“Ruhlar şəhəri” Ağdama 27 il sonra ilk dəfə canlı övladları - Azərbaycan əsgərləri qədəm qoydular

“Ruhlar şəhəri” Ağdama 27 il sonra ilk dəfə canlı övladları - Azərbaycan əsgərləri qədəm qoydular Ağdam rayonu Azərbaycanın ən böyük rayonlarından biridir. Rayon Qarabağın mərkəzində yerləşir. Ağdam mədəniyyət abidələrinə görə Zaqafqaziyada ən zəngin ərazilərdən biri hesab olunur. I Qarabağ müharibəsi zamanı uşaqdan böyüyə bütün sakinlər Ağdamın müdafiəsinə qalxdılar. 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitdi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olundu. İşğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur oldu.Ağdam rayonunun müdafiəsi zamanı 6 mindən çox insan Şəhid olmuşdur. Bu səbəbdən Ağdamı, “Ruhlar Şəhəri” adlandırırdılar. Ağdam sakinləri 27 il ərzində Ağdama qayıdacaqları günü səbirsizliklə gözləyirdilər. Bu günü tək Ağdamlılar deyil, bütün Azərbaycan xalqı inamla gözləyirdi.

Nəhayət, 2020-ci il 27 Sentyabr tarixində II Qarabağ müharibəsi başlandı. Qəlbi vətən eşqi ilə, azadlıq eşqi ilə döyünən bütün Azərbaycan oğulları könüllü olaraq haqq savaşına qalxmaq üçün növbəyə durdular. Xalqımız Ölkə Prezidenti Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşdi. Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, yorulmaz əzmi nəticəsində haqq savaşımız 44 gün ərzində qələbə ilə bitdi. Ermənistan məğlub durumda bəyanat imzaladı.

20 Noyabr 2020-ci il tarixdə Ağdam rayonu rəsmi şəkildə düşməndən azad edildi. Həmin gün 27 il yurd-yuva həsrətində olan Ağdam sakinləri ilk dəfə rahat nəfəs aldılar. Həmin gün “Ruhlar şəhəri” Ağdama 27 il sonra ilk dəfə canlı övladları -Azərbaycan əsgərləri qədəm qoydular. Həmin gün Ağdam torpaqlarında Şəhid olmuş Azərbaycan övladlarının nakam ruhları ilk dəfə sakitlik tapdı.

Ağdamın işğaldan azad olunması xalq tərəfindən xüsusi sevinclə qarşılandı. Qələbə sevincindən axan göz yaşlarımız Şəhidlərimiz üçün axan kədər göz yaşlarına qarışdı. Ölkə Prezidenti Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam işğaldan azad edildikdən bir neçə sonra 2020-ci il noyabrın 23-də Ağdam şəhərinə gəldilər. Prezident İlham Əliyev Ağdam şəhərində Azərbaycan bayrağını qaldırdı. Səfər zamanı İlham Əliyev Ağdam sakinlərini bir daha təbrik edərək, müharibə dövründə Azərbaycan Ordusunun gücünü nəinki Ermənistan həm də bütün dünyanın gördüyünü vurğuladı. 2003- cü ildən bu günə Azərbaycanda gedən ordu quruculuğu işləri və siyasi arenada aparılan mübarizədən söhbət açdı.Prezident öz çıxışında beynəlxalq ictimaiyyətə Qarabağın işğalı, “Xocalı Soyqırımı” həqiqətləri haqqında geniş təsəvvür yaratmaq üçün apardığı danışıqların əhəmiyyətini qeyd etdi II Qarabağ müharibəsində Azərbaycan texniki cəhətdən ən müasir silahlardan istifadə etsə də, bu qələbənin qazanılmasında Azərbaycan əsgərinin əsas rolu var. Qələbənin qazanılmasında ən böyük işi igid, qəhrəman Azərbaycan oğulları gördü.

Artıq Ağdamın işğaldan azad olunmasından 1 il keçir. Bu 1 il ərzində Ağdamda quruculuq işləri gedir. Tezliklə Ağdamda həyat öz axarına düşəcək. Ağdam sakinləri öz yurd yuvalarında 27 il əvvəl qaldıqları yerdən həyata davam etməyə başlayacaqlar. Ağdamın ağ günləri hələ qabaqdadır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin

təlim-tərbiyə işləri üzrə direktor müavini Ofelya Əliyeva

Oxşar xəbərlər