Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan,inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır.
Sarsılmaz özülə malik olan milli mənəvi dəyərlər sistemimizin önündə gələn Ana dili milli ruhumuzun bərqərar olduğu ən ali, ən böyük milli dəyərimizdir. Milli-mənəvi sərvətimizdən, mənəviyyatımızdan bəhs olunanda, ilk növbədə ana dilimiz yada düşür. Əgər bir xalqın ana dili yoxdursa, demək, həmin xalqın özü də yoxdur. Böyük mütəfəkkirlərdən biri deyirdi ki, bir xalqı yox etmək istəyirsənsə, birinci onun dilini məhv et. Bizim milli birlik və həmrəyliyimizi təmin edən ana dilimizi qorumaq, inkişaf etdirmək və yaşatmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur.
Ümummilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkədə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb. Bütün süni məhdudiyyətlərə rəğmən Ulu Öndər Heydər Əliyev ana dili məsələsində öz mövqeyini hər zaman çox qətiyyətlə qorumağa müvəffəq olmuşdur. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur.
Ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan dilinin hərtərəfli inkişafına, onun rəsmi dövlət dilinə çevrilməsinə, beynəlxalq münasibətlər sisteminə yol tapmasına, zənginləşməsinə, zənginləşə-zənginləşə nüfuz qazanmasına böyük əhəmiyyət verilirdi. “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır, bunlarsız isə vətənpərvərlik formulu yoxdur” - söyləyən Heydər Əliyev yürütdüyü dil siyasətində həmişə çalışırdı ki, gənc nəsildə bu cür nəcib hisslərin tərbiyə edilməsi ön planda olsun. Ümummilli lider ana dilini sadəcə öyrənmək deyil, onu sevməyi də tələb edirdi. Bu mənada dillə bağlı söylədiyi bütün fikirlərdə, çıxış və məruzələrində həmişə böyük mənalar duyular, müdriklik hiss edilərdi.
Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi təsdiqləyir ki, xalqımız dünyanın ən qədim xalqlarındandır. Təbii ki, dilin təşəkkülü müxtəlif proseslərdən keçir. Bu gün istər danışıq, istərsə də yazılı şəkildə işlətdiyimiz Azərbaycan dili də mürəkkəb və ziddiyyətli bir yol qət etmişdir. Əlbəttə, dilin əsas yaradıcısı millətin özüdür. Elə ifadələr, kəlmələr var ki, xalq onu necə işlədibsə, bu gün də elə qəbul edilməlidir. Bir sözün yerinə düşməməsi onun mənasının itməsinə, təhrif olunmasına gətirib çıxarır. Nahaq demirlər ki, dil söz sərvətinin yaradıcısıdır. Bəlkə də Allahın insana bəxş etdiyi ən qüdrətli, ecazkar nemətlərdən biri dildir və o, təkcə ünsiyyət vasitəsi deyil.
Bütün maneələrə və çətinliklərə baxmayaraq ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Təqdirəlayiq haldır ki, ümummilli liderin ideyalarını layiqincə yerinə yetirən Azərbaycan Prezidenti İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. İnam və qətiyyətlə deyə bilərəm ki, bu gün dilimizin inkişafının əsas qarantı da məhz ölkə Prezidentinin özüdür. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz İlham Əliyevin təşəbbüsü ilə baş tutdu.
Prezident İlham Əliyev milli xüsusiyyətlərimizin saxlanmasında ana dili və ədəbiyyatımızın başlıca amillərdən olduğunu dəfələrlə diqqətə çəkərək demişdir: “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir. Azərbaycan dilinin qorunması hər kəsin borcudur. Zənginliyi nöqteyi-nəzərindən Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri vardır. Son vaxtlar Azərbaycan dilinə daxil edilən bəzi kəlmələr dilin dəyişilməsinə səbəb olur. Dilin orijinallığının qorunması məsələsi media ilə bağlı qurumların, eləcədə telekanalların da öhdəsinə yeni vəzifələr müəyyən edir. Ümummillli Lider də öz çıxışlarında Azərbaycan dilinin saflığının qorunması üçün çağırışlar edir, dilimizin türk dilləri ailəsində xüsusi müstəqil mövqeyini vurğulayırdı. Ümummmili Liderin təşəbbüsü ilə hər il Azərbaycanda avqustun 1-i Azərbaycan əlifbası və dili günü kimi qeyd olunur”.
Ana dilimizin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur”.
Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin
İbtidai sinif müəllimi Xəyalə Ağayeva