Laçın-Şuşa yolunda tutulan NOBATIN DAHA BİR HƏDƏFİ... - Ekspert danışır

Laçın-Şuşa yolunda tutulan NOBATIN DAHA BİR HƏDƏFİ... - Ekspert danışır "Laçın-Şuşa yolunda keçirilən etiraz aksiyaları dinc xarakterlidir və heç bir gərginlik ehtiva etmir". Bu sözləri "Şərq"ə siyasi şərhçi Turan Rzayev deyib. Ekspert bildirib ki, azərbaycanlıların etiraz aksiyaları keçirməsinə başlıca səbəb sülhməramlıların müvəqqəti məsuliyyət zonasında yarıtmaz fəaliyyətidir: "Məsələ ondadır ki, Azərbaycan ərazilərinin 30 il ərzində Ermənistan tərəfindən işğal altında olduğu dövrdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ölkəmizə qarşı ekoloji terror törədilib, bir çox faydalı qazıntı yataqları qanunsuz şəkildə istismar edilib. 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilərdə uzun illər qanunsuz istismar və talan edilən yataqların bir çoxunda ekoloji vəziyyət nəzarət altına alınıb. Lakin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində olan Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında qeyri-qanuni istismar davam etməkdədir. Rəsmi Bakı mövcud vəziyyətə etiraz olaraq 3 dekabr tarixində əməkdaşlarını monitorinq üçün Xankəndi ilə Şuşa şəhəri arasındakı Rusiya sülhməramlı qüvvələrinin nəzarət məntəqəsinə göndərdi. Tərəflər arasında müzakirələr 3 saat davam etsə də, nəticə əldə edilmədi. Dekabrın 3-də keçirilmiş müzakirələrin davamı olaraq, dekabrın 7-də Azərbaycanın monitorinq heyəti Xocalıda Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə görüş keçirdi. Görüşdə əldə olunmuş razılığa uyğun olaraq, 10 dekabr tarixində faydalı qazıntıların qanunsuz istismar olunduğu iki əraziyə Azərbaycan nümayəndələrinin səfər etmək cəhdinə baxmayaraq, bu səfərə maneə törədildi".
T.Rzayev bəyan edib ki, rəsmi Bakı nə torpaqlarımızın istismarına, nə də Rusiya sülhməramlılarının bu qanunsuz əmələ göz yummasına icazə verəcək: "Bunun üçün Azərbaycan tərəfi iki ciddi addım atdı. Birincisi, 10 dekabr tarixində faydalı qazıntıların qanunsuz istismar olunduğu əraziyə Azərbaycan nümayəndələrinin səfər etmək cəhdinə maneə törədilməsinə etiraz olaraq Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya nota təqdim etdi. İkincisi, Laçın-Şuşa yolunun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatları etiraz aksiyaları təşkil etdi. Bu, rəsmi Bakının son yumşaq xəbərdarlığıdır. İlin sonlarınadək erməni silahlılarının terror təxribatları və qanunsuz fəaliyyət sonlanmasa, rəsmi Bakı daha ciddi addımlar ata bilər. Söhbət “Qisas” əməliyyatı və ya bu ilin mart ayında təşkil edilən Fərrux əməliyyatına bənzər növbəti prosesin icrasından gedir. Mövcud vəziyyət dəyişməyəcəyi təqdirdə 2023-cü ildə də bənzər formada hərbi əməliyyatların keçirilməsi mümkündür".

Oxşar xəbərlər