Sentyabrın 29-dan oktyabrın 1-dək Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumu keçirilib. 53 ölkədən 200-ə yaxın xarici qonağın iştirak etdiyi Forumun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak və çıxış edib.
Ölkə Prezidenti bu tədbiri iştirakçı ölkələr arasında olan dostluğun təzahürü kimi qiymətləndirib. O, bildirib ki, Şərqi Zəngəzur Azərbaycanın bütün Qarabağ bölgəsi kimi, sıfırdan yenidən inşa edilir. Azərbaycan sıfırdan yeni şəhər və kəndlər inşa edir. Ona görə də müasir texnologiyalar tətbiq edilməli və keçmiş köçkünlərimizə ən yaxşı şərait yaradılmalıdır. Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsidir ki, artıq burada keçmiş məcburi köçkünlər evlərinə qayıdıb. Ağalı “ağıllı kəndi”nə ötən bahar aylarında həyat qayıdıb. Orada sakinlər xoşbəxt yaşayırlar. Heç zaman öz Vətənini görməyən gənc nəsil qayıdıb. Zəngilan şəhərinin Baş planı artıq təsdiq edilib, infrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir. 2025-ci ildə, ola bilər bir az da tez, Zəngilan şəhərinin ilk sakinləri qayıdacaqlar.
“Paytaxt Bakıdan bütün istiqamətlərdə 2000 kilometrdən çox yeni magistral yollar inşa olunur. Sovet dövründə mövcud olan dəmir yolu xətti bərpa edilib. İşğal dövründə həmin dəmir yolları Ermənistan qüvvələri tərəfindən sökülüb. Bu gün Horadizdən Zəngilana çəkilən dəmir yolunun inşası fəal fazadadır və tezliklə bu nəqliyyat dəhlizinin bu mühüm hissəsi hazır olacaq. Bu, Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək layihədir. Oradan isə həmin dəmir yolu İran və Türkiyəyə keçəcək və nəhayət, Avropaya çatacaq” – Prezident deyib.
Böyük Qayıdış Proqramı barədə danışan dövlət başçısı deyib ki, bu Proqram bütün azad olunmuş ərazilərin bərpasını əhatə edir. Burada müasir texnologiyalar, “ağıllı şəhər” və “ağıllı kənd”lər inşa olunur. Burada ən müasir şəhərsalma nümunələri istifadə edilir.
Çıxışda həmçinin qeyd edilib ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bu günədək bərpa işlərinə Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il üçün planlaşdırılan minimum büdcə 2,4 milyard ABŞ dolları olacaqdır. “Biz heç bir maliyyə dəstəyi, heç bir maliyyə yardımı almırıq. Burada istisna iki qardaş ölkədir – Özbəkistan və Qazaxıstan prezidentləri çox səxavətli şəkildə bizə biri məktəb, biri isə incəsənət mərkəzini hədiyyə edib” – Prezident İlham Əliyev bildirib.
Azərbaycan Prezidenti bəyan edib ki, Bakıdan, Sumqayıtdan, Gəncədən, Mingəçevirdən, digər şəhərlərdən kəndlərə axın baş verir. Bu gün artıq öz doğma yurdlarına qayıtmaq istəyən insanlardan ibarət növbə yaranıb. Onlar Bakıdan, ölkəmizin ikinci böyük şəhəri Sumqayıtdan, Gəncədən və digər bölgələrimizdən qayıtmaq istəyirlər. Onlar şəhərlərdən kəndlərə qayıtmaq istəyirlər.
Azərbaycana qarşı 30 il ərzində etnik təmizləmə, işğal və ərazilərin məhvi həyata keçirilib. Bir milyondan çox azərbaycanlı evlərindən didərgin salınıb. Onların 200 mindən çoxu hazırkı Ermənistan ərazisindən deportasiya olunub. Bizim şəhərlərimiz, kəndlərimiz darmadağın edilib. Otuz il ərzində işğalçı qüvvələr bizə buraya qayıtmağa imkan vermirdi və beynəlxalq ictimaiyyətin münaqişənin dinc yolla həllinə dair bütün səylərini bloklayırdılar: “İkinci Qarabağ müharibəsinin başlaması təkcə Ermənistanın işğal siyasəti ilə bağlı deyildi, bu məsələni həll etməyə mandatı olan ölkələrin bunu gözardı etməsi idi. Sülhə nail olmaq olardı, bu, mümkün idi. Azərbaycan hər zaman danışıqlar masasında konstruktiv idi. Biz 28 il ərzində ədalətin bərpa edilməsini gözlədik. Ermənistan isə münaqişəni dondurmaq istəyirdi. Bu səbəbdən də 44 günlük müharibə qaçılmaz idi”.
Ali Baş Komandan bildirib ki, Qarabağın erməni əhalisinin hüquqları təmin ediləcək. Onların dini, təhsil, mədəni, bələdiyyə və digər hüquqları təmin ediləcək. Bütün işlər Azərbaycanın iştirakçısı olduğu konvensiyalara, bizim Konstitusiyamıza və beynəlxalq öhdəliklərimizə uyğun həyata keçiriləcək. Sentyabrın 19-20-də keçirilən antiterror tədbiri barədə danışarkən Prezident qeyd edib ki, bu tədbirlər 24 saatdan az müddətdə həyata keçirildi: “Biz nəticədə harada istəsəydik, orada dayanacaqdıq. Biz Ermənistanın ərazi bütövlüyünü tanımışıq, bunu bəyan etmişik. Sentyabrın 20-dən sonra artıq zaman yetişib ki, bizim nümayəndələr əyləşsin və sülh sazişinin layihəsi üzərində işləsin. Bundan sonra da sülh sazişinin tezliklə imzalanması daha asan olacaqdır”.
Çıxışının sonunda ölkə rəhbəri deyib ki, Azərbaycan konstruktiv yanaşma sərgiləyir. Regionda sülh bərqərar olunmalı və konstruktiv əməkdaşlıq aparılmalıdır.
Azərbaycan liderinin ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərimizin toxunulmazlığı istiqamətində gördüyü işlər ölkəmizi regionun ən güclü dövlətinə çevirib. İndi Azərbaycan işğaldan əziyyət çəkən, müdafiə olunmağa çalışan ölkə deyil, haqlarını təmin etmiş, dünyaya nümunə olacaq hərbi və diplomatik nailiyyətlər əldə etmiş bir dövlətdir.
Kürdəxanı qəsəbəsi, 113 nömrəli tam orta məktəbin
direktoru Gültəkin Rüstəmova