CƏNNƏT ŞƏHƏR- AĞDAM

CƏNNƏT ŞƏHƏR- AĞDAM XX əsrin ikinci yarısında Ağdam şəhəri Azərbaycanın ən gözəl şəhərlərindən biri olmuşdur. İstər iqtisadi inkişafına, istər təbiətinə, istərsə də coğrafi mövqeyinə görə hər zaman diqqət mərkəzində olmuşdur. Bu sirr deyil ki, mənfur düşmən hər zaman Azərbaycanın ən gözəl guşələrinə göz dikib. Birinci Qarabağ müharibəsi zamanı Ağdam şəhəri işğal olunduqda düşmən öz caniliyini yenidən sərgilədi və Ağdam şəhəri xarabalığa çevrildi. Burada işğal zamanı bir bina belə salamat qalmamışdı. Tarixi dini-mədəni abidələrimizə, yaşayış binalarına, təbiətə vurulan zərər bir daha göstərir ki bizim düşmənimiz kimdir. Həm də bu caniliyi edənlər bizim torpağımızda yaşayan, suyumuzdan içən, torpağımızda özünə saxta dövlət quran ermənilər törədiblər.

Müharibəyə kimi işğalçı Ermənistanın rəhbərliyi açıq-aydın bildirirdi ki, zəbt olunmuş torpaqların ölkəmizə qaytarılması mümkün deyil. Ancaq biz bunu mümkün etdik. Düz 27 il sonra Azərbaycan öz qüdrətini döyüş meydanında dünyaya nümayiş etdirdi. Artıq bizim qarşımızda yeni məqsəd var: işğaldan azad edilmiş torpaqlarımızı yenidən qurmaq.

Fevral ayının 13-də Cənab Prezidentimizin Ağdama səfəri zamanı verdiyi müsahibədə də dediyi kimi hazırda Ağdamın gələcək inkişafı üçün böyük addımlar atılır. Bu addımlar bütün sahələrdə planlı və sistemli şəkildə həyata keçirilir. Ağdam şəhərinin baş planı artıq təsdiq edilib və bu sahədə real addımlar atılır. Bütün tarixi və dini abidələr, yol-nəqliyyat infrastrukturu yenidən qurulur və bərpa edilir. Bütün bunlar isə ölkəmizin daxili büdcəsi hesabına həyata keçirilir. Biz inanırıq ki, bu tədbirlər planı nəticəsində yaxın gələcəkdə Ağdam şəhəri Azərbaycanın cənnət guşəsinə çevriləcək. Həmçinin qısa zamanda 27 il öz doğma yurdlarından didərgin salınmış məcburi köçkünlər öz yurdlarına qaytarılacaq. “Ruhlar şəhəri” Ağdam cənnət şəhərə çevriləcək.

Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin

tarix müəllimi Damla Həsənzadə

Oxşar xəbərlər