Azərbaycanı yolu bağlamaqda ittiham edirlər. Bizə bu ərazidə sülhməramlılar mane olur. Aksiyaçılar tələb edirlər ki, təbii sərvətlərin qanunsuz istismarı və daşınmasına son qoyulsun. Rusiya sülhməramlılarının postlarında Azərbaycanın aidiyyəti qurumlarının əməkdaşları da olsunlar və onlarla birgə xidmət aparsınlar. Azərbaycan ictimaiyyəti Laçın yolunda etiraz aksiyaları keçirməklə suveren ərazilərimizdə fəaliyyət göstərən separatçı cinayətkarlara qarşı sərt və barışmaz mövqe nümayiş etdirir. Bu etirazlar həm beynəlxalq dairələrə, həm də Qarabağdakı pozucu, talançı qüvvələrə ciddi mesajdır. Azərbaycan ərazilərində ekoloji terror törədilməsi, təbii ehtiyatlarımızın ermənilər tərəfindən talan edilməsi dərhal dayandırmalıdır. Ermənistan 30 illik işğal dövründə Azərbaycanın təbii sərvətlərini qanunsuz olaraq istismar edib. Bu talançılıq hazırda da davam edir. Rusiyalı sülhməramlıların bu əməllərə göz yumması təəssüf doğurur. Bu durum Azərbaycan xalqı tərəfindən haqlı olaraq hiddətlə qarşılanır və böyük etirazlara səbəb olur. Son 4 gündə Laçın dəhlizinin Şuşa ərazisindən keçən hissəsində baş tutan dinc etiraz aksiyası bunun əyani sübutudur. Azərbaycan ictimaiyyətinin nümayəndələri bu etirazla bir daha dünyanın diqqətini Qarabağa yönəldir, ölkəmizə haqq-ədalət tələb edir.
Azərbaycan dövləti hələlik məsələ ilə bağlı böyük səbir və təmkin nümayiş etdirir. Əgər vəziyyət bu cür davam edərsə, dövlətimiz daha sərt və qətiyyətli tədbirlər görmək məcburiyyətində qalacaq. Biz haqq, ədalət, ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə hörmət edilməsini tələb edirik. Əminliklə demək olar ki, Azərbaycan bu dəfə də haqlı istəyinə nail olacaq.
Ermənilər 30 il işğal altında saxladıqları ərazilərimizdə təbiətə, bioloji müxtəlifliyə, flora və faunaya, su mənbələrinə, ümumilikdə bu yerlərin ekologiyasına ciddi zərər vurmuş, beynəlxalq ekoloji cinayət törətmişdilər. Müxtəlif nadir bitki və heyvan növləri məhv edilmişdir. Ermənistanın Azərbaycana qarşı ekoloji terroru bu gün də davam etməkdədir. Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden faydalı qazıntı yataqlarının qanunsuz istismarı ciddi ekoloji fəsadlar törətməkdədir.
Vüqar Muradov-YAP Saunçu rayon təşkilatının fəal üzvü, Vətən müharibəsi qazisi