Tarix zaman-zaman görkəmli şəxsiyyətlər yetişdirir. Lakin onların bəziləri müəyyən dövrlərdən sonra unudulur, yaddan çıxır. Ulu Öndər Heydər Əliyev kimi fenomenlər tarixin nadir hadisələrindəndir. Ulu öndərimiz Heydər Əliyev öz siyasi fəaliyyəti və çoxcəhətli zəngin həyat yolu ilə xalqımızın yaddaşında əbədi ömür qazanmışdır. O, nəinki mənsub olduğu xalqın, eləcə də bütün dünyanın şəxsiyyətinə böyük hörmət bəslədiyi bir lider kimi tanınırdı. Tarixdə belə mövqe qazanmaq çox az şəxsiyyətlərə müyəssər olur.
Heç şübhəsiz ki Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur.
O, 1993-cü ildə xalqın təkidi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın dövlət və ordu quruculuğunda yeni bir mərhələnin təməli qoyuldu. Fitri sərkərdəlik istedadı, hərbi işin incəliklərinə peşəkar yanaşma müdrik Ali Baş Komandana qısa vaxt ərzində ordu quruculuğu kimi mürəkkəb bir problemi uğurla həll etməyə, Azərbaycan ordusunu yenidən elmi-nəzəri əsaslar üzərində qurmağa imkan verdi. Tezliklə orduda vahid rəhbərlik prinsipi bərqərar edildi, hərbi intizamın möhkəmləndirilməsi, hərbi hissələrin siyasiləşmiş qüvvələrdən, qeyri-peşəkar ünsürlərdən təmizlənməsi istiqamətində uğurlu addımlar atıldı.
Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu siyasətinin təməl prinsiplərindən biri və bəlkə də ən başlıcası xalqla ordunun vəhdəti, yekdilliyi prinsipdir. Tədqiqatçılar haqlı olaraq, 1993-cü il noyabrın 2-də onun radio və televiziya ilə xalqa müraciətini ictimai şüurda yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirirlər. Ulu Öndərin həmin müraciəti ilə xalqımıza hava və su kimi lazım olan milli birliyin, həmrəyliyin əsası qoyuldu və hamı bir nəfər kimi öz xilaskarının ətrafında birləşməyə başladı. Xalqın milli mənlik şüurunun oyanmasında, orduya itirilmiş inamın bərpa olunmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur.
Ulu Öndər Heydər Əliyev ordumuzun problemlərini daim diqqət mərkəzində saxlayır, onun döyüş və mənəvi-psixoloji hazırlıq səviyyəsini yüksək qiymətləndirir, eyni zamanda Silahlı Qüvvələrimizin daha da möhkəmləndirilməsi, xüsusi ilə də ordumuz üçün hərbi kadrlar hazırlayan hərbi təhsil sisteminin modernləşdirilməsi üçün mühüm tədbirlər görürdü.
Bu gün Azərbaycan xalqı öz ərazi bütövlüyünü təmin etmiş qalib bir xalq olmağının qururunu yasayırsa, bunun üçün ilk öncə Ulu Öndər Heydər Əliyevə və onun irsini uğurla davam etdirəncənab Prezident İlham Əliyevə minnətdardır!!!
Zabrat qəsəbəsi, 71 saylı tam orta məktəbin
təlim tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova