlə yanaşı, sərmayə qoyuluşu üçün əsas sahələr bunlar olacaq.
Son olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışına istinad edərək qeyd etmək istərdim ki, Qarabağ və Şərqi Zəngəzur regionunda əlverişli investisiya mühitinin formalaşdırılması bu regionda sahibkarlığın inkişafına səbəb olacaqdır. Bu da, İşğaldan azad olunmuş ərazilərin ən qısa müddətdə sosial-iqtisadi inkişafına gətirib çıxardacaqdır.
Maştağa qəsəbəsi, 255 №-li tam orta məktəbin
təlim-tərbiyə işləri üzrə müavini Günay Həmzəyeva