"Biz bu gün doğma Qarabağ torpağında, doğma Zəngəzur torpağında dayanmışıq və burada əbədi yaşayacağıq". Bu sözləri martın 18-də Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində Azərbaycan xalqına müraciətində söyləyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan xalqı haqlı olaraq qürur hissi ilə yaşayır: "Bizim hər birimiz, xaricdə yaşayan azərbaycanlılar da daxil olmaq şərtilə iki il yarım müddət ərzində qürur hissi ilə yaşayırıq. Hər kəsə, bütün dünyaya sübut etmişik ki, böyük xalqıq və ərazi bütövlüyünü öz gücümüzə bərpa edən ölkə kimi bundan sonra da ancaq və ancaq irəliyə gedəcəyik. Necə ki, Vətən müharibəsində 44 gün ərzində irəliyə getmişiksə, müharibə başa çatandan sonra bütün sahələr, bütün istiqamətlər üzrə irəliyə gedirik və gedəcəyik".
Tədbirin ən yaddaqalan məqamları həm cənab Prezidentin, həm də Birinci Vitse-Prezidentin otuz ildən sonra öz ata-baba yurduna qayıtmış kənd sakinlərinin sevincinə şərik olduqları məqamlar idi. Şəxsən mən bir vətəndaş kimi həmin səhnələrdəki səmimiyyətdən məmnun oldum. Bəli, məmnunluq gətirən məqamdır. Məkrli havadarları Ermənistan rəhbərliyini yeni təxribatlara sövq etməyə çalışsalar da, erməni xalqı, xüsusən, Avropada yaşayan xalqlar Azərbaycanla Ermənistanın fərqini anlayırlar. Əsas məqamlardan biri də builki Novruzu Qələbədən sonra qeyd etdiyimiz iki bayramdan fərqləndirən başqa bir cəhət isə təbii sərvətlərimizi talan edən düşmənin qarətçi əməllərinə etiraz edən ekofəallarımızın təşkil etdiyi təntənə idi. Doğrusu, mən fikirləşirdim ki, biz evdə oturub bayram edəndə gecəli-gündüzlü ayaq üstdə olan həmin gənclər bayram edə bilməyəcəklər. Çox şükür ki, onların bayramı daha şən, daha şux, daha əlamətdar oldu. Bu fakt onların tərcümeyi-halına yazıldı.
Zabrat qəsəbəsi, 71 saylı tam orta məktəbin
fizika müəllimi Afaq Nəbiyeva