Azərbaycan xalqı 30 illik həsrətdən sonra Qarabağda qəhrəman bir savaşla tarixi zəfər qazandı. Mənfur düşmənə qələbəylə layiq olduğu cavabı verdi. Sentyabrın 27-dən başlayan 44 günlük müharibədə qazandığımız qələbə nəticəsində düşmənin 1980-ci illərin sonlarında yeritdiyi təcavüzkar siyasətə son qoyuldu. Müharibə dövründə biz sadəcə ordumuzun gücünü deyil, həm də xalqımızın birlik olduğunu göstərdik. Azərbaycan xalqı yalnız döyüşlərdə deyil, doğruların dünyaya çatdırılmasında da bir yumruq altında birləşdi. Azərbaycanın qəhrəman oğulları böyük şücaət göstərərək və öz qanları ilə doğma torpaqlarımızı işğalçılardan azad etdi. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində mənfur düşmənin ordusunu məhv edərək ərazi bütövlüyümüzü bərpa etdi. 10 noyabrda imzalanan kapitulyasiya aktına görə Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada qaldırıldı. Artıq Dağlıq Qarabağ yoxdur. Azərbaycan xalqı birlik olaraq bu münaqişəni həll etdi, düşməni qovdu. Öz dədə-baba torpaqlarından didərgin salınan xalqımızın torpaq həsrəti bitdi. Düşmən güman edirdi ki, bu dağıntılardan sonra azərbaycanlılar bir də o yerlərə qayıtmayacaq. Səhv etdilər! Azərbaycan xalqı 30 ildir doğma torpaqlarına qovuşmaq arzusu ilə yaşayır, Qarabağla nəfəs alırdı. Prezidentimiz işğaldan azad olunmuş Füzuli və Ağdam şəhərlərinə səfər edərkən Qarabağla bağlı gələcək planlarını açıqladı. Bəyan etdi ki, bütün şəhər və kəndlər baş plan əsasında bərpa olunacaq. Vətəndaşların doğma yurda qayıtması üçün dövlət tərəfindən lazımi kömək göstəriləcək. Artıq Füzulidən Şuşaya yeni yolun çəkilişinə, Suqovuşan və Talış kəndlərinə gedən tarixi yolların bərpasına başlanıb. İkinci Qarabağ müharibəsi bölgədə yeni reallıq yaradıb. Zaman-zaman başı üstündən tufanlar əsmiş gözəl Qarabağımız böyük ümidlə gələcəyə boylanır. Şuşa, Ağdam məscidində 27 ildən sonra yenə azan səsi eşidilir, “Qarabağ şikəstəsi” Qarabağ torpağında səslənir. O yerlərə 30 ildən sonra həyat qayıdır, o torpaqların yeni dövranı başlayır... Bu qələbəylə bütün dünya Qarabağın beynəlxalq hüquq baxımından da Azərbaycanın olduğunu gördü. 44 günlük müharibə bizim şanlı tariximizdir.
Bakıxanov qəsəbəsi, 107 saylı tam orta məktəbin
laborantı Namazova Elnarə
Bakıxanov qəsəbəsi, 107 saylı tam orta məktəbin
laborantı Namazova Elnarə