Heç kim bizim gücümüzü unutmasın!

Heç kim bizim gücümüzü unutmasın!
Azərbaycan minilliklərlə tarixi olan milli bayramını – Novruzu qeyd edir. Ölkə Prezidenti İlham Əliyevin bayram münasibətilə Azərbaycan xalqına müraciət edib.
Hər zaman olduğu kimi, Prezident İlham Əliyev bu müraciətində də Qarabağ mövzusuna və Vətən Müharibəsindəki Zəfərə ayrıca yer ayırıb. Bildirib ki, üçüncü dəfədir, Azərbaycan xalqı Novruz bayramını artıq doğma Qarabağda qeyd edir. “Bu, böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman şəhidlərimizin əziz xatirəsini bu gün biz hörmətlə yad edirik. Onların canı-qanı bahasına biz doğma torpaqlarımıza qayıtmışıq”.
Ölkə başçısı milli həmrəylik məsələsinə də diqqət ayırıb. O, bildirib ki, İkinci Qarabağ müharibəsi dövründə bütün Azərbaycan xalqı bir yumruq kimi birləşib.
Otuz ilə yaxın müddət ərzində torpaqlarımız işğal altında idi. Ermənistan xalqımıza qarşı etnik təmizləmə siyasəti aparırdı. Yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından didərgin salınmış, qaçqın, köçkün vəziyyətinə düşmüşdür. Xalqımıza qarşı soyqırımı törədilmişdir, ədalətsizlik törədilmişdir, hərbi cinayətlər törədilmişdir.
Dövlət başçımız qeyd edib ki, Qarabağ münaqişəsi ilə məşğul olmuş vasitəçilər məsələni həll etməyə yox, dondurmaq üçün səylər göstərirdi. “Biz otuz il ərzində işğalla bağlı bütün beynəlxalq təşkilatlarda öz haqq səsimizi ucaltmışdıq. Ancaq əfsuslar olsun ki, bizim sözümüzə reaksiya verən qurum tapılmadı. Qırx dörd gün ərzində mənfur düşməni torpaqlarımızdan qovduq və Qarabağda Azərbaycan Bayrağını ucaltdıq. Biz öz haqqımızı, öz hüquqlarımızı döyüş meydanında bərpa etdik. Bu, çoxəsrlik Azərbaycan tarixinin ən parlaq səhifəsidir” – Prezident bildirib.
İlham Əliyev xüsusi vurğulayıb ki, otuz il ərzində Ermənistan və onun havadarları, onun arxasında duran müttəfiqləri bizi haqq işimizdən çəkindirmək üçün müxtəlif imkanlardan, müxtəlif vasitələrdən istifadə etməyə çalışırdılar, bizi mənasız danışıqlarla yormaq istəyirdilər, bizi işğalla barışdırmaq istəyirdilər. Azərbaycan xalqı və Azərbaycan dövləti güclü iradə göstərərək bütün bu cəhdləri dəf etmişdir. Çünki bizim işimiz haqq işidir. Azərbaycan işğal dövründə dəfələrlə bəyan edirdi ki, əgər məsələ sülh yolu ilə həll olunmasa, müharibə yolu ilə öz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik.
Azərbaycan Prezidenti azad edilmiş torpaqlarda bərpa işləri aparıldığını vurğulayıb. Deyib ki, Ermənistan bu əraziləri viran qoyub, talan edib. Otuz il ərzində daşları bir-bir söküb həm Ermənistanda, həm də ki, Ermənistanın qonşu ölkəsində bazarlarda satdırıb.
Müraciətin sonunda ölkə başçısı işğalçının əməllərini ört-basdır etmək istəyən qüvvələrə mesaj verib: “İkinci Qarabağ müharibəsinin nəticələrini heç kim yaddan çıxarmasın. Bizim torpaqlarımızın 30 il ərzində işğal altında olmasını heç kim yaddan çıxarmamalıdır və gələcək sülh müqaviləsi üçün bu önəmli amillər hər kəsin beynində olmalıdır. Biz bəzi hallarda görürük, sanki heç müharibə olmayıb, sanki işğal olmayıb, sanki Ağdamı “Qafqazın Xirosimasına” döndərən olmayıb. Bunu unutmaq və bizə unutdurmaq istəyirlər. Bu, heç vaxt olmayacaq. İşğal reallıqları, müharibə reallıqları, postmüharibə reallıqları sülh danışıqlarında öz əksini tapmalıdır və tapacaq”.
Ali Baş Komandanın dediyi kimi, Azərbaycan xalqı haqlı olaraq qürur hissi ilə yaşayır. Bizim hər birimiz, xaricdə yaşayan azərbaycanlılar da daxil olmaq şərtilə iki il yarım müddət ərzində qürur hissi ilə yaşayırıq. Hər kəsə, bütün dünyaya sübut etmişik ki, böyük xalqıq və ərazi bütövlüyünü öz gücümüzə bərpa edən ölkə kimi bundan sonra da ancaq və ancaq irəliyə gedəcəyik. Heç kim bizim gücümüzü unutmasın!

113 nömrəli tam orta məktəbin
direktoru Gültəkin Rüstəmova



Oxşar xəbərlər