Dağlıq Qarabağ hadisələri başlayandan Ağdam burada cərəyan edən hadisələrin mərkəzi olmuşdur

Dağlıq Qarabağ hadisələri başlayandan Ağdam burada cərəyan edən hadisələrin mərkəzi olmuşdur Qarabağın dilbər guşələrindən olan Ağdam Azərbaycanın ən qədim insan məskənlərindən sayılır. Ağdam rayonu 8 avqust 1930-cu ildə yaradılıb. Sahəsi 1154 km² olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində - Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Gözəl Qrabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri minillik keşməkeşli illərdən keçərək bu günə qədər gəlib çatmışdır. Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Üçoğlantəpə deyilən yerdə aparılan arxeoloji tədqiqatlar zamanı aydın oldu ki, ilk qədim insanlar rayon ərazisində 6–8 min il bundan əvvəl, yəni, Eneolit dövründə yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar. Arxeoloqlar Üzərriktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur. XX əsrin 80-ci illərinin ortalarında rayonun Sarıçoban kəndi yaxınlığında tapılan son Tunc və Dəmir dövrünə aid möhtəşəm kurqan tarixi cəhətdən çox qiymətli bir abidədir.
Dağlıq Qarabağ hadisələri başlayandan Ağdam burada cərəyan edən hadisələrin mərkəzi olmuşdur. Ermənistan Azərbaycanın yeni bir ərazisini — Dağlıq Qarabağı işğal etmək məqsədi ilə 1988-ci ilin fevralından başladığı müharibəyə ilk olaraq məhz Ağdam rayonu cəlb olunmuş, hadisələrin ilk günlərindən ən böyük ağırlıqlar Ağdam rayonunun, onun əhalisinin üzərinə düşmüşdür. 1988-ci ilin son aylarında Ermənistandan öz ata-baba yurd yuvalarından silah gücünə amansız vəhşiliklərlə qovulub didərgin salınan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna pənah gətirdi. 1992-ci ildə Dağlıq Qarabağı bütünlüklə işğal edən Ermənistan Rusiya ordusuna arxalanaraq, bununla kifayətlənməyərək Dağlıq Qarabağın ətraf rayonlarına da hücum etdi. Xüsusən Ağdama olan hücumların ardı-arası kəsilmirdi. 1993-cü ilin may ayının 11-dən etibarən qızışan bu hücum əməliyyatları həmin il iyul ayının 23-də Ağdamın süqutu ilə başa çatdı. Ağdamın müdafiəsi uğrunda 5 ildən artıq gedən qanlı döyüşlərdə qismətinə 5897 şəhid, 3531 nəfər əlil, 1871 nəfər yetim uşaq düşdü. Minlərlə insan fiziki şikəstlik qazanmış, 126 min nəfərdən artıq ağdamlı öz doğma ev-eşiyindən didərgin düşmüşdü. BMT Təhlükəsizlik Şurası Ağdamın işğalını pisləyən və işğalçı ordunun zəbt olunmuş ərazilərdən dərhal çıxarılmasını tələb edən 853 saylı qətnamə qəbul edib. Lakin bu qətnamə də digər qərar və qətnamələr kimi icra edilməyib.
10 noyabr 2020-ci ildə Ermənistanın qol çəkdiyi üçtərəfli bəyanatda qeyd edilən Azərbaycan rayonlarının işğaldan azad edilməsi cədvəlinə uyğun olaraq, 20 noyabr 2020-ci ildə erməni silahlı birləşmələri Ağdam rayonunu tərk etdi. 20 noyabr 2020-ci ildə müzəffər Azərbaycan ordusu Ağdama daxil oldu və təhlükəsizliyin təmin edilməsi üçün zəruri tədbirlərin icrasına başlanıldı. Ağdam şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı ucaldıldı və Dövlət Himni səsləndirildi.
Prezident İlham Əliyevin 2023-cü il 31 iyul sərəncamına əsasən 20 noyabr Ağdam şəhəri günü elan olunub. İşğaldan azad edildikdən sonra Prezident İlham Əliyev Ağdama 5 dəfə səfər edib. 2020-ci il 23 noyabr, 2021-ci il 28 may, 2022-ci il 13 fevral, 2022-ci il 4-5 oktyabr və 2023-cü il 2 may tarixlərində gerçəkləşən bu səfərlərin hər birində çox mühüm tarixi hadisələr yaşanıb. Prezident yeni-yeni layihələrin təməlini qoyub, açılışlar edib və rayon ictimaiyyəti ilə görüşərək Ağdamın gələcək ağ günlərindən söz açıb.
Təsdiq olunan baş plana əsasən, Ağdam şəhərinin ərazisi 1750 hektar, şəhərətrafı bağlar 2450 hektar olacaq. Burada ağıllı və dayanıqlı sosial infrastruktur yaradılacaq. Ağdam şəhərində həm fərdi evlər, həm də yüksəkmərtəbəli yaşayış binaları inşa olunacaq. Əhalinin 30 faizi fərdi evlərdə yaşayacaq. Yüksəkmərtəbəli binalar isə Ağdam şəhərinin ərazisinin 30 faizini, əhalinin 70 faizini əhatə edəcək. Hazırda 5 kvartaldan ibarət yaşayış massivinin tikintisinə başlanılması üçün hazırlıq işləri görülür. Bu yaşayış massivində hər kvartalda altımərtəbəli olmaqla, 6 yaşayış binasının tikilməsi nəzərdə tutulur. Yaşayış massivində, həmçinin hotelin və bir parkın inşa edilməsi qərarlaşdırılır.Ağdam şəhərində 15 məktəb və uşaq bağçasının inşası planlaşdırılıb. Məktəb və uşaq bağçalarının əhatə dairəsi 500 metr təşkil edir. Ağdam şəhərinin nəqliyyat infrastrukturu da əhalinin rahatlığı üçün hesablanıb. Belə ki, küçələrdə piyada, velosiped və ictimai nəqliyyat üçün zolaqlar, eləcə də elektriklə işləyən tramvay xətlərinin çəkilişi nəzərdə tutulub.Şəhərin yaşıllaşdırılmasına xüsusi diqqət yetirilir. Belə ki, burada 4 böyük meşə sahəsi, 23 ədəd şəhər parkı salınacaq. Ümumilikdə şəhərin ərazisinin 20 faizi yaşıllıqla əhatə olunacaq. Bu yaşıllıq həm şəhərin ekologiyasına, həm də gözəlliyinə töhfə verəcək. Şəhərin içərisində - su kanalının keçəcəyi yerdə artıq meşə parkı salınıb.
2021-ci il mayın 28-də, Müstəqillik Günündə yeni Ağdamın təməl daşını qoyarkən Müzəffər Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi "Biz elə bir Ağdam quracağıq ki, bu, bütün dünya ölkələrinə örnək olsun" fikri düşmənin 27 il ərzində xarabalığa çevirdiyi Qarabağın giriş qapısı sayılan məkanın çox qısa zamanda yenidən cənnətməkana çevriləcəyinin nidası oldu. Azərbaycan xalqı geniş abadlıq işlərini diqqətlə izləyir və ona rəhbərlik edən Prezident İlham Əliyevi dəstəkləyir.

Zabrat qəsəbəsi, 75 saylı tam orta məktəbin
tarix müəllimi Asif Hüseynov


Oxşar xəbərlər