Vətənpərvərliyi gücləndirən amillərdən biri tarixi-hərbi Zəfərimizdir və idman uğurlarımızdır

Vətənpərvərliyi gücləndirən amillərdən biri tarixi-hərbi Zəfərimizdir və idman uğurlarımızdır Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır və dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü həll edir.Bunu Prezident İlham Əliyev Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edərkən deyib. Dövlət başçısı bildirib: “Gənc nəsil də mütləq vətənpərvərlik ruhunda tərbiyə almalıdır, milli ruhda tərbiyə almalıdır, milli dəyərlər əsasında tərbiyə almalıdır və Azərbaycan dövləti buna nail olmaq üçün bütün imkanlardan istifadə edir. Vətənpərvərliyi daha da gücləndirən amillərdən biri əlbəttə ki, tarixi-hərbi Zəfərimizdir və eyni zamanda, idman uğurlarımızdır. Əminəm ki, Azərbaycan vətəndaşları – həm idmansevərlər, həm də idmanla o qədər də maraqlanmayan vətəndaşlar həmişə idman arenalarında əldə edilmiş qələbələrin xəbəri gələndə sevinirlər. Hamımız sevinirik, çünki sevinirik ki, siz buna nail olmusunuz. Bu, sizin həyatınızda çox əlamətdar və unudulmaz hadisədir. Bu titul – Avropa çempionu, yaxud da ki, gümüş, bürünc mükafatçısı əbədi sizinlə olacaqdır. Həm də biz hamımız sevinirik. Çünki gənc nəsil yetişir, gənclər Vətəni ləyaqətlə təmsil edirlər, hərə öz yerində, idmançı, hərbçi, mütəxəssis. Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə ölkəmizi gücləndirir. Məhz buna görə bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır və dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü həll edir, müəyyən edir, öz siyasətini müstəqil şəkildə aparır və istər döyüş meydanlarında, istər siyasi arenalarda qələbə qazanır”.
Müasir qloballaşma dövründə gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi dövlət, onun müvafiq orqanları, təşkilatları, rəhbər şəxsləri və hər bir Azərbaycan vətəndaşı qarşısında böyük məsuliyyət yaradır. Yüksək milli ruhun mövcudluğu ölkənin gücünün əsas meyarıdır. Ölkədə vətənpərvərlik ruhunun əsas daşıyıcısı və aparıcı qüvvəsi onun gəncləridir.
Gənclər hər bir millətin inkişafının təməl daşıdır. Bu səbəbdən bir millətin mövcudluğu üçün sağlam gəncliyin olması vacib şərtdir. Çünki ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli kadrların hazırlanmasından, aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Bu baxımdan Azərbaycan Ordusunda gənclərlə iş sahəsində görülən tədbirlər cəmiyyətdə Azərbaycan gəncliyinin daha da inkişaf etməsinə təkan verir.
Hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən, milli ruhdan və digər amillərdən asılıdır. Azərbaycan gəncliyi bütün dövrlərdə ölkənin taleyüklü məsələlərinə münasibətdə, həlledici məqamlarda nəyə qadir olduğunu təsdiqləyib.
Azərbaycan gənc nəslinin nümayəndələri olan Azərbaycan Ordusunun əsgərləri həm də xalqın əsrlər boyu əldə edilmiş hərbi ənənələrini də, milli hərbi vətənpərvərlik ruhunu da hərbi kollektivlərdə yaşadır.
İdmanın inkişafı və idman nailiyyətləri təkcə ölkəmizi dünyada təbliğ etmir, gücümüzü göstərmir, eyni zamanda, cəmiyyətdə vətənpərvərlik hisslərini gücləndirir. Məhz vətənpərvərlik, Vətənə olan sədaqət, fədakarlıq bizi Qarabağın azad olunması uğrunda müharibədə irəliyə aparırdı.
Dövlət başçısı həmçinin bildirib ki: "Nəyi qazanmışıqsa, öz əməyimizlə qazanmışıq. O cümlədən Qarabağ məsələsini də öz əməyimizlə, gücümüzlə, zəkamızla həll etmişik. İdman yarışlarında, yəni, feyr-pley anlayışı unudulmamalıdır və Azərbaycan idmançıları bu prinsiplərə həmişə əməl etməlidirlər. Çünki bu, qələbədən də vacibdir. Çünki bilirsiniz, qələbə, əlbəttə, hər bir idmançı üçün çox önəmlidir, onun həyatında, necə deyərlər, böyük iz buraxır. Ancaq qələbədən daha vacib ləyaqətdir və biz müharibəni ləyaqətlə aparmışıq. Bu gün bütün dünya bir daha xalqımızın böyüklüyünü görür, hər şey göz qabağındadır. İdmanda da elə olmalıdır, elədir və bu halal qələbəni siz öz istedadınız, zəhmətiniz hesabına qazanmısınız və eyni zamanda, bir daha xalqımızın böyüklüyünü göstərmisiniz. Həm qələbə münasibətilə, həm ləyaqətli davranış münasibətilə sizi təbrik edirəm. Əlbəttə ki, biz hamımız, bütün Azərbaycan xalqı sizdən yeni qələbələr gözləyir".

Bakıxanov qəsəbəsi, 107 saylı tam orta məktəbin
psixoloqu Gülarə İsmayılova


Oxşar xəbərlər