Bu gün işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Azad Qarabağ, azad Zəngəzur cənnət məkana çevrilir. Mart ayının 18-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Arzu Əliyevanın Novruz bayramı ərəfəsində Tərtər rayonunun Talış kəndinə səfərlərinin, Novruz tonqalını bu azad məkanda alovlandırmalarının böyük rəmzi mənası var. Möhtərəm Prezidentimizin Talış kəndindən Novruz bayramı münasibətilə Azərbaycan xalqına müraciətində bəyan etdiyi kimi, biz bu gün doğma Qarabağ, doğma Zəngəzur torpağında dayanmışıq və burada əbədi yaşayacağıq. Xarici ölkələrdə yaşayan azərbaycanlılar da daxil olmaqla hər birimiz son iki il yarımda sonsuz qürur hissi keçiririk. Bu müddətdə hər kəsə, bütün dünyaya sübut etmişik ki, böyük xalqıq və ərazi bütövlüyünü öz gücünə bərpa edən ölkə kimi bundan sonra da ancaq və ancaq irəliyə gedəcəyik. Necə ki, Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində irəliyə getmişdiksə, savaş başa çatandan sonra da bütün sahələr və istiqamətlər üzrə irəliyə gedirik və gedəcəyik. Artıq üçüncü ildir ki, xalqımız hər bir tarixi hadisəni, bayramı Qələbə ovqatı ilə, Zəfər ruhunda qeyd edir. Ermənistanın 30 il davam edən işğalı dövründə Prezident İlham Əliyevin xalqımıza bayram təbriklərində bu amal, arzu xüsusi vurğulanırdı ki, işğal altındakı torpaqlarımız tezliklə azad ediləcək, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar. Həmin günün uzaqda olmadığı bildirilərək, belə bir əminliyi şərtləndirən amillər də diqqətə çatdırılırdı. Artıq işğal altında olan torpaqlarımız dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli Ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində azadlığına qovuşub, bu ərazilərdə yeni həyat başlayıb.
Şanlı Zəfərimizdən sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə davamlı səfərləri Böyük Qayıdışın tam şəkildə başa çatacağı günü daha da yaxınlaşdırır. Erməni tapdağından 2020-ci il oktyabrın 3-də azad edilən Talış kəndində qısa müddətdə həyata keçirilən bərpa-quruculuq işləri göz önündədir. Kənddə fərdi evlərdə aparılan təmir-bərpa işləri ilə tanışlıq zamanı dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, birinci mərhələdə 20 ev bərpa edilib və yenidən qurulub. Böyük Qayıdış Proqramı çərçivəsində martın 16-da Tərtər rayonunun Talış kəndinə ilkin mərhələdə Bakı, Bərdə, Tərtər, Samux və Goranboyda əsasən ağır şəraitdə, qəzalı vəziyyətdə olan müvəqqəti məskunlaşma yerlərində yaşayan 20 ailə köçürülüb. Bu kəndə ümumilikdə 180-ə yaxın ailənin qayıtması nəzərdə tutulub. Dövlətimizin başçısı 2021-ci ildə Novruz tonqalını işğaldan azad edilmiş Şuşada, ötən il Suqovuşan qəsəbəsində, bu il isə Talış kəndində alovlandırdı. Bu, xalqımız üçün böyük xoşbəxtlikdir. Xalqımız bu sevincli anları 30 illik işğal dövründə səbirsizliklə gözlədi və bu unudulmaz anları yaşayacağına əmin idi.
Prezident İlham Əliyevin Talış kəndinə səfəri zamanı xalqa müraciəti Ermənistana və ona havadarlıq edən ölkələrə mesajlarla zəngindir. Bu günümüzün əsas çağırışı Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasıdır. Müzəffər Ali Baş Komandan bir daha bəyan etdi ki, əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun nəticəsi nə olacaq, bunu Ermənistan və onun arxasında duran riyakar ölkələr yaxşı bilməlidirlər. Onlar yaxşı bilməlidirlər ki, bizə qarşı heç bir çirkin plan həyata keçməyəcək. İşğal, müharibə, postmüharibə reallıqları sülh danışıqlarında öz əksini tapmalıdır və tapacaq. Əks təqdirdə, heç bir sülh müqaviləsi olmayacaq. Əgər sülh müqaviləsi Ermənistana lazım deyilsə, bizə də lazım deyil.
Aynur Əsgərova,
Salyan şəhər 2 saylı tam orta məktəbin direktoru, YAP fəalı