İkinci Qarabağ müharibəsində geri qaytardığımız, Kür-Araz ovalığının qərbində yerləşən, Qarabağın gözəl, möhtəşəm təbiəti olan şəhərlərindən biri də Ağdam şəhəridir. Ağdam rayonunun 1993-cü ilin 23 iyul tarixində 42 günlük döyüşdən sonra ermənilər tərəfindən 73%-i işğal olunmuşdur. 1094 km2 ərazisi olan rayonun 882 km2-i, rayon mərkəzi daxil olmaqla 90 kəndi ələ keçirilmiş, 128 mindən artıq insan məcburi köçkün həyatı yaşamağa məcbur olmuşdur. Lakin 44 günlük müharibəni qələbə ilə başa vurduqdan sonra Ali Baş Komandan İlham Əliyevin imzaladığı üçtərəfli bəyanata əsasən, Ağdam rayonunun işğal olunmuş hissəsi noyabr ayının 20-də geri qaytarılmışdır. Elə buna görə də, 31 iyul 2023-cü ildə imzalanmış sərəncama əsasən, 20 noyabr tarixi “Ağdam şəhəri günü” kimi qeyd olunur. Prezident İlham Əliyev həmçinin öz çıxışında bildirmişdir- “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini yenidən bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.”
Ağdam rayonunun əsası 1930-cu ildə qoyulmuşdur. Qədim türk dilində “kiçik qala” mənası verən bu ərazidə yaşayan qədim türkdilli xalqlar özlərini müdafiə etmək üçün kiçik qalalar tikirdilər. Qarabağ xanı Pənahəli xan isə burada ağ daşdan qala tikdirib, hətta ətraf kəndlərdən də görünən bu imarət əsasında, bu şəhər günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev mənasını verir.
Ağdam yerləşdiyi geoloji əraziyə uyğun olaraq, füsunkar iqlimi və relyefi olan şəhərdir. Dünyaca məşhur olan Qarabağ atları, əsasən, bu ərazidə yayılmışdır. 1949-cu ildə Ağdam Atçılıq Zavodu fəaliyyətə başlamış və Qarabağ atı cinsinin yaxşılaşdırılmasında böyük rol oynamışdır. İqlimi, əsasən, mülayim isti, quraq subtropikdir.
Ağdam şəhərində qədim tarixə malik olan memarlıq və incəsənət abidələri də mövcud olmuşdur. Onlardan Xanoğlu türbəsi, Pənah xanın türbəsi, XV əsrə aid Sərdabə və Hatəm Məlik qalasının adını çəkə bilərik. Bunlardan başqa Cümə məscidi və Şahbulaq məscidini qeyd edə bilərik. Lakin I Qarabağ müharibəsi zamanı həmin məscidlər erməni vandalizminə məruz qalmış, heyvanların saxlandığı yer olaraq istifadə olunmuş, təhqir olunmuşdur. Əlbəttə ki, bütün bunlar heç vaxt unudulmayacaq və Ali Baş Komandanımızın bərpa işləri üzrə verdiyi qərarlar ilə həmin ərazilər əvvəlki gözəlliyinə, möhtəşəmliyinə qovuşacaqdır.
Balaxanı qəsəbəsi 4 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Aişə Həsənova