Azərbaycan beynəlxalq nüfuza malikdir

Azərbaycan beynəlxalq nüfuza malikdir Bu gün Azərbaycan bütöv müstəqil dövlət kimi dünya birliyində özünəməxsus bir mövqe və yer tutmaqdadır. Sivil, demokratik , bütöv Azərbaycanın beynəlxalq münasibətlər müstəvisində rolu və nüfuzu durmadan artır. Müasir dünyada az sayda ölkələr belə yüksək inam və etimada nail ola bilir. Buna səbəb Prezident İlham Əliyevin müdrik idarəçiliyi ilə son illər ərzində ölkəmizdə siyasi, iqtisadi, mədəni və hərbi sahələrdə əldə edilən bir-birindən parlaq uğurlardır. Azərbaycan bu gün öz tarixinin ən şanlı və şərəfli dönəmini yaşayır. Azərbaycan xalqı müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yüksək qətiyyəti, rəşadətli Azərbaycan Ordusunun qeyri-adi şücaəti sayəsində 44 günlük müharibədən,sonra öz torpaqlarını mənfur düşməndən azad etmişdir. Bu, elə bir zəfərdir ki, xoş sorağı dünyanın hər yerində eşidilir. Bu, olduqca qürurverici məqamdır ki, Azərbaycan qarşısında duran əsas məsələni -- ərazi bütövlüyünü bərpa etməklə, beynəlxalq aləmdə çox böyük nüfuz və hörmət sahibi olan bir ölkəyə çevrilmişdir.

Ölkəmizin qazandığı nüfuz onun beynəlxalq və regional səviyyələrdə reallaşdırdığı layihələr və balanslaşdırılan siyasətinin nəticəsidir. Azərbaycanın bölgənin geosiyasi cəhətdən ən əhəmiyyətli və perspektivli ölkəsi olduğu faktdır. Rusiya, Türkiyə, İran ABŞ və Avropa, eləcə də Yaxın və Uzaq Şərqin güclü dövlətləri ilə elə bir balanslaşdırılan siyasət yürüdür ki, bu siyasət onu geosiyasi və geoiqtisadi vəziyyət baxımından Cənubi Qafqazın liderinə çevirib. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələbləri və reallıqlarına uyğun olaraq uğurla davam etdirilən praqmatik xarici siyasət kursu Azərbaycan Respublikasının milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində gücünü və nüfuzunu artıran mexanizm qismində çıxış etməkdədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: ”Bu gün Azərbaycan öz gücünə arxayın olan, bütün tərəfdaşlar ilə münasibətləri qarşılıqlı hörmət və ehtiram prinsipləri əsasında qurmağa çalışan, dinamik inkişaf edən gənc və eyni zamanda təcrübəli bir regional amildir.”

Hazırda Azərbaycan dünyada böyük etimad qazanan ölkə - etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bu gün apardığımız siyasət bizə dünyada çox böyük hörmət qazandırıb, Azərbaycana çox böyük rəğbət var”.

Bu gün Azərbaycanın ictimai-siyasi həyatında sabitlik, xalq ilə dövlət arasında sarsılmaz birlik, harmoniya hökm sürür. Məhz bu səbəbdən Azərbaycanla sıx əlaqələr qurmaq, əməkdaşlıq etmək istəyən ölkələrin sayı durmadan artır.

Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev çağdaş dünya siyasətində ən görkəmli dövlət xadimlərindən sayılır. Azərbaycan dövlətinin lideri dünya siyasətində haqqın, ədalətin rəmzi kimi qəbul edilir.

Azərbaycanın həm daxildə, həm də xaricdə uğurları bundan sonra daha da artacaq. Çünki Azərbaycan dövləti və onun lideri Prezident İlham Əliyev xalqının milli maraq və mənafelərinə uyğun düzgün və ədalətli siyasət həyata keçirir. Bu siyasət həm də bəşəri, humanist dəyərlərə söykənir. Bunu bütün dünya görür və müşahidə edir.

Sabunçu rayonu, Xavər Vəliyev adına 75 nömrəli tam orta məktəbin Uşaq Birliyi Təşkilatının Rəhbəri Yusifova Nərmin Fuad qızı.

Oxşar xəbərlər