Ulu Öndərimiz Heydər Əliyevin siyasi dühasının nəticəsi olan “Əsrin müqaviləsi”nin imzalanması yeni müstəqillik qazanan ölkəmizin gələcək dayanıqlı inkişafına da öz töhvəsini verməkdədir

Ulu Öndərimiz Heydər Əliyevin siyasi dühasının nəticəsi olan “Əsrin müqaviləsi”nin imzalanması yeni müstəqillik qazanan ölkəmizin gələcək dayanıqlı inkişafına da öz töhvəsini verməkdədir
Bakıda may ayının 31-də 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışı oldu. Açılışda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış etdi. Çıxışında Cənab Prezident İlham Əliyev bildirdi ki, 1994-cü ildə ilk dəfə neft və qaz sərgisinin keçirilməsi sonrakı dövrlər üçün bir başlanğıc oldu. Həmin il “Əsrin müqaviləsi”nin imzalanması da bu başlanğıcın zəruri davamı idi. Nəzərə alsaq ki, onda Azərbaycanın dövlət müstəqilliyi cəmi üç il idi bərpa olunmuşdu, onda bu müqavilənin imzalanmasının əhəmiyyətinin nə olduğu daha əhatəli bilinər. Azərbaycanda vətəndaş qarşıdurması yaranma ərəfəsində, Azərbaycanın torpaqlarının işğal edilməsi dövründə belə bir müqavilənin bağlanması dövlətin iqtisadi dayanıqlığını təmin edirdi. Neft kəmərləri, infrastrukturu olmayan bir ölkə üçün belə bir müqavilə dövlətçiliyin möhkələndirilməsində olduqca mühüm əhəmiyyətə malik oldu. O zaman Azərbaycan olduqca riskli bir məkan sayılırdı, müstəqilliyini yeni əldə etmişdi və bir çox insan Azərbaycan haqqında məlumata malik deyildi, ölkəmizin harada yerləşdiyini bilmirdi və ölkəmiz keçid dövründə idi, sovet sistemindən bazar iqtisadiyyatına keçid dövrünü yaşayırdı.
"Əsrin müqaviləsi"nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradıldı və təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birgə işlərə başlandı. Bu saziş sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması üçün yol açdı. "Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olmuşdur. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları qoyuluşunun 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldilmişdir. Göründüyü kimi Ulu Öndərimiz Heydər Əliyevin siyasi dühasının nəticəsi olan “Əsrin müqaviləsi”nin imzalanması yeni müstəqillik qazanan ölkəmizin gələcək dayanıqlı inkişafına da öz töhvəsini verməkdədir.

Sabunçu qəsəbəsi, 68 N-li tam orta məktəbin
direktor müavini Asiman Paşayev


Oxşar xəbərlər