Ağdam şəhəri işğal dövründə tamamilə dağıdılıb

Ağdam şəhəri işğal dövründə tamamilə dağıdılıb Oktyabrın 5-də BMT-nin Məskunlaşma Proqramı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu mötəbər Forumun açılış mərasimində iştirak ediblər.
Qarabağda erməni vandallarının törətdiyi vəhşiliyin miqyasını dünyaya tanıtmaq istiqamətində bu forum əvəzsizdir. Belə ki, 44 ölkədən 130-dan çox nümayəndənin qatıldığı Azərbaycan Milli Şəhərsalma Forumu Qarabağın bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün geniş perspektivlər açır. Bu görüş yeni imkan yaradacağına və şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi, həllərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün platforma rolunu oynayacağına əmin ola bilərik. Azərbaycan Milli Şəhərsalma Forumu ölkəmizdə ilk dəfə məhz Ağdam şəhərində keçirilməsi də təsadüf deyil. Ağdam şəhəri işğal dövründə tamamilə dağıdılıb. İkinci Qarabağ müharibəsi başa çatandan bəri minlərlə əcnəbi qonaq, jurnalist, siyasətçi, vətəndaş cəmiyyəti nümayəndələri azad olunmuş ərazilərə gələrək bunu öz gözləri ilə görüblər. Erməni barbarlığı və vandalizminin miqyası faktiki olaraq o qədər böyükdür ki, Azərbaycanın bu hissəsinə gələn bir çox insanlar özlərini mənəvi cəhətdən tamamilə tükənmiş hiss edirlər. Ərazilər işğaldan azad edildikdən sonra xarici ekspertlər, jurnalistlər buraya gəldilər və Ağdama bir neçə ad verdilər. Bu adlardan biri “urbisid qurbanı” idi, bu da tamamilə doğru idi. Digər ad “ruhlar şəhəri” idi, bu da tamamilə doğrudur. Biri də “Qafqazın Xirosiması” idi.
Forumdakı çıxışında Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Ağdam Birinci Qarabağ müharibəsi dövründə dağılmamışdı. Şəhər sonradan, demək olar ki, 30 il ərzində daşları bir-bir sökülməklə dağıdılıb, bütün binalar viran qoyulub və sökülüb, daşlar oğurlanıb və satılıb. Yarıdağılmış yeganə tikili Cümə məscididir ki, onlar minarələrdən müşahidə üçün, Azərbaycan Silahlı Qüvvələrinin potensial hərəkətini görmək üçün istifadə ediblər. Dünya ictimaiyyəti bu forum vasitəsilə bir daha məlumatlandırıldı və bildirildi ki, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan şəhərləri də işğal dövründə tamamilə dağıdılıb. Bütün binaların dağıdılmadığı yeganə yerlər Şuşa, Laçın və qismən Kəlbəcər olub. Lakin bunun səbəbi odur ki, Ermənistan dövləti müxtəlif ölkələrdən olan erməniləri işğal edilmiş ərazilərdə yerləşdirmək üçün qanunsuz məskunlaşma siyasəti yürüdürdü. Bu isə beynəlxalq hüququn və Cenevrə Konvensiyasının kobud şəkildə pozulması deməkdir. Bütövlükdə Ağdamda keçirilən Milli Şəhərsalma Forumu həm işğalın nəticələrini, erməni vandallığını göstərmək, həm də Azərbaycanın qısa müddətdə azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa-quruculuq işlərini dünyaya təqdim etmək baxımından olduqca əhəmiyyətlidir. Bu gün beynəlxalq qurumlar da bərpa prosesinə töhfə verə bilər. Bu, bütövlükdə bölhədə rifahın təmin olunması üçün olduqca vacibdir. Artıq ölkə başçısı Cənab İlham Əliyevin azad edilmiş ərazilərimizin bərpası və erməni təcavüzünün dünyaya tanıdılıması istiqamətində apardığı məqsədyönlü siyasət nəticələrini verməkdədir. Çox vacib bərpa-quruculuq işlərinin həyata keçirildiyi vaxtda bu forumun təşkil edilməsi məhz bu siyasətin bir hissəsidir. Qarabağı bərpa etməklə yanaşı onun həqiqətlərinin dünyaya çatdırılması istiqamətində atılan addımlar milli maraqlarımıza xidmət edir. Ümid edirik ki, dünya ictimaiyyətinin də buna adekvat yanaşacağı gün uzaqda deyil.


Sabunçu qəsəbəsi, 68 №-li tam orta məktəbin
Direktor müavini Asiman Paşayev

Oxşar xəbərlər