Azərbaycan Ordusunun və Silahlı Qüvvələrinin mövcudluğu və şərəfli tarixi, Azərbaycan xalqının Ulu Öndəri, tarixi şəxsiyyət Heydər Əliyevin adı ilə sıx bağlıdır. Çunki bu günki Azərbaycan Ordusunun qurulması, inkişafı Heydər Əliyev təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir.
Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini verərək, onun gələcək inkişaf strategiyasını müəyyən edib. Ömrünü xalqına həsr edən tarixi şəxsiyyət hələ Sovet dövründə diqqət yetirdiyi məsələlərdən biri də SSRİ Silahlı Qüvvələri tərkibində azərbaycanlı zabitlərin irəli çəkilməsi məsələsi idi. O, azərbaycanlı zabitlərin Sovet qoşunlarında hansı vəzifələrdə olmasını, vəzifə təyinatlarında necə irəliləməsini daim izləyirdi və çalışırdı ki, yüksək vəzifəli sovet zabitləri arasında Azərbaycan zabitləri də olsun.
Müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı qarantı olan indiki güclü Azərbaycan Ordusu xalqımızın Ümummilli lideri Heydər Əliyevin şah əsərlərindən biridir. Müstəqil Azərbaycana rəhbərliyi dövründə ordumuzun qüdrətlənməsi üçün peşəkar zabitlərə olan ehtiyacın ödənməsini önə çəkən Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində bir neçə il ərzində ölkəmizin hərbi məktəbləri müasir standartlara üyğun olaraq yenidən quruldu. Bünövrəsi illər əvvəl Heydər Əliyev tərəfindən qoyulan Cəmşid Naxçıvanski adına hərbi liseydə dənizçilər, təyyarəçilər, komandirlərlə birlikdə sabahın yüksək hazırlıqlı, dünyagörüşlü Azərbaycan zabitləri də hazırlandı.
Ulu Öndər deyirdi: “Biz müstəqil dövlətik, Müstəqil dövlətin özünəməxsus qüdrəti olmalıdır. Bu qüdrətin əsasını xalq və onun bir hissəsi olan ordu təşkil edir. Mən əminəm ki, bizim ordumuz bu gün Azərbaycanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə qarşı yönəldilmiş hər hansı qəsdə layiqli cavab verməyə hazırdır”.
Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu sahəsindəki başladığı şərəfli işlər onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Artıq qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik olan ordumuz vardır. Ali Baş Komandanın əzmkar və uzaqgörən siyasəti nəticəsində məhz bu qüdrətli ordumuz igidlik, peşəkarlıq və cəsarət göstərərək 44 günlük Vətən müharibəsində müqəddəs Vətən torpaqlarımızı 30 illik düşmən işğalından azad etdi.
Bununla da, Ulu Öndər Heydər Əliyevin ənənələri üzərində formalaşan Azərbaycan ordusunun gücünü bütün dünya gördü.
Bu gün də Azərbaycan əsgəri dövlətin qayğısını hər zaman üzərində hiss edərək və xalq dəstəyindən güc alaraq torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanır. Hər bir vətəndaşımız indi rahat, sabitlik şəraitində yaşayır və Azərbaycan əsgərinə güvənərək öz gündəlik fəaliyyəti ilə məşğul olur. Xalqımızın ordumuzu güvənc yeri bilməsi vətəndaşlarımızın əsgərlərimizə sevgi və ehtiramının göstəricisidir. Göründüyü kimi, əldə olunan uğurların, qazanılan zəfərlərin arxasında xalq-ordu birliyi dayanır. Deməli, nə bu gün, nə də gələcəkdə heç bir düşmən əli bu torpaqlara uzana bilməz.
Zaman ötdükcə, nəsillər dəyişdikcə möhkəmlənən, inkişaf edən və qalib Azərbaycan Ordusu Heydər Əliyevin adını və əməllərini daim yaşadacaqdır.
Maştağa qəsəbəsi, 28 №-li tam orta məktəbin
tarix müəllimi Fəridə Məmmədova