Gürcüstanda erməni terrorçuya büst qoyulması olayı böyüyür

Gürcüstanda erməni terrorçuya büst qoyulması olayı böyüyür Məsələdə “Moskva izi” iddiası ortaya çıxdı; Gürcüstan-Azərbaycan strateji müttəfiqliyinə yenidən baxıla bilər…

Axalkalaki rayonunun Buqaşeni kəndində “Kobra” ləqəbli Mixail Avaqyana büstün qoyulması Tiflislə Bakı arasında diplomatik gərginliyə, habelə Azərbaycan ictimaiyyətinin və KİV-lərinin kəskin reaksiyasına səbəb olub. Mixail Avaqyan həmin kənddə anadan olub, Ermənistanda yaşayıb və Qarabağ müharibəsi zamanı Qubadlı, Cəbrayıl, Füzuli rayonunun işğalında, habelə Xocalı qətliamında iştirak edib. 1994-cü ildə Horadiz döyüşləri zamanı öldürülüb.

Gürcüstan XİN isə məsələ ətrafında ajiotaj qaldırmamağa çağırıb, bildirib ki, rəsmi Bakı ilə kommunikasiya qurulub və izahat verilir. Lakin buna baxmayaraq, məsələdə ermənilərin xeyrinə açıq mövqe ifadə edənlər də var. Belə ki, virtualaz.org saytının məlumatına görə, Gürcüstan İctimai Televiziyasının reportajına istinadən Rusiyanın “Vzqlayd” qəzetinin Tiflisdəki müxbiri bildirib ki, Gürcüstanın ermənilərin kompakt yaşadığı Samtsxe-Cavaxetiya bölgəsində Qarabağda dinc azərbaycanlıların qətlində iştirak etmiş erməni Mixail Avaqyana heykəl qoyulması Rusiyanın maraqlarına uyğundur.

Məlumata görə, reportajda deyilir ki, Avaqyana heykəl qoyulmasına görə Bakı ilə Tiflis arasında diplomatik qarşıdurmanın yaranması ancaq Moskvanın işinə yarayır. Kanalın respondentləri deyirlər ki, Rusiya etnik azlıqların məskunlaşdığı bölgələrdə gərginliyin meydana çıxmasında, beləliklə də Gürcüstana əlavə problemlər yaranmasında maraqlıdır.

Hakim “Gürcü arzusu” koalisiyasının parlament fraksiyasının rəhbəri Mamuka Mdinaradze isə telekanala deyib ki, büstün qoyulması “mərkəzi hakimiyyətlə razılaşdırılmayıb. Azərbaycan ictimaiyyəti, politoloqlar isə məsələni kəskin şəkildə qınayıb, bunu ermənipərəst qüvvələrin işi olduğunu söyləyirlər. Bildirilir ki, Gürcüstan təcili olaraq həmin abidənin götürülməsinə çalışmalıdır,



“Yeni Müsavat”a danışan Borçalı İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bildirdi ki, bu, bölgədə sabitliyi pozacaq bir addımdır: “İlk olaraq deyim ki, cəmiyyətimiz adından rəsmi açıqlama verib, bunu iki dövlətin, xalqın maraqlarına uyğun olmayan, bölgədə sabitliyi pozacaq bir addım kimi dəyərləndirmişik. Azərbaycan-Gürcüstan strateji müttəfiqliyindən çox danışırıq. Lakin indiki gürcü iqtidarının bir çox xətaları var. Millətimizə qarşı ”ikili standart”larla yanaşma elementləri görürük. Həmçinin strateji müttəfiqlikdən sapma hallarını da müşahidə olunur. Görünür ki, Gürcüstan hakimiyyətinin özündə anti-Azərbaycan, gizli anti-türk ovqatı var. Xocalı soyqırımına əsrin faciəsi deyirik, dünyada Xocalıya ədalət kampaniyaları keçiririk. Bəs nə üçün Gürcüstan kənarda qalıb? Bu sualı Azərbaycan rəsmilərinə, xarici işlər nazirinə vermək lazımdır ki, nə üçün Gürcüstanda ermənilərin törətdiyi Xocalı soyqırımı ilə bağlı vahid mövqe yoxdur. Görünür, günah özümüzün yanlış siyasətimizdə, dostumuzla düşmənimizin düzgün müəyyən edilməməsindədir. Soyqırmı törədənlərə “ehtiram” nümunəsi göstərmək, terrorist birinin Axalkalakidə abidəsinin qoyulması və abidənin açılışının isə məhz 20 yanvar gününə təyin edilməsinin mədəni, diplomatik adı yoxdur. Bu tərbiyəsizlikdir, Xocalı şəhidlərinin ruhuna təhqirdir, Azərbaycana sataşmaq deməkdir. Gürcüstan və Ermənistan qonşu dövlətlərdir və onların da öz maraqları var. Görünür ki, bu iki dövlət öz maraqlarını daha ciddi formada uzlaşdıra bilirlər. Azərbaycana zərbəni Ermənistan, erməni düşüncəsi məhz Gürcüstan vasitəsilə vurur. Bu isə təbii ki, bölgədə stabilliyi pozmaq üçündür. Ola da bilər ki, burada gözə görünməz bir “Moskva əli” də var. Gürcüstanın Avropaya inteqrasiyasını tormozlamaq, Cənubi Qafqazda yeni konflikt yaratmaq üçün də bu cür addım ata bilərlər. Rəsmi Gürcüstanın da bu işdən xəbəri var və görünür ki, bilərəkdən ediblər. Hətta bəyanat da veriblər ki, Azərbaycan tərəfi ilə razılaşdırılıb”.

Məmmədli hesab edir ki, Gürcüstanın bəyanatlarına Azərbaycan tərəfi rəsmi qaydada cavab verməlidir: “Onların ”razılaşdırmışıq” bəyanatına ölkənin müvafiq şəxsləri, qurumları mövqe ifadə etməlidir. Bunun doğru olub-olmadığı ortaya çıxmaldır. İndiki halda bu abidənin sökülməsi istiqamətində iş qurulmalıdır. Kimlərsə deyirlərsə ki, biz də orada qəhrəmanlarımızın abidəsini qoyaq, məncə bu, doğru deyil. Biz bəyəm orada abidə yarışına girib, içərimizi soyudacağıq? Ona görə də abidə ya oradan götürülməlidir, ya da Azərbaycan və Gürcüstanın strateji müttəfiqliyinə yenidən baxılmalıdır. Çünki bu, ciddi şəkildə siyasi gərginliyə yol açan bir məsələdir. Gürcüstan da buna bir aydınlıq gətirməlidir. Bildirməlidir ki, Xocalı soyqırımı ilə bağlı mövqeyi nədir və bu vandalizm aktını tanıyırmı? Təsəvvür etsinlər ki, biz Gürcüstana təcavüz edib, minlərlə gürcü əsgərini qıran rus qoşunlarının şərəfinə Qaxda abidə ucaldırıq. Belə anormallığı, şərəfsizliyi biz edə bilmərik. Ancaq görünür ki, qonşularımız bunu edə bilirlər. Onlar Borçalı İctimai Cəmiyyətinin Elat bayramı kimi mənəvi yükü ağır olan bir bayramı da əngəlləyə bilirlər. Azərbaycan da susqunluq göstərib, onların kilsələlərinə qaz çəkər. Azərbaycanda milli təfəkkür aparıcı olmayana qədər, bizimlə bu cür davranacaqlar. İran da belə davranacaq, Rusiya da, Ermənistan da. Necə ki, davranırlar. Birinci öz içərimizdə milli mənəvi dəyərlərin möhkəmlənməsinə çalışmalıyıq. Gürcüstanda bizim də abidə qoymağımız təkliflərini adekvat hesab etmirəm. Abidə mütləq anlamda sökülməli, bu abidəyə rəvac verən məmurlar məqsədyönlü şəkildə etnik-dini qarşıdırma yaratmaq cəhdlərinə görə məsuliyyətə cəlb edilməlidirlər”.

Oxşar xəbərlər