Azərbaycan iqtisadiyyatına “qara xəbər”: Deputatdan devalvasiya anonsu - Gəlişmə

Azərbaycan iqtisadiyyatına “qara xəbər”: Deputatdan devalvasiya anonsu - Gəlişmə "Milli Məclisdə təklif edəcəm ki, bankirləri yığıb toplantı keçirək və baxaq görək onların dərdləri nədir. Azərbaycanda niyə problemli kreditlər bu qədər artır? Banklar əhalidən 9-10%-dən əmanətlər götürür və 30-35%-dən kredit verir. Bankın 20-25% xərci ola bilməz. Bu məsələyə çox ciddi diqqət yetirmək lazımdır”.

Bunu baku.ws-ə açıqlamasında millət vəkili, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov söyləyib.

Onun sözlərinə görə, banklar müəyyən güzəştlərə getməlidir: “Maliyyə amnistiyası ilə bağlı qanun qəbul edilməlidir.

Neftin qiyməti yenə ucuzlaşır və bu, manatın növbəti devalvasiyasına gətirib çıxara bilər. Bir tərəfdən də problemli kreditlər əngəllər törədir".

Hazırda problemli kreditlərin miqdarı ilə bağlı ziddiyyətli fikirlər var. Rəsmi statistika bunun ümumi kredit payının 11 faizini təşkil etdiyini qeyd edir ki, bu da son illərin ən yüksək göstəricisi hesab olunur.

Müstəqil ekspertlərin fikirlərinə görə isə real rəqəm daha yüksəkdir, sadəcə, görünür rəsmi statistika real göstəriciləri gizlətməkdə maraqlıdır.

Prezident bank sektorunun sağlamlaşdırılması barədə tapşırıqlar verir, fəqət problemli kreditlər məsələsi getdikcə böyüyür. Bank sahibləri problemin həlli üçün çırmanmırlar.

Ulus.Az yazır ki, manatın devalvasiyası bilavasitə neft bazarında baş verən proseslərdən, bir də hökumətin qərarlarından asılıdır.

Yəni, neftin qiyməti 45-50 dollardan aşağı düşməyəcəksə, hökumətin valyuta ehtiyatlarının müəyyən hissəsini iqtisadi sabitliyi saxlamaq üçün ayırması ilə manatın məzənnə sabitliyini qoruyub saxlamaq mümkün olacaq.

Bununla bağlı "Qaynarinfo"ya danışan iqtisadçı-ekspert Rövşən Ağayev bildirib ki, 2018-ci ildə vəziyyətin necə olacağını isə zaman göstərəcək:

“Amma neftin qiyməti 45 dollardan aşağı düşsə, manat üçün ciddi təhlükə yaranacaq. Burada önəmli bir məsələ də var. Belə ki, məzənnənin dəyişməsində neftin qiyməti ilə yanaşı iqtisadi aktivlik də böyük rol oynayır.

Ola bilər ki, neftin 60 dollar qiymətində də məzənnəni qorumaq mümkün olmaz. Bu o zaman baş verir ki, iqtisadi aktivlik yüksək olur, hökumət pul kütləsini sıxmır və hesab edir ki, iqtisadi aktivlik artırılmalıdır.

İqtisadiyyatda belə bir nəzəriyyə var ki, pul kütləsini sıxmaq olmaz və hökumət iqtisadiyyatı stimullaşdırmalıdır”.

Oxşar xəbərlər