
“Unikal” xəbər verir ki, bunu mediaya müsahibəsində Rusiya Dövlət Dumasının deputatı Viktor Vodolatski deyib.
O, Volodimir Zelenskinin Ukraynada pravoslavlığı məhv etdiyini bildirərək, Paşinyanın da həmin yolu tutduğunu bildirib. “Ermənilər öz imanlarını müdafiə edəcəklər, mən düşünmürəm ki, Paşinyan kuratorlarının ona təklif etdiyi vəzifəni yerinə yetirə bilsin”, - deputat deyib.
N.Paşinyanın devrilməsi üçün bəhanələrdən biri də xristianlıq, kilsə ola bilərmi?
Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a deyib ki, Ermənistanın geosiyasi kursunda yaşanan dəyişikliklər təkcə Qərb və Rusiya arasında tərəddüddə qalmış bir ölkənin daxili dilemması deyil, eyni zamanda regiondakı strateji balansın yenidən qurulması cəhdidir: “Bu dəyişikliklər fonunda Duma deputatının səsləndirdiyi sərt və təxribat xarakterli fikirlər sadəcə fərdi mövqe yox, Kreml çevrələrinin Ermənistana qarşı hazırladığı yeni ritorikanın tərkib hissəsidir”.
Politoloq deyir ki, Rusiya uzun illərdir postsovet məkanında pravoslav kilsəsi, “mənəvi dəyərlər”, rus dili və “mədəni-ideoloji birliyin” qorunması kimi anlayışlardan yumşaq güc vasitəsi kimi istifadə edir: “Ermənistanda isə bu mexanizm erməni kilsəsi və onun ictimai təsir gücü ilə işləyir. Rus deputatın Paşinyanı "xristianlığı məhv etməklə" ittiham etməsi, əslində onu erməni kilsəsinə qarşı yönəlmiş, Qərblə əməkdaşlıq edən və öz xalqından uzaqlaşan lider kimi təqdim etmək cəhdidir. Bu, Paşinyanın devrilməsinə hazırlıq üçün ideoloji zəminin yaradılmasıdır. Ukraynada Zelenskiyə qarşı Rusiyanın əsas ideoloji ittihamlarından biri pravoslav kilsəsinin muxtariyyətini tanıması və Moskva patriarxlığından uzaqlaşdırılması idi. Bu, Rusiya üçün yalnız dini məsələ deyildi. Çünki kilsə Rusiya üçün dövlət ideologiyasının təməl sütunudur. Paşinyana qarşı “xristianlığı məhv etmə” ittihamı da eyni model üzərində qurulur. Burada əsas məqsəd Ermənistan daxilində cəmiyyətlə Paşinyan arasındakı dini-mənəvi gərginliyi artırmaq, Paşinyanı Qərb kuratorlarının milli dəyərləri dağıdan icraçısı kimi təqdim etmək, Ermənistanı müstəqillik istəyən, amma nəticədə məhvə sürüklənən dövlət obrazında göstərməkdir".
Politoloqun sözlərinə görə, bu, Rusiya üçün strateji önəmli olan Ermənistanı öz orbitində saxlamaq üçün aparılan psixoloji və informasiya müharibəsinin bir hissəsidir: “Ermənistanın müstəqillik cəhdindən doğan Moskvanın panikası açıq görünür. Paşinyanın Rusiya orbitindən uzaqlaşmaq cəhdləri, KTMT-dən çıxmaq, Avropa İttifaqı ilə təhlükəsizlik sazişi, Qərb müşahidə missiyasının Ermənistana dəvət olunması kimi addımları Moskva üçün təkcə hərbi deyil, ideoloji məğlubiyyətdir. Rusiya artıq Ermənistandakı real təsir alətləri olan ordu, sərhədçilər, enerji infrastrukturu və media üzərindəki dominantlığın tədricən əldən çıxdığını görür. Belə olan halda kilsə və mənəviyyat kimi konseptlər Rusiya üçün son müdafiə xətlərindən biridir. Ona görə də rus deputatı önə veriblər.
Deputat da deyir ki, erməni xalqı öz ölkəsini Paşinyanın rəhbərliyi ilə Qərbin ideyalarına qurban verəcək, ya da müdafiə edəcək. Bu cür ritorika ilə Paşinyan xain, xalq isə milli müqavimət qüvvəsi kimi təqdim edilir. Məqsəd isə xalqın müəyyən qismini ayağa qaldırmaq, “xristian dəyərlərini müdafiə etmək” adı ilə daxili narazılıqları alovlandırmaqdır. Bu ritorika Azərbaycana da tanışdır. Vodolatskinin ritorikası yalnız Ermənistana deyil, dolayısı ilə bütün postsovet ölkələrinə, xüsusilə Qərbə inteqrasiya etmək istəyənlərə ünvanlanır. Azərbaycan da illərlə buna bənzər “qardaşlıq”, “mənəviyyat”, “ortaq tarix” ritorikaları altında təzyiqlərə məruz qalıb. Amma zaman göstərdi ki, ideoloji şantajlarla dövlət qurmaq olmur. Ermənistanın gələcək istiqaməti onun dini identikliyindən deyil, geosiyasi müdrikliyindən asılı olacaq".