Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır

Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır
Hər bir müstəqil dövlətin suverenliyinin təminatçısı onun ordusudur. Sevindirici haldır ki, son illər ərzində ölkəmizdə ordu quruculuğu yolunda böyük nailiyyətlər əldə edilmişdir. Silahlı Qüvvələrimizin formalaşması isə müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır.
Tarixə nəzər salsaq görərik ki, Milli Ordumuzun yaradılması hələ Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövrünə təsadüf edir. O vaxtlar Rusiya imperiyasının müsəlman xalqlarına həqarətli münasibəti, onların orduda xidmətdən “azad” edilməsi bu xalqların hərbi işləri yadırğamasına gətirib çıxarmışdı. 1917-1918-ci illərdə erməni təcavüzünün güclənməsi Azərbaycan türklərini fiziki cəhətdən məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Yaranmış vəziyyət təcili olaraq ordu quruculuğuna başlamağı tələb edirdi. 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıldı.
Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir. Bu isə ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olmuşdur. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır.
Lakin hələ yaxın keçmişdə Azərbaycan ordusu yaradılmasına başlanıldığı vaxtdan müxtəlif təzyiqlərə məruz qaldı. Həm xaricdən, həm də daxildən göstərilən təzyiqlərin əsas məqsədi ordu quruculuğunun qarşısını almaqla Azərbaycanın müstəqil bir dövlət kimi mövcudluğuna yol verməmək idi. Belə ki, sovet hakimiyyəti dövründə də Rusiya imperiyasının azərbaycanlılara qarşı hərbi siyasəti dəyişməmişdi. Sovet dövründə çar dövründən fərqli olaraq azərbaycanlı gənclər hərbi xidmətə çağrılırdılar. Lakin onlar döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən tikinti batalyonlarında xidmət edirdilər. Məqsəd aydın idi – azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsinə imkan verməmək. Bu siyasətin mahiyyətini yaxşı başa düşən Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra, 1971-ci il iyunun 20-də C.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbi təşkil etdi. O dövrdə bu addımı atmaq çətin bir iş idi. Məşhur Suvorov adına, Naximov adına hərbi məktəblərin mövcud olduğu bir zamanda kiçik respublika olan Azərbaycanda hərbi məktəbin yaradılması müşkül idi. Lakin burada da dahi liderimizin əvəzolunmaz siasəti köməyə yetir. O, azərbaycanlı tələbələrin rus dilini pis bildikləri üçün həmin məktəblərdə yaxşı təhsil ala bilmədiklərini bəhanə gətirir. Və həmin tələbələrin öz dillərində təhsil almalarının və bunun üçün də Azərbaycanda hərbi məktəbin yaradılmasının vacibliyini bildirir. Əslində o zaman Heydər Əliyev gələcəkdə azərbaycanın müstəqil olacağına daxilən inanmış və bunun üçün də Azərbaycanda milli hərbi kadrların yetişdirilməsi üçün var qüvvəsi ilə çalışmışdır.
Ulu öndərimiz o dövrdə azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail olmuşdu. Bu gün C.Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrlarımızın yetişdirilməsində və o dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin silahlı qüvvələrin formalaşmasında müstəsna rolu vardır. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində və Vətən müharibəsində misilsiz igidliklər göstərmişlər.
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Hərtərəfli güclənən, hərbi qüdrəti, döyüş qabiliyyəti artan Azərbaycan ordusu böyük inkişaf yolu açıb. Silahlı Qüvvələrimizin kadrları NATO standartları səviyyəsində hazırlanmışdır. Bu ordu işğal olunmuş ərazilərimizi düşməndən azad etdi, ölkəmizin ərazi bütövlüyünü qoruyur. Əminik ki, artıq Azərbaycan əsgəri öz sözünü deməyə qadirdir.

Balaxanı qəsəbəsi, 259 №-li tam orta məktəbin
Hərbi rəhbəri Marif Tağıyev


Oxşar xəbərlər