

“SITE Intelligence Group”un direktoru Rita Kats iddia edir ki, bu, 2014-cü ilin iyul ayından sonra Əl-Bağdadinin üzə çıxdığı ilk kadrlardır. O vaxt qruplaşmanın lideri İraqın Mosul şəhərindəki çıxışında İŞİD-i ümumdünya xəlifəti elan etmişdi.

Kats onu da bildirir ki, yeni videoda Əl-Bağdadi sakit şəraitdə üzləri görünməyən adamlarla “xaçpərəstlərə” qarşı müharibə və Suriyanın Deyr-əz-Zor vilayətinin Baquz şəhərində hərbi əməliyyatlar barədə söhbət edir. Xatırladaq ki, ABŞ hələ martın sonunda bu şəhərin İŞİD-dən azad edildiyini bəyan etmişdi. Qeyd olunur ki, bununla da İŞİD söhbətin bu günlərdə yazıldığına işarə edir.

Bundan əlavə, kadrlarda görünür ki, Əl-Bağdadinin saqqalı artıq kürəndir. Bununla da, İraqda dərc olunan “Al-Araby al-Jadeed” qəzetinin İŞİD liderinin imicini dəyişdirməsi barədə yaydığı xəbər öz təsdiqini tapır.
Son illər ərzində Əl-Bağdadinin öldürülməsi barədə dəfələrlə xəbərlər yayılıb. Lakin bu xəbərlər sonradan heç vaxt təsdiqlənməyib.