Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 fevral 2023-cü il tarixində Rumıniya prezidenti Klaus Yohannisin Azərbaycana səfəri ilə əlaqədar verdiyi bəyanatda qeyd olunur ki, hər iki ölkə arasında siyasi əlaqələr fəaldır və hər iki ölkə üçün önəmli olan məsələlər müzakirə olunub. Görüşdə siyasi əlaqələrin çox yüksək səviyyədə olduğu və qarşılıqlı səfərlərin bunu bir daha sübut etdiyi nəzərə çatdırılıb. Ancaq ticarət əlaqələrinin iki dəfədən çox artmış olmasına baxmayaraq bunun hələ də istənilən səviyyədə olmadığı və bu əlaqələrin artması üçün əlavə addımların atılmalı olduğu bildirildi. Buna səbəb olaraq dövriyyənin böyük bir qisminin Rumıniyaya ixrac olunan xam neftdən ibarət olması diqqətə çatdırıldı.
Energetika sahəsində də sıx əməkdaşlığın vacibliyi təkcə iki ölkə arasında əlaqələr üçün yox, həmçinin dünya miqyasında ən aktual mövzulardan biridir. Azərbaycanın neft şirkəti olan SOCAR-ın Rumıniyada uzun illərdir fəaliyyət göstərməsi, 70-dən çox yanacaqdoldurma məntəqəsinin olması SOCAR-ın Rumıniyada fəaliyyətinin yüksək səviyyədə olduğunun bariz göstəricisidir. Artıq sadəcə Azərbaycan neftinin yox, həmçinin qazının da Rumıniyaya çatdırılması yeni saziş əsasında tənzimlənəcək və bununla Azərbaycan qazının digər Avropa ölkələrinə çıxışı olacaq. Bu bir daha sübut edir ki, Azərbaycan qaz ixracatını sürətlə artırır. Keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Strateji Tərəfdaşlıq Memorandumu artımın bariz nümunəsidir. Görüşdə yaşıl enerji ilə bağlı Buxarestdəki layihənin böyük sərmayə tələb etməsinə baxmayaraq önəmi, hətta iki dənizi birləşdirən layihə olması diqqətə çatdırıldı. Sonda isə nəqliyyat sahəsinin də ən vacib məsələlərdən biri olması, bununla bağlı əməkdaşlığın dərinləşməsinin vacibliyi də deyildi.
Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin
İngilis dili müəllimi Röya Məmmədli