Azərbaycana yaxın tərəfdaş ölkələrdən biri də İsrail dövlətidir. Azərbaycan- İsrail xalqlarının dostluq ənənələri qədim köklərə malikdir. Azərbaycanın xarici siyasətində dünya ölkələri ilə qarşılıqlı etimada əsaslanan bərabəhüquqlu münasibətlərin qurulması prioritetdir. İsrail 1992-ci il aprelin 7-də Azərbaycanın müstəqilliyini tanıyıb sonraki illərdə istər Ulu Öndər Heydər Əliyev, istərsə də Cənab Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə Azərbaycan-İsrail arasında siyasi, iqtisadi, mədəni və hərbi sahələrdə sıx əlaqələri yaranıb və bu münasibətlər tərəfdaşlıq, dostluq münasibətlərinə qədər yüksəlib. 1993-cü ildə İsrailin Azərbaycanda səfirliyinin açılması ölkələrimiz arasında əlaqələrin daha da yüksəlməsinə təkan verdi.
Prezident İlham Əliyev cari ilin 30 may tarixində İsrail Dövlətinin Prezidenti İsxak Hersoqu qəbul edib. Dost dövlətlərin prezidentləri müzakirə zamanı mühüm məsələlərə toxunaraq cari ildə İsraildə Azərbaycan səfirliyinin açılacağını bəyan etdilər. Bu hadisə əməkdaşlıq əlaqələrimizin tarixində əlamətdar hadisə olacaq, əlaqələri daha yüksək səviyyəyə qaldıracaq və eyni zamanda, daha sıx qarşılıqlı tərəfdaşlıq üçün geniş imkanlar yaradacaq. İsrail Azərbaycan Respublikasının əsas ticarət tərəfdaşlarından biridir. İsrail-Azərbaycan arasında ticarət dövriyyəsi 1.7 milyard ABŞ dollarından çoxdur. Uzun illərdir ki, Azərbaycan İsrailə xam neftin etibarlı təchizatçısı olmaqda davam edir və bu da enerji sahəsində sıx əməkdaşlığı nümayiş etdirir. Müzakirələr zamanı İsrail dövləti ilə kibertəhlükəsizliklə bağlı əməkdaşlıq, kənd təsərüfatı sahələri üzrə yeni layihələrin icrasını birgə həyata keçirmək, İsrailin müsbət təcrübəsindən istifadə etmək və ixrac bazarını şaxələndirmək niyyəti ifadə olundu. Danışıqlar zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun iştirakı ilə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı” imzalanıb.
Azərbaycan tarix boyu müxtəlif xalqlara ev sahibliyi edib. Bu xalqlardan biri də yəhudilərdir. Bizim coğrafiyada, Azərbaycan türkləri ilə Yəhudilərin bir yerdə yaşamaq tarixi yüzilliklər öncə mövcud olmuş Alban dövlətinə qədər uzanır. Prezident İlham Əliyev Azərbaycandakı yəhudi icmasını ölkəmiz üçün böyük sərvət adlandırıb. Azərbaycanda yaşayan yəhudi qardaşlarımız ölkəmizin ərazi bütövlüyü uğrunda azərbaycanlılar ilə birgə çiyin-çiyinə vuruşub, Yəhudi icamasının üzvləri Azərbaycan vətəndaşları ölkəmizin müasir inkişafına çoxlu töhfələr vermişlər. Azərbaycandakı yəhudilər həmişə cəmiyyətimizin fəal və mötəbər hissəsi olmuşlar və bu gün də belə olmaqda davam edirlər.
Bakıxanov qəsəbəsi, 80 saylı tam orta məktəbin
tarix müəllimi Aytən Sərdarlı