Əliağa Hüseynov: Ulu öndər Heydər Əliyev müasir Azərbaycan ordusunun qurucusudur

Əliağa Hüseynov: Ulu öndər Heydər Əliyev müasir Azərbaycan ordusunun qurucusudur "Biz bu gün böyük iftixar hissi ilə deyirik ki, Azərbaycan Respublikasının milli ordusu - respublikamızın milli təhlükəsizliyini, əhalimizin əmin-amanlığını və mühafizəsini təmin etmək üçün, ölkəmizin sərhədlərinin qorunması, ərazi bütövlüyünün, torpaqlarının müdafiə edilməsi üçün Azərbaycanın layiqli Silahlı Qüvvələri vardır".

Heydər ƏLİYEV


Müasir Azərbaycan dövlətinin quruluş və inkişaf dövrü heç şübhəsiz, xalqımızın Ümummilli Lideri, görkəmli sərkərdə Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini vermiş, təkcə bu gün üçün deyil, qarşıdakı onilliklər, yüzilliklər üçün dövlətimizin inkişaf strategiyasını müəyyən etmişdir.

Ulu öndər Heydər Əliyev zəngin və çoxşaxəli siyasi fəaliyyəti ilə xalqımızın yaddaşında əbədilik qazanmışdır. O, təkcə xalqımızın deyil, eyni zamanda, bütün dünyanın şəxsiyyətinə böyük hörmət bəslədiyi siyasi lider idi. Tarixdə bu cür aqibət çox az şəxsiyyətlərə müyəssər olur. Tarixin xalqlara verdiyi şansları nadir sərkərdələr reallaşdırmağa qadir olurlar. Heydər Əliyev bu mənada xalqı, dövləti qarşısında üzərinə düşən missiyanı layiqincə yerinə yetirmiş bir şəxsiyyətdir.

Ümummilli Liderin Azərbaycanın xoşbəxt, təhlükəsiz gələcəyinə təminat verən zəngin və çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən birini də ordu quruculuğu təşkil edir. Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayanmışdı. Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə birinci dəfə hakimiyyətə gəlişindən sonra bu sahədə əsaslı dönüş yaradılmış, ölkəmizdə milli hərbi kadrların hazırlanması prosesinə başlanılmışdır. Məhz Ümummilli Liderin cəsarətli addımları sayəsində 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb fəaliyyətə başlamışdır. Bu məktəbin yaradılması o zaman çox böyük cəsarət tələb edirdi. Belə ki, Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayan məktəbin açılması o vaxtkı SSRİ rəhbərliyini narahat edirdi. Həmin dövrdə bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışsalar da, Heydər Əliyevin mahir diplomatiyası, qətiyyəti və uzaqgörən siyasəti bu cəhdlərin qarşısını almağı bacardı.

Qeyd etmək lazımdır ki, Cəmşid Naxçıvanski adına hərbi məktəbin fəaliyyətə başlaması Azərbaycanda hərb sənətinə marağın daha da güclənməsinə böyük təkan vermişdir. Heydər Əliyev azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə də nail olmuşdur. Təsadüfi deyildir ki, müstəqillik illərində C.Naxçıvanski adına hərbi məktəb Azərbaycanın ordu quruculuğunda əsas bazalardan birinə çevrilmişdir. Beləliklə, ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqillik əldə etməsindən 20 il öncə milli hərbi kadr hazırlığı üçün zəruri bazanın ən yüksək səviyyədə təşkilini həyata keçirmişdir.

1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkədə siyasi-ictimai vəziyyət olduqca gərgin idi. Azərbaycan Silahlı Qüvvələrinin yaradılması haqqında qərar qəbul olunsa da bu, sadəcə olaraq kağız üzərində qalmışdı. O zamankı iqtidarın yaratdığı xaos, özbaşınalıq ordu quruculuğuna da öz mənfi təsirini göstərmişdi. Düşmən torpaqlarımızın işğalını davam etdirdiyi halda silahlı birləşmələrimiz ayrı-ayrı insanların, qrupların maraqlarına xidmət edirdi. Ordumuzdakı bu acınacaqlı vəziyyət torpaqlarımızın 20 faizinin işğalı, bir milyona yaxın vətəndaşımızın didərgin düşməsi ilə nəticələnmişdir.

Lakin hər zaman ən çətin məqamlarda düzgün və qətiyyətli qərarlar qəbul etmiş xalqımız bu dəfə də öz iradəsini ortaya qoyaraq özünün əbədiyaşar liderini yenidən hakimiyyətə gətirdi. Məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlət və ordu quruculuğu istiqamətində yeni bir mərhələnin təməli qoyuldu. Ulu Öndərin yüksək sərkərdəlik bacarığı və hərb işinin incəliklərinə peşəkar yanaşma qabiliyyəti Ali Baş Komandana ordumuzdakı mürəkkəb problemləri həll etməyə və Azərbaycan Silahlı Qüvvələrini elmi-nəzəri əsaslar üzərində qurmağa imkan vermədi.

Dahi sərkərdə 1994-cü il mayın 12-də cəbhə xəttində atəşkəsə nail olmasından sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara başlamışdır. Qısa müddətdə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırılmış, orduya çağırış, fərarilik halları ilə bağlı bütün problemlər öz həllini tapmışdır. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən, mənəvi baxımdan sağlam zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olunmuşlar. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış, maliyyə-təsərrüfat fəaliyyəti nizama salınmış, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və döyüş ruhu yüksəldilmişdir. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri qanunlar qəbul edilmiş, silahlı qüvvələrin mükəmməl qanunvericilik bazası yaradılmışdır.

2001-ci il iyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 83-cü ildönümünə həsr edilmiş təntənəli mərasimdə nitq söyləyən Ümummilli Lider demişdir: "Ordu yaratmaq, qurmaq asan bir iş deyildir. Əgər nəzərə alsaq ki, sovet hakimiyyəti dövründə bizdə bunun əsası olmayıbdır, bu, asan iş deyildir. Ona görə də ordunun, Silahlı Qüvvələrin yaranmasına, ordu quruculuğuna dövlətin, bütün hakimiyyət orqanlarının xüsusi qayğısı olmalıdır. Azərbaycan Prezidenti, Ali Baş Komandan bu qayğını göstərir və bundan sonra da göstərəcəkdir. Ancaq bu təkcə məndən asılı deyildir. Hər bir hakimiyyət orqanının kiçik, ya böyük hissəsi, hər bir vətəndaş gərək hər bir sahədə ordu quruculuğuna öz töhfəsini, öz payını versin. Çünki ordu xalqındır. Ordu, Silahlı Qüvvələr xalqın təhlükəsizliyini və müstəqil dövlətin suverenliyini qorumaq üçün lazımdır".

Silahlı Qüvvələrin döyüş hazırlığının yüksək səviyyəyə çatdırılması müasir hərbi texnika ilə yanaşı, bu texnikanı idarə edə biləcək savadlı zabit korpusundan da əhəmiyyətli dərəcədə asılıdır. Bu baxımdan Azərbaycanda beynəlxalq standartlara cavab verən hərbi təhsil sisteminin formalaşdırılması ordu quruculuğunda önəmli bir addım olmuşdur. Belə ki, Ali Baş Komandan milli ordu quruculuğu Silahlı Qüvvələrin modernləşməsi proseslərində beynəlxalq təcrübəyə istinad edilməklə güclü, qüdrətli, məğlubedilməz Azərbaycan Silahlı Qüvvələrini formalaşdırmışdır. Kursant və zabit heyətinin dünyanın ən qabaqcıl hərbi təhsil müəssisələrində hərb sənətinin sirlərinə yiyələnməsi ordumuzun peşəkarlıq səviyyəsinin yüksəlməsinə yol açmışdır.

Artıq bu gün regionun ən qüdrətli ordusu olan Azərbaycan Silahlı Qüvvələri dövlət sərhədlərimizi qorumaqla yanaşı, bir sıra ölkələrdə həyata keçirilən sülhməramlı əməliyyatlarda iştirak edir və böyük müvəffəqiyyətlər qazanırlar. Bunun ən böyük səbəbi ulu öndər, əbədiyaşar sərkərdə Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu strategiyasının Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir. Məhz bu uğurlu siyasət nəticəsində Azərbaycanın dövlət büdcəsində müdafiə xərcləri üçün nəzərdə tutulan vəsait artıq bir neçə ildir ki, ardıcıl olaraq Ermənistanın ümumi büdcəsini ötüb keçmişdir. Bununla yanaşı, Azərbaycan Prezidentinin Fərmanı ilə yaradılan Müdafiə Sənayesi Nazirliyində 400 addan çox müdafiə təyinatlı məmulatın istehsalının həyata keçirilməsi ölkəmizin hərbi qüdrətinin artmasının mühüm göstəricilərindən biridir. Bu, Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkan yaratmışdır.

Bu gün tam əminliklə deyə bilərik ki, regionun ən qüdrətli ordusu - Azərbaycan Silahlı Qüvvələri ölkəmizin ərazi bütövlüyünün bərpası, işğal altındakı torpaqlarımızın düşmən tapdağından azad edilməsi üçün Ali Baş Komandan, Prezident İlham Əliyevin əmrini dərhal və uğurla yerinə yetirməyə hazırdır, buna tam qadirdir.

Əliağa Hüseynov - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, ehtiyyatda olan general-leytenant


Oxşar xəbərlər