Vətənpərvər vətəndaş o insandır ki, onda Vətən sevgisi, xalq məhəbbəti var

Vətənpərvər vətəndaş o insandır ki, onda Vətən sevgisi, xalq məhəbbəti var Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində çıxışında belə qeyd etmişdir: “Vətənpərvərlik işinə çox böyük önəm verirdik. Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün bir çox tədbirlər görülmüşdür və buna nail olduq. Bu gün Azərbaycan gəncləri vətənpərvər gənclərdir, Vətənə bağlıdır və Vətən müharibəsi bunu bütün dünyaya göstərdi. Bizi Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi idi və bunu gənc nəslin nümayəndələri, müstəqillik dövründə yetişən gənclər etdilər.”
Vətəndaşlıq vətənə bağlılıq, vətənpərvərlik, hər şeyə cavabdehlik deməkdir. Vətəndaş öz vətənində onun çiçəklənməsinə çalışan, onu qoruyan, onun istisinə, soyuğuna sinə gərən şəxsdir. Onun qüdrətinin artmasına, siyasi, iqtisadi, sosial cəhətdən qüvvətlənməsinə çalışan insandır.Vətən gənclərin səviyyəsi ilə, onların öz borclarını hansı səviyyədə başa düşməsi və yerinə yetirməsi ilə, vətənə layiqli övlad kimi xidmət etməsi ilə qüdrətlənir, möhkəmlənir. Həyat sübut edir ki, istər uşaq, yeniyetmə, gənc, istərsə də yaşlı adam cəmiyyətdə müəyyənləşmiş davranış normaları ilə hərəkət etdikdə, onun hərəkət və davranışı ətrafdakı adamlar, cəmiyyət tərəfindən müsbət qiymətləndirilir, dəyərləndirilir. Belə adamlar təkcə öz davranışları ilə deyil, həmçinin vətəndaşlıq, vətənpərvərlik keyfiyyətləri ilə də nümunəyə çevrilir. Daha doğrusu, onların davranış tərzləri vətəndaşlıq keyfiyyətlərini daha da məzmunlu edir və belə davranış vətəndaşlığın bir keyfiyyəti kimi onu zənginləşdirir. Vətəni sevmək, vətənpərvərlik vətəndaşlıq üçün zəruri hisslər, zəruri keyfiyyətlərdir.
Əsl vətəndaş vətənpərvərliyinin əsas əlamətlərindən biri də gənclərin vətənpərvərlik qüruru hisslərinə yiyələnmələridir. Vətəndaşlıq tərbiyəsində bu cəhətə fikir verilməlidir ki, gənclər belə qüdrətli vətənin övladı, vətəndaşı olduqları üçün qürur hiss keçirsinlər. Bu hisslər əsl vətənpərvər vətəndaşlıq keyfiyyəti formalaşdırır. Yəni, burada təkcə vətəni sevmək yox, həm də onun vətəndaşı olmaqla fəxr etmək, qürur hissi keçirmək lazımdır. Vətənin qüdrətinin artmasına xidmət etmək, qüvvətlənməsinə kömək etmək hissləri vardır. O şəxsləri əsl vətəndaş adlandırmaq olar ki, onlar özlərinin əməlləri, fəaliyyətləri ilə Vətənə, onun övladlarına müəyyən xidmət göstərsinlər.Hərəkət və davranışları ətrafdakı insanlar tərəfindən qəbul edilmiş olsun.Vətənpərvər vətəndaş o insandır ki, onda Vətən sevgisi, xalq məhəbbəti var. Onun üçün Vətənin baharı da,qışı da əzizdir. Vətənimizin çətin günlərində daim onun xidmətində olan Azərbaycan ziyalısı, elm xadimləri, incəsənət nümayəndələri məhz əsl vətəndaş nümunələridir. Yaxın və uzaq xaricdə elmimizi təbliğ edərək “Mən Azərbaycanlıyam” deyərək iftixar hissi keçirən soydaşlarımız əsl vətənpərvər vətəndaşlıq nümunələridir.Buna görə də gənclərdə vətəndaşlıq keyfiyyətlərinin formalaşdırılmasında bu cəhətlərə ciddi fikir verilməli və vətənpərvərlik hissləri ilə vətəndaşlıq keyfiyyətlərinin formalaşmasına hərtərəfli yanaşılmalıdır.
Sabunçu rayonu, 4 nömrəli tam orta
məktəbin fizika müəllimi
Günay Nəzərova


Oxşar xəbərlər