Rusiyada yaşayan xarici vətəndaşların sayı 10% azalaraq 5,7 milyon nəfər təşkil edib.“Vedomosti” xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin miqrasiya məsələləri üzrə analitik şöbəsinin müdiri Aleksandr Perejoqin “Rusiya Federasiyasının Yeni Miqrasiya Siyasəti” konfransında bildirib.
Qeyd edək ki, keçən ilin yanvar ayında Rusiyada təxminən 6,3 milyon xarici vətəndaş yaşayırdı. 2025-ci il üçün rəsmi nəticələrin fevral ayında açıqlanması planlaşdırılır.
Perejoqinin sözlərinə görə, azalmanın əsas səbəbi yetkinlik yaşına çatmayan xarici vətəndaşların sayının təxminən 25% azalması olub.
Moskva Vəkillər Kollegiyasının rəhbəri Anna Minuşkina qeyd edib ki, miqrasiya qanunlarının sərtləşdirilməsi də bu prosesdə mühüm rol oynayıb. Onun sözlərinə görə, əvvəllər miqrasiya qaydalarını pozan şəxslər polis yoxlamasına qədər ölkədə qala bilirdilər. İndi isə belə şəxslər dərhal “Nəzarət altındakı şəxslər reyestrinə” daxil edilir.
Ekspert vurğulayıb ki, yeni qaydalar qüvvəyə minməzdən əvvəl miqrantlar bank hesablarından istifadə edə, evlənə və bununla da Rusiyada qalma statusunu leqal yolla əldə edə bilirdilər. Yeni deportasiya qanununun tətbiqi ilə xarici vətəndaşlar artıq maliyyə vəsaitlərinə sahib ola bilmir və bir sıra hallarda ölkəni tərk etmək məcburiyyətində qalırlar, hətta geri qayıtmaq imkanları da məhdudlaşır.