“Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır” deyən Ulu öndər Heydər Əliyev hər zaman xalqını düşünmüş, onun firəvanlığı üçün çalışmışdır. Azərbaycan dövlətinin inkişafı üçün əlindən gələni etmiş, hətta özündən sonra Azərbaycana uğurlu şəkildə rəhbərlik edəcək şəxsi də yetişdirmişdir. Ulu Öndər Heydər Əliyev 1 oktyabr 2003-cü ildə Azərbaycan xalqına belə müraciət etmişdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram”.
2003-cü ilin 15 oktyabr tarixində xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdi, belə ki seçicilərin 76 faizdən çoxu İlham Heydər oğlu Əliyevə səs vermişdi. Prezident İlham Əliyev prezidentliyi müddətində həm Ulu öndər Heydər Əliyevin, həm də xalqın inamını doğrultmuşdur. Prezident İlham Əliyev ölkənin inkişafı üçün uğurlu siyasət yürütmüş, Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırmışdır.
Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər görmüşdür. Bu uğurlu siyasətin nəticəsində ölkədə nəhəng infrastruktur layihələri həyata keçirildi, nəqliyyat sistemi yenidən quruldu.
Fərəhli haldır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kiçik bir zaman kəsiyində – 10 illik dövrdə Respublikamızda bədən tərbiyəsi və idman sahəsində bir sıra sərəncam və fərmanlar imzalamışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndinə əsasən 2006-cı il yanvarın 30-da Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyi ləğv edilmiş, Konstitusiyanın həmin maddəsinə əsasən yeni, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılmışdır. Bu illər ərzində yalnız paytaxt Bakıda deyil, regionlarda da Olimpiya idman kompleksləri tikilmişdir. Bunun nəticəsində də Azərbaycanda idman sahəsi xeyli inkişaf etmiş, beynəlxalq idman arenasında çoxlu uğurlar əldə etmişik. Bu tədbirlər həm də gənc nəslin sağlamlığının qorunmasına xidmət etmişdir.
Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələrin Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilməsi də prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, prezident İham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsiz qala bilməzdi. Ordu quruculuğu strategiyasının müvəffəqiyyətlə icra olunması, müasir standartlar və yeni yanaşmalar əsasında Silahlı Qüvvələrin döyüş qabiliyyətinin, hərbi hazırlıq səviyyəsinin artırılması, maddi-texniki təchizatının gücləndirilməsi Azərbaycanın suverenliyinin döyüş meydanında təmin etməsini şərtləndirdi. 2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, görülmüş işlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı. Bu siyasətin əsas məqsədi əlbəttə ki, ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası idi. Buna görə hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Prezident İlham Əliyev xalqın arzusunu və Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirmiş, 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilmişdir. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentə xalqın etibarı və ehtiramı sonsuzdur.
Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Vüsalə Əliyeva