1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin kontraktı” ölkəmizin inkişafında növbəti bir dönüş nöqtəsi idi

1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin kontraktı” ölkəmizin inkişafında növbəti bir dönüş nöqtəsi idi 10 may 2023 tarixində cənab prezidentimiz İlham Əliyev Ulu öndər Heydər Əliyevin 100 illiyi münasibəti ilə Şuşa şəhərində çıxış etmişdir. İlham Əliyev çıxışı zamanı Ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişafında göstərdiyi misilsiz xidmətləri barədə də məlumat vermişdir.
Ulu öndər Heydər Əliyevin Azərbaycanın iqtisadi inkişafında atdığı ən böyük addımlardan biri də “Əsrin müqaviləsi” sazişinin bağlanmasıdır. 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” ölkəmizin inkişafında növbəti bir dönüş nöqtəsi idi. 1994-cü il sentyabrın 20-də müstəqil Azərbaycanın həyatında tarixi hadisə baş verdi. “Azəri-Çıraq-Günəşli” dəniz neft-qaz yataqları blokunun kəşfiyyatı və işlənməsi üzrə “Əsrin müqaviləsi” imzalandı. Bakıda Qərb şirkətləri ilə bağlanmış neft sazişi yenicə müstəqillik qazanmış Azərbaycan Respublikasının yeni tarixinin şanlı səhifəsini açdı. “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın güclü iqtisadi potensialının formalaşdırılmasında müstəsna rol oynamış, regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə vermişdir.
"Əsrin müqaviləsi" Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi və 12 dekabr 1994-cü ildə qüvvəyə mindi. İlk dəfə hesablanmış çıxarılabilən neft ehtiyatı 511 milyon ton olmuş, sonralar qiymətləndirici quyuların nəticələrinə görə bu ehtiyat 730 milyon tona çatmışdır və bununla əlaqədar yataqların işlənilməsinə tələb olunan sərmayə xərcləri 11,5 milyard ABŞ dolları qəbul edilmişdir; ümumi təmiz gəlirdən Azərbaycanın payına 80%, sərmayəçilərin payına 20% düşür.
“Əsrin müqaviləsi” Azərbaycanın siyasi və iqtisadi qüdrətini artıraraq, sonrakı illərdə onun təşəbbüsü və liderliyi ilə regionun və Avropanın enerji təhlükəsizliyini təmin edəcək neçə-neçə yeni transmilli enerji və nəqliyyat layihələrinin həyata keçirilməsinə şərait yaratmışdır. Qeyd edilməlidir ki, 2010-cu ildə “Ümid” və “Babək”, 2011-ci ildə isə “Abşeron” yatağında böyük qaz ehtiyatları aşkar edildikdən sonra, nəhəng “Şahdəniz” qaz yatağı da nəzərə alınmaqla Azərbaycanın təsdiq olunmuş təbii qaz ehtiyatı 2,6 trilyon kubmetrə kimi artmışdır. Bu isə o demək idi ki, Azərbaycan təkcə neft deyil, həm də yaxın gələcəkdə dünyanın böyük həcmdə qaz ixrac edən əsas ölkələrindən birinə çevrilmək potensialına malikdir.
Əminliklə demək olar ki, yaxın gələcəkdə Cənub Qaz Dəhlizi Azərbaycan iqtisadiyyatının inkişafında mühüm amilə çevrilərək, ölkəmizin regionda və Avropada geoiqtisadi əhəmiyyətini bir qədər də artıracaq, Avropanın enerji təchizatının şaxələndirilməsində və enerji təhlükəsizliyinin təmin olunmasında ciddi faktora çevriləcək. Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycan fəal və məqsədyönlü enerji diplomatiyası yürüdərək, öz tərəfdaşları ilə birlikdə nəinki regionun, həm də Avrasiyanın enerji xəritəsini yenidən tərtib etməyə nail olmuşdur.
2017-ci il dekabrın 23-də SOCAR-la BP-nin əməliyyatçısı olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən AÇG yatağındakı işlərin davam etdirilməsi üçün Niyyət Protokolu imzalandı və bununla da “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzadıldı. Yeni müqaviləyə əsasən SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırıldı. Həmçinin beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Dövlət Neft Fonduna 3.6 milyard dollar bonus ödəmək barədə öhdəlik götürdülər.
“Əsrin müqaviləsi”nin imzalanması Ulu öndər Heydər Əliyevin müstəsna xidməti idi. Azərbaycanın bu gün beynəlxalq miqyasda uğurlu model kimi qəbul edilən davamlı inkişaf strategiyasının əsası da məhz “Əsrin müqaviləsi” ilə qoyulub. “Əsrin müqaviləsi” Heydər Əliyevin bu günkü və sabahkı nəsillər qarşısında tarixi xidmətidir.


Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
coğrafiya müəllimi Ceyhun Sadizadə

Oxşar xəbərlər