Ümummilli lider Heydər Əliyevin xalqına bağlılığı hələ gənc yaşlarından özünü göstərirdi

Ümummilli lider Heydər Əliyevin xalqına bağlılığı hələ gənc yaşlarından özünü göstərirdi Hər ölkənin tarixində bir qurucu, bir öndər olur. Elə bir öndər ki, onun gəlişi ilə hər şey dəyişir, çətin günlər geridə qalır, dövlət quruculuğu yüksələn xətt üzrə inkişaf edir. Azərbaycan üçün belə bir lider Heydər Əliyevdir. O, xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynamışdır. Onun hakimiyyətdə olduğu illər Azərbaycanın intibah dövrü sayıla bilər. Zəkası, fitri istedadı, parlaq fikirləri, qətiyyəti, iradəsi, uzaqgörənliyi ilə xatirələrdə silinməz iz buraxmışdır. Müstəqilliyimiz onun sayəsində əbədiyyət qazanmışdır.

Ümummilli lider Heydər Əliyevin xalqına bağlılığı hələ gənc yaşlarından özünü göstərirdi. Tutduğu vəzifələrdə xalq üçün əlindən gələni etmiş, çiyinlərində böyük bir ölkənin yükünü daşımışdır. Onun Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə ölkədə canlanma başladı. İqtisadiyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyətdə irəliləyiş oldu. Məhz o illərdə bugünkü müstəqilliyimizin təməli qoyuldu, xalq bir gün azad ola biləcəyini anladı. Heydər Əliyevin göstərişi ilə gənclər xarici ölkələrə təhsil almağa göndərildi, dövlət vəzifələrinə azərbaycanlılar gətirildi. 1978-ci ildə Azərbaycan SSR Konstitusiyası qəbul edildi və Azərbaycan dili dövlət dili kimi təsis edildi.

1990-cı il 20 yanvar hadisəsi zamanı xalq çaş-baş qalmışdı. Hadisənin səhəri günü ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək sovet hakimiyyətinin həyata keçirdiyi qanlı faciəni ifşa etdi. Xalq yalnız olmadığını anladı.

1991-1993-cü illərdə H.Əliyev Naxçıvana rəhbərlik etdi. Bu illərdə Muxtar Respublikanın adında "sovet sosialist" sözü çıxarıldı, üçrəngli bayrağımız dalğalandı, dünya azərbaycanlılarının həmrəylik günü təsis edildi və s.

1991-ci ildə ölkəmiz müstəqilliyini yenicə qazansa da, ağır günlər keçirirdi. Qarabağ müharibəsi, idarəçiliyin zəif olması, hərc-mərclik xalqı çıxılmaz vəziyyətdə qoymuşdu. İnsanlar nicat yolunu yenə də Heydər Əliyevdə gördü. 1992-ci ilin oktyabrında Azərbaycanın bir qrup ziyalısı “Səs” qəzeti vasitəsilə H. Əliyevi hakimiyyətə səslədi. 1993-cü il 9 iyun tarixində xalqın da təkidi ilə Heydər Əliyev Bakıya gəldi. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, həyatı, sağlamlığı bahasına müstəqilliyimiz üçün gecəsini gündüzünə qatdı. Onun üçün ədalət hissi ən başda gəlirdi. 1994-cü ildə Cinayətkarlıqla mübarizəyə yönəlmiş tarixi fərmanı ədalət uğrunda atılmış mühüm addımlardan biri idi. Təbii ki, dövlət quruculuğunda etdiyi ən vacib işlərdən biri də Konstitusiyanın qəbul edilməsi idi. Ümumxalq səsverməsi ilə qəbul edilmiş bu Konstitusiyada hüquqi dövlətin bütün prinsipləri əks etdirilmişdir. Ulu öndərin prezident olduğu illərdə Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm cəzası tamamilə ləğv olundu, əfv və amnistiya institutları tətbiq edilməyə başlandı. 2000-ci ildə hakimlər ilk dəfə olaraq test üsulu ilə seçildi. Bu da hakim seçimlərində şəffaflığı təmin etdi.

1993-2003-cü illər ərzində Heydər Əliyev mümkünsüzü bacardı. O, Azərbaycan xalqına müstəqil, güclü, ədalətli bir cəmiyyət miras qoydu. Bu gün dövlətçilik ənənələrini İlham Əliyev uğurla davam etdirir. Əgər indi Qarabağ Azərbaycanındırsa, bu Heydər Əliyevin xalqın qəlbinə səpdiyi azadlıq toxumlarının cücərməsi hesabınadır.

Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin

Azərbaycan dili və ədəbiyyat müəllimi Nuranə Qarayeva


Oxşar xəbərlər