Azərbaycan etibarlı tranzit ölkəsi olduğunu təsdiqləyir

Azərbaycan etibarlı tranzit ölkəsi olduğunu təsdiqləyir Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirakı, Forum çərçivəsində keçirdiyi görüşlər kifayət qədər uğurludur. Davos Forumu Azərbaycanın inkişafını, imkanlarını dünyaya təqdim etmək baxımından mühüm platformadır. Forumun proqramı dünyanın ən aktual problemlərinin həlli üçün dövlət və özəl sektoru tərəfdaşlığa, dünya liderlərini enerji, iqlim və ticarət sahələrində birgə işləməyə çağırır. Budəfəki forumda müdafiə tədbirlərini proaktiv, uzaqgörən siyasətlərə və biznes strategiyalarına çevirmək yollarının tapılması diqqət mərkəzindədir. Qlobal problemlərin müzakirə olunduğu və dünyanın iqtisadi həyatında önəmli qərarların verildiyi Dünya İqtisadi Forumuna Prezident İlham Əliyevin növbəti dəfə dəvət olunması dövlətimizin başçısının beynəlxalq aləmdəki yüksək nüfuzunun daha bir göstəricisidir. Yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında iştirak edən Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq.
Böyük tranzit imkanları olan ölkə kimi Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. Yaxın gələcəkdə yükaşırma qabiliyyəti 15 milyon ton olan Ələt Dəniz limanı 25 milyon tona qədər genişlənəcək və artıq bunun üçün vəsait ayrılıb. Bununla əlaqədar hazırda Mərkəzi Asiyadan böyük həcmdə yükün istiqamətinin dəyişilməsi müşahidə olunur. Bu ildən etibarən neftin tranzitini təkcə Türkmənistandan yox, Qazaxıstandan da etməyə başlanılıb.
2021-ci ildə Azərbaycanın Avropa bazarına təbii qaz ixracı təqribən 8 milyard kubmetrdən çox idi. Bu il ixrac ən azı 11,6 milyard kubmetr olacaqdır. Ümumi həcm isə 24 milyard kubmetrdir. Ötən yay Avropa Komissiyası və Azərbaycan arasında imzalanmış anlaşma memorandumunda bizim 2027-ci ilə qədər təchizatı iki dəfə artıracağı nəzərdə tutulur. Avropa İttifaqına təchizat minimum 20 milyard kubmetr səviyyəsində olacaqdır. Bunun üçün Avropada daha çox interkonnektorlar olmalıdır. Onlardan biri - Yunanıstan-Bolqarıstan interkonnektoru keçən ilin sonlarında açılmışdır. Bu, bizə Bolqarıstana və bu ildən etibarən Rumıniyaya təbii qazı təchiz etməyə başlamaq imkanını verdi.
“Masdar”la imzalanmış razılaşma külək və günəş enerjisi hasilatını 2027-ci ilədək 4 qiqavat və 2037-ci ilədək 6 qiqavat artıracaq. “Fortescue FutureIndustries”lə imzalanmış Anlaşma Memorandumuna əsasən 12 qiqavatadək hasilat üçün Azərbaycana investisiya yatırılacaq. Bu istiqamətdə işlər davam edir və ölkəmiz üçün yeni perspektivlər açılır.
Səriyyəxanım Səfərova - 7 saylı Birləşmiş Şəhər xəstəxanasının baş həkimi


Oxşar xəbərlər