“Banklardan öz keyfi üçün kredit götürənlərə güzəşt edilməməlidir” — Əli Məsimli

“Banklardan öz keyfi üçün kredit götürənlərə güzəşt edilməməlidir” — Əli Məsimli “Banklarla əlbir olub, öz eyş-işrəti üçün külli miqdarda kredit götürənlər heç bir güzəşt olmadan aldıqları kreditləri ödəməlidir. 2015-ci ilin devalvasiyalarına qədər borcunu vaxtında səliqə ilə qaytaran və devalvasiyadan sonra artan borclarını qaytarmaq üçün gəlirinin imkan vermədiyi şəxslərə isə güzəştlər edilməlidir”.
Bunu açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib.

Millət vəkilinin sözlərinə görə, fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə prezident “ümumiyyətlə, bildirmək istəyirəm ki, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır” deyib.

“Bu il minimum əmək haqqını 38 faiz artdı, 130 manatdan 180 manata qalxdı. Bu, 600 min insanı əhatə edir. Minimum pensiyaların məbləği də təxminən 38 faiz artdı və 116 manatdan 160 manata çatdırıldı. Eyni zamanda müvafiq göstərişlər verilib ki, minimum əmək haqqının, minimum pensiyanın eləcə də müavinətlərin artımı ilə bağlı yeni təkliflər hazırlansın. Sosial paketə daxil olan belə addımların atılması əhalinin, xüsusən də aztəminatlı təbəqənin güzəranına əvvəlcə müsbət təsir edəcək, növbəti addımlarla müşayət olunduqda isə yaxşılaşma da özünü göstərə bilər”, - deyə Ə.Məsilmli vurğulayıb.
Millət vəkili bildirib ki, həmin müşavirədə prezident bizim diqqətimiz daha çox çəkən problemli kreditlər məsələsinə də toxundu: “Çünki problemli kreditlər məsələsini istər Milli Məclisdə, istərsə də mətbuatda daha çox qaldıran, nəinki qaldıran, həm də konkret Təkliflər Paketi ilə çıxış edən məhz bizik. Prezident bu məsələyə də toxunanda bildirdi ki, problemli kreditlər məsələsi ilə son mərhələdə işçi qrupu çox ciddi məşğuldur. İki aydan çoxdur ki, təkliflər üzərində iş aparılır. Bu, o qədər də sadə məsələ deyil. Biz bu məsələni həll etməklə əsas vəzifəni vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında görürük. Prezidentin bu çıxışından sonra problemli kreditlərin həlli istiqamətində konkret addımların atılacağı şəksizdir. Biz bu sahədə əhalinin xeyrinə atılacaq hər bir addımı müsbət qiymətləndiririk”.

Onun sözlərinə görə, Prezident öz çıxışında deyib:

“Bilirəm ki, Milli Məclisdə də bu məsələ müzakirə olunur. Müxtəlif təkliflər səsləndirilir.”

“Bəli, deputat həmkarım Vahid Əhmədovla birlikdə problemli kreditlər məsələsinin optimal həllinin tapılması istiqamətində ölkənin tanınmış mütəxəssislərinin də fikirlərini almaqla Təkliflər Paketi hazırlayıb aidiyyatı orqanlara göndərmişik. Həmin təkliflər paketi ümumi maliyyə sağlamlaşdırılması kontekstində xarici valyutada olan kreditlərlə bağlı əhalinin və biznes strukturlarının düşdüyü ağır vəziyyətdən çıxarılmasını da nəzərdə tutur”, - deyə milət vəkili qeyd edib.
Ə.Məsimli vurğulayıb ki, Mərkəzi Bank ilk mərhələdə buna razı olsa da, digər aidiyyəti hökumət strukturları razı olmadı:

“Bizim verdiyimiz təkliflər xarici valyutada olan kreditlər ətrafında yaranmış problemin kəskinliyini xeyli azalda bilər... Bu məsələdə bizim mövqeyimiz hökumətə də, ictimaiyyətə də məlumdur. Biz dollarla olan kredit probleminin bütün ağırlığının əhalinin üstünə atılmasının əleyhinəyik. Problemi dövlət yaradıbsa, onun həllində də dövlət fəal iştirak etməlidir. Bu məsələdə ağırlıq dövlət, Mərkəzi Bank, kommersiya bankları və əhali arasında dörd yerə bölünsün ki, heç bir tərəfə ağırlıq düşməsin. Həm də xarici valyutada olan kreditlərlə bağlı problemə differensiallaşdırılmış şəkildə baxmaq lazımdır: Qanunun bütün sərtliyi 2015-ci ilin devalvasiyalarına qədər borcunu vaxtında, səliqə ilə qaytaran və devalvasiyadan sonra artan borclarını qaytarmaq üçün gəlirinin imkan vermədiyi, eləcə də devalvasiya nəticəsində artan kreditləri qaytarmaq iqtidarında olmayan yoxsul təbəqəyə yox, banklarla əlbir olub kreditləri əslində qaytarmaq yox, qaytarmamaq üçün alanlara tətbiq etmək lazımdır”.

Millət vəkili onu da əlavə edib ki, banklarla əlbir olub, öz eyş-işrəti üçün külli miqdarda kredit götürənlər heç bir güzəşt olmadan aldıqları kreditləri ödəməlidir:

“2015-ci ilin devalvasiyalarına qədər borcunu vaxtında səliqə ilə qaytaran və devalvasiyadan sonra artan borclarını qaytarmaq üçün gəlirinin imkan vermədiyi şəxslərə isə güzəştlər edilməlidir. Borcu olan insanların əksəriyyəti aldığı borcun 2-3 qatını banka çoxdan ödəyib. Bəzi banklar həmin insanlardan artıq aldığından əlavə faiz, cərimə və sair formalı manipulyasiyalarla əslində almadığı kreditə görə pul tələb edirlər. Devalvasiyadan əvvəl 2 min manat kredit alıb, son 3 ildə 7 min manat qaytarmasına baxmayaraq, bəzi bankların hələ də belə insanların yaxasından əl çəkməməsi faktları obyektiv araşdırılmalı, müflisləşmə mexanizmi tətbiq edilməli və əhalinin öz borcunu ödəyə bilmək qabiliyyətini itirmiş aztəminatlı təbəqəsinin kredit borcları silinməlidir”.

Millət vəkili təklif edir ki, fiziki şəxslərin müflisləşməsi haqqında qanun qəbul etməsi və ya mövcud qanunvericilikdə bu məsələyə bir balaca aydınlıq gətirməklə şəhid ailələrı, kimsəsizlər, aşağı pensiya alan pensiyaçılar, krediti qaytarmaq üçün bütün imkanları tükənmiş yoxsul insanların aldıqları kreditlərin isə məhkəmə yolu ilə müflisləşmə mexanizmi vasitəsilə bağışlansın: “Əvəzində dövlətin banklara birbaşa və dolayısı ilə dəstək verməsi, bu əsasda bankların fəaliyyətinin normallaşdırılması istiqamətində zəruri işlər aparılsın”.

Oxşar xəbərlər