Problemli kreditlərlə bağlı mühüm qərar ərəfəsində: dövlət borcları ödəyə bilər

Problemli kreditlərlə bağlı mühüm qərar ərəfəsində: dövlət borcları ödəyə bilər Optimal həll düsturu: zərərdən hər dollara görə 30 qəpik vətəndaş, 30 qəpik dövlət banka versin, 30 qəpiyi isə bank bağışlasın...

"Əhali və banklar üzərində böyük yükə çevirilmiş problemli kreditlər məsələsinin həll olunacağına ümidlər artıb”. Bu sözləri modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov səsləndirib.

Deputat 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcların tam məbləğdə silinməsindən danışarkən bildirib ki, ölkə prezidenti tərəfindən daxil olan təklif Milli Məclisdə qəbul olundu və sığorta amnistiyasına gedildi. Amnistiyaya əsasən, 382 milyon manat borc faktiki olaraq silindi".

V.Əhmədovun sözlərinə görə, ölkə başçısının bu humanist addımlarının davamı kimi problemli kreditlərlə bağlı da qərar verilməlidir:"Çünki 2015-ci ilin devalvasiyalarından sonra əhali kommersiya banklarından dollarla götürdüyü kreditləri geri qaytarmaqda çətinlik çəkir, əksəriyyət isə qaytara bilmir”.

Deputat deyib ki, hazırkı iqtisadi vəziyyət problemli kreditlərin həll edilməsinə imkan verir:"Devalvasiyadan sonra yaranmış iqtisadi gərginlik səngiyib, aktivlik artıb, manatın məzənnəsi sabitləşib. Deməli, poblemli kreditlər məsələsinə baxmaq olar. Biz də ona görə həm parlementdə çıxışlar zamanı, həm də mətbuat vasitəsilə məsələyə baxması üçün cənab prezidentdən xahiş etdik. Həmkarım Əli Məsimli ilə birlikdə hazırladığımız 14 səhifəlik təkliflər paketinə də hələlik baxılmayıb. Sığorta aminstiyasının davamı olaraq, dollarla götürülən kreditlərə baxılmalıdır. Ümid edirik bu məsələ də müsbət nəticələnəcək”.

V.Əhmədovun sözlərinə görə, bank sistemini sağlamlaşdırılmasının əsas yollarından biri də vaxtı keçmiş kreditlərin geri qaytarılmasıdır:"Bu məsələlər həll edilməlidir ki, banklar sıfırdan başlasın. Zərərlə işləyən, kapital çatışmazlığı, likvidlik problemləri olan banklar çoxdur. Bütün bunları nəzərə alaraq, məsələlərə baxılacağına böyük ümid bəsləyirik. Bu gün məhkəmələrdə baxılan işlərin çoxu problemli kreditlərlə bağlıdır. Minlərlə yox, on minlərlə məhkəmə çəkişməsi var. İnsanlar krediti ödəyə bilmədiklərinə görə məhkəmələrə cəlb olunur. Bizim özümüzə yüzlərlə belə müraciət daxil olur”.

Bu il fevralın 1-nə olan məlumata görə, vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 695,9 milyon manatdır. Bəs görəsən, problemli kreditlər məsələsinin həlli mexanizmi necə olacaq? Söhbət borcların tam olaraq dövlət tərəfindən bağışlanmasından, yoxsa zərərin tərəflər arasında bölüşdürülməsindən gedir? Hazırkı dövrdə dövlətin bunun üçün kifayət qədər imkanları varmı?

"Yeni Müsavat”a açıqlamasında bu sualları cavablandıran iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov deputatların təkliflərini müsbət qiymətləndirdi:"Bu, çox yaxşı təklifdir, vaxtında səsləndirilmiş bir fikirdir. Çünki həm qarşıdan gələn Novruz bayramı, həm Cümhuriyyətin 100 illiyi ərəfəsindən belə bir addım atıla bilər. Eləcə də prezident seçkisi ərəfəsidir və ölkə tarixində yeni bir mərhələ, yeni bir siyasət başlayır. O baxımdan problemli kreditlərin bağışlanması yaxşı bir hadisə olardı. Bu həm əhali, həm sahibkarlar, həm də bank sistemi üçün müsbət rol oyana bilərdi. Lakin burada əsas məsələ, söhbətin hansı məbləğdən getdiyi, amnistiyanın kimlərə şamil ediləcəyi və mexanizmin necə olacağıdır.

Əgər dövlətin sosial sığorta borclarının bağışlanmasından söhbət gedirsə, bu zaman həmin vəsait dövlətə çatmayacaq. Ancaq vətəndaşların banklar qarşısındakı borclarından söhbət gedirsə və dövlət onu bağışlayırsa, deməli, həmin vəsaitləri banklara özü verməlidir. Bu pul dövlətdən çıxmalıdır. O baxımdan ciddi hesablama aparılmalıdır ki, belə bir qərar verilsə, dövlət büdcəsindən nə qədər pul çıxacaq, dövlətin bu qədər pulu varmı? Aydın məsələdir ki, dövlət bütün borcları ödəyəsi deyil. Bu, heç doğru bir addım da olmazdı. Çünki bir vətəndaş olaraq mənim heç bir banka borcun yoxdur, vergi ödəyirəm. Nəyə görə mənim və digər vətəndaşların vergiləri hesabına formalaşan dövlət büdcəsindən kiminsə borcları bağışlanmalıdır. Ən azından mən onun mexanizmini bilmək istərdim".

Ekspertin sözlərinə görə, hazırda dövlətin bütün borcları bağışlayacaq qədər pulu da yoxdur:"Nəzərə alsaq ki, söhbət əsasən dollar borclarından gedir, hesab edirəm ki, burada sahibkarlara güzəşt edilməli deyil. Hazırda sahibkarlara, hüquqi şəxslərə borclarını qaytarmadıqları üçün heç kim heç nə etmir. Ancaq, əlbəttə, kreditin təyinatı üzrə istifadə edilməməsi və sair məsələlərdə cinayətlər olubsa, onsuz da qanunvericilik həmin sahibkarları cinayət məsuliyyətinə cəlb etməyə imkan verir. Problemli kreditlərin bağışlanması və ya güzəştlərin tətbiq edilməsi məhz əhalinin xarici valyutada olan borclarına aid olmalıdır. Yaranmış məzənnə fərqinin 3 tərəf arasında bərabər bölüşdürülməsini bir çox ekspertlər təklif edib və mən də o təkliflə razıyam. Əksər borclular dollar kreditini 0.78 məzənnəsi ilə götürüblər, bu gün isə dollar 1.70 manatdır. Deməli fərq 92 qəpikdir, yuvarlaq desək 90 qəpik. Bu 90 qəpiyi 3 bərabər hissəyə bölmək olar. Yaranmış zərərdən hər dollara görə 30 qəpiyini vətəndaş verməlidir, 30 qəpiyini dövlət banka kompensasiya etməlidir. Yerdə qalan 30 qəpiyini isə bank öz üzərinə götürməlidir və bağışlamalıdır. Ancaq aydındır ki, dövlət bunu bankdan tələb edə bilməz, yalnız tövsiyə edə bilər. Ancaq mən güman edirəm ki, cənab prezident belə bir tövsiyə versə, heç bir bank buna qarşı çıxmaz, əməl edər”.

Ə.Həsənovun sözlərinə görə, dövlət o halda vətəndaşın borcunun bir hissəsini ödəyə bilər ki, borclu təklif olunan məzənnə ilə kreditini bağlamış olsun:"Sadəcə, bir nüans hesablanmalıdır ki, bu güzəşt hansı həddədək olan borclara şamil edilməlidir? Bəziləri bu rəqəmin 10 min, bəziləri 20-30 min dollar olmasını təklif edir. Bununla bağlı dövlət qərar qəbul etməlidir ki, hansı həddədək borclara bu cür güzəştlər tətbiq etməyə gücü çatacaq. Bunu biz ekspertlər deyə bilmərik. Burada önəmli bir məqam da var. Dövlət o halda borcu kompensasiya edə bilər ki, vətəndaş borcu tam bağlamış olsun. Məsələn, vətəndaş krediti 0.78 məzənnəsi ilə götürmüşdü, indi təklif edirlər ki, gəl həmin borcu 1.10 manatdan bu borcu bağla. O borcu hissə-hissə aylara bölürlər, vətəndaş borcu tam ödədikdən sonra dövlət qalan 30 qəpiyi kompensasiya etməlidir. Bu şərt çox vacibdir. Çünki biz bilirik ki, əhalidə xeyli kreditlər var ki, onlar faktiki olaraq batıb. Onların qaytarılması ümidsizdir. Çünki həmin vətəndaşlar hətta dolları 50 qəpikdən də ödəməyə qadir deyillər. Belə olan halda onların borcları tam silinməlidir. Bunun üçün prezident fərmanına da ehtiyac yoxdur. Bugünkü qanun da bunu deyir ki, ödəyə bilməyən vətəndaşların borcu silinməlidir. Bundan daha çox banklar udur. Onlar faktiki ümidsiz olan kreditlərin bir hissəsini faktiki olaraq qaytarmış olurlar. Halbuki o cür kreditlərin verilməsinə görə banklar özü də məsuliyyət daşıyır. O baxımdan belə bir sərəncam verilsə, yaxşı olar. Dəqiq məbləğ müəyyən edilməlidir ki, hansı həddə qədər olan kreditlərə güzəştlər şamil olunacaq. Vətəndaş güzəştli məzənnə ilə borcu tam bağladıqdan sonra dövlət öz üzərinə düşən hissəni banka ödəməlidir. Bank da öz növbəsində payına düşən hissəni vətəndaşa bağışlamalıdır”.

Oxşar xəbərlər