Əli Hüseynov: 2023-cü il yeniliklər ilə zəngin il olacaq

Əli Hüseynov: 2023-cü il yeniliklər ilə zəngin il olacaq Ağsu Rayon Mərkəzi Xəstəxanasının direktoru Əli Hüseynov - Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına geniş müsahibə verib, media nümayəndələrinin suallarını cavablandırıb. Bir çox vacib məqamlara toxunan ölkə başçısı ictimaiyyəti Azərbaycanın siyasi xətti, atdığı və atacağı addımlar haqqında məlumatlandırıb, qarşıda duran prioritetlərdən bəhs edib.

Prezident Davos İqtisadi Forumu, təhlükəsizlik xarakterli Münxen və digər beynəlxalq tribunalar kimi Cənubi Qafqazda da bu cür diplomatik, siyasi və ümumiyyətlə regionun gələcəyi ilə bağlı daimi model yaradır. Dövlətimizin başçısı müsahibə verdiyi gün İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyan da media təmsilçiləri ilə görüş keçirmişdi və orada söylənən hər bir tezis Ermənistanın təhlükəsizliyinə zərbə vurmaqda idi.

İkinci Qarabağ müharibəsindən sonrakı vəziyyətə və prioritetlərə xüsusi əhəmiyyət verən Prezident İlham Əliyev əsas vəzifəmizin şanlı hərbi Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək olduğunu vurğuladı. Artıq müharibədən iki il keçəndən sonra tam əminliklə demək olar ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib. Azərbaycan bölgədə və dünyada etibarlı və ciddi tərəfdaş kimi tanınır.

Dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Bu qətiyyətin təməlində isə bizim həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır.

Müharibənin bitməsi mübarizənin də dayandığı anlamına gəlməməlidir. Vətən müharibəsindən sonra Azərbaycan siyasətinə olan müsbət münasibət daha da artdı.

Prezident İlham Əliyev müsahibəsində hər bir ölkənin inkişafında əsas amil olan iqtisadi tərəqqiyə diqqət çəkdi. Ölkəmizin iqtisadi və sosial siyasətinin biri-birini tamamladığını qeyd edən dövlətimizin başçısı islahatların davamlılığının ölkənin dayanıqlı inkişafının əsası olduğunu bildirdi.

Ölkə başçısının media nümayəndələri ilə bölüşdüyü önəmli mesajlara diqqət edərək söyləyə bilərik ki, bu il ölkəmizdə hələ 2022-ci ildə bir sıra sahələrdə tam gerçəkləşdirilməmiş layihələr tamamlanacaq. Kəlbəcərdən Zəngilanadək qayıdış üçün addımlar atılacaq, Böyük Qayıdış yalnız Ağalı kəndi üzərindən deyil, daha böyük miqyasını artıracaq. 2023-cü il islahatlar, iqtisadi və siyasi yüksəlişlər, yeniliklər, tamamlanmamış layihələrin işıq üzü görəcəyi, düşünülmüş və uzaqgörən siyasətin nəticəsində məhsuldarlıqla seçiləcək bir il olacaq. Çünki 2023-cü ilin ilk müsahibəsində Prezident ölkəmizdə aparılan islahatlar, dövlət idarəetmə sistemində yeni idarəetmə modelinin tətbiq olunacağının anonsunu da verdi. Qarabağ və Zəngəzurda tətbiq edilən yanaşmanın müsbət təzahürlərindən bəhs edən dövlətimizin başçısı bunun bütün ölkə üzrə həyata keçiriləcəyini bildirdi. İlham Əliyev qeyd etdi ki, üzərində işlər aparılan yeni idarəetmə modeli formalaşdırılarkən kadr potensialı önəmli rol oynayacaq.

Azərbaycan dövləti iqtisadi cəhətdən günü-gündən inkişaf edir, güclənir, hər hansı bir kənar dəstək olmadan müstəqil şəkildə öz problemlərini özü həll edir. Yəni Azərbaycanın digər beynəlxalq təşkilatlardan, hansısa bir ölkədən aslılığı yoxdur. Bu da imkan verir ki, Azərbaycan müstəqil siyasətini öz dövlət maraqlarına, öz milli maraqlarına uyğun şəkildə aparsın. Prezidentimizin də qeyd etdiyi kimi, ölkəmizin yerini düzgün seçməliyik, qarşıya qeyri-real xülyalarla dolu hansısa bir hədəf qoymamalıyıq. Bizim real maraqlarımız təmin edilməlidir. Maraqları təmin etmək üçün bizdə imkanlar var, həm siyasi, həm iqtisadi, həm hərbi, həm diplomatik, istənilən imkanlar var. Biz öz gücümüzdən çox ehtiyatla istifadə edirik. Uzun məsafəyə qaçan atletlər adətən öz qaçış tempini elə nizamlayırlar ki, nəticədə birinci olsunlar.

Oxşar xəbərlər