Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır

Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır
İyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində iştirak və çıxış edib.
Dövlət başçısı çıxışında bildirib ki, Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır, eyni zamanda, Şuşa bizim Qələbəmizin rəmzidir, sülhün rəmzidir.
Azərbaycan və Türkiyə qardaşlığından danışan Prezident İlham Əliyev deyib ki, Türkiyə Prezidenti Ərdoğan Qarabağ müharibəsinin ilk saatlarında verdiyi “Azərbaycan yalnız deyil!” bəyanatı, bizim üçün çox böyük bir dəstək idi. Qələbədən sonra Azərbaycan və Türkiyə de-fakto mövcud olan münasibətlərini rəsmiləşdirdi və biz bunu məşhur Şuşa Bəyannaməsini imzalayaraq müttəfiqlik səviyyəsinə qaldırdıq.
Azərbaycan Prezidenti ölkə mediasının bugünkü vəziyyətindən də danışıb. O, deyib ki, media çox böyük işlər görür. Azərbaycan reallıqları haqqında məlumatları dünya ictimaiyyətinə təkcə beynəlxalq hüquq prizmasından yox, ümumi insani prizmadan üzləşdiyimiz problemləri çatdırmaq üçün birinci vasitəmiz media olmuşdur. Bizə qarşı bu gün yenə də kampaniya davam edir. Bizim Qələbəmizi həzm edə bilməyən, uğurlarımıza qısqanclıqla yanaşan, bizə qarşı açıq informasiya savaşına çıxanlara biz tutarlı, real arqumentlərlə cavab verməliyik.
“Azərbaycan mediasının müstəqilliyi bizim cəmiyyətimizin inkişafı üçün başlıca şərtlərdən biridir. Bizim mediamızda sağlamlaşma prosesi uğurla gedir və xalqın maraqlarına zidd, dövlət maraqlarına zərbə vura biləcək yazılar artıq çox nadir hallarda üzə çıxır” – Prezident İlham Əliyev bildirib.
Regional inkişafdan söz açan Prezident deyib ki, bu, əsasən Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasından asılıdır. Biz getdikcə daha çox sayda birbaşa bəyanatlar eşidirik ki, Qarabağ Azərbaycanın ərazisidir. İşğal dövründə belə bəyanatlar olsaydı, çox güman ki, İkinci Qarabağ müharibəsi başlamazdı. Təəssüf ki, uzun illər - 28 il ərzində Minsk qrupu çərçivəsində gedən danışıqlar heç bir nəticə vermədi. Ümumiyyətlə, həll üçün hər hansı düstur ortaya qoyulmadı.
Dövlət başçısı son iki il yarım ərzində baş vermiş bir neçə məqamı misal çəkərək deyib ki, onlar birbaşa Ermənistana nümayiş etdirdi ki, bizim ərazi bütövlüyümüzü tanımasalar, biz onların ərazi bütövlüyünü tanımayacağıq. Onlar artıq qəbul ediblər ki, Qarabağ Azərbaycandır. Bunu açıq şəkildə bəyan ediblər və artıq sənədə imza atmaq mərhələsidir. Əgər bu addım atılsa və Azərbaycana qarşı hər hansı ərazi iddialarından imtina edilsə, bu sazişin ilin sonunadək imzalanması kifayət qədər mümkündür.
Sonda dövlət başçısı Azərbaycanın Avropa ilə əlaqələri barədə söz açıb. Deyib ki, ölkəmiz Avropaya əhəmiyyətli qaz tədarükçüsünə çevrilmişdir: “Avropaya qaz tədarükümüzün coğrafiyası genişlənir və ilin sonuna qədər əlavə iki Avropa ölkəsi Azərbaycan qazının alıcısına çevriləcək”.
Böyük Qayıdış Proqramı barədə danışarkən Azərbaycan Prezidenti bildirib ki, bu günə qədər infrastruktur və şəhərsalma məqsədləri üçün ilin sonuna qədər nəzərdə tutulan xərclər təqribən 7 milyard ABŞ dollarına bərabər olacaq. Birinci mərhələdə bizim əsas vəzifəmiz 8 şəhəri və 100 kəndi yenidən qurmaqdır. İşğaldan əziyyət çəkən 1 milyon insan öz dədə-baba torpaqlarına qayıtmalıdır. Laçın şəhəri cəmi səkkiz ay ərzində tamamilə yenidən quruldu və orada 700-dən çox ailə üçün bu gün şərait var. Həm fərdi evlər, həm çoxmənzilli evlər. Sentyabrın 15-dək məktəb də hazır olacaq, uşaq bağçası da hazır olacaq, xəstəxana da hazır olacaq və digər sosial obyektlər də inşa edilir. Növbəti beş il ərzində azad edilmiş bütün şəhərlərdə artıq insanlar yaşayacaqlar. Amma şəhərlərin inkişaf planı daha genişmiqyaslıdır. Baş planımıza görə Ağdam şəhərində 100 minə yaxın insan yaşayacaq. Bütün bunlar mərhələli yollarla ediləcək. Çünki vəsait o zaman xərclənməlidir ki, artıq insanlar oraya getməyə hazır olsunlar.
Prezident bildirib ki, biz erməni xalqının tarixi mirasına əl dəymirik. “Şuşada erməni kilsəsi var. Hər kəs gedib baxa bilər, orada bir daşa da dəyilməyib, əksinə, ora qorunur. Biz heç vaxt dinc əhaliyə qarşı vuruşmamışıq. Amma erməni ordusu müharibə zamanı bizim dinc şəhərlərimizi “İskəndər”, “Toçka”, “Skad” raketləri ilə atəşə tuturdu. Yüzə yaxın günahsız insan, o cümlədən 12 uşaq bu namərd atəş nəticəsində həlak olmuşdur. Ermənistanda əli Azərbaycan xalqının qanına batmış cəlladlar elə erməni hakimiyyəti tərəfindən cəzalandırılır. Biz təkcə Ermənistanı məğlub etmədik, biz erməni faşizminin belini qırdıq. İkinci Qarabağ müharibəsindəki acı məğlubiyyət onlara dərs olacaq və onlar oturub fikirləşəcəklər ki, bundan sonra bu bölgədə necə yaşasınlar, öz günahlarını etiraf edəcəklər, öz cinayətlərini etiraf edəcəklər, cinayətkarları məsuliyyətə cəlb edəcəklər. Artıq bu proses başlayıb”.
Ölkə rəhbəri qeyd edib ki, hazırda Azərbaycan xalqının rifahının yüksəldilməsi əsas məsələdir. İşğal altındakı ərazilərin azad olunmasından sonra sosial-iqtisadi məsələlər ön planda dayanır.

Kürdəxanı qəsəbəsi, 113 nömrəli tam orta
məktəbin direktoru Gültəkin Rüstəmova


Oxşar xəbərlər