"Əgər Azərbaycanda ictimai sabitlik olmasaydı, turistlər də gəlməzdi" — İlham Əliyev

"Azərbaycan inkişafda olan ölkə olmasaydı, əlbəttə, ictimai sabitlik, təhlükəsizlik olmasaydı, turistlər də gəlməzdi. Bu gün dünyada baş verən hadisələr göz qabağındadır".
Bunu Prezident İlham Əliyev oktyabrın 15-də Lənkərana səfəri çərçivəsində İstisu və Sağlamlıq Mərkəzinin təqdimatında çıxışı zamanı deyib.

"Bizim tarixi abidələrimiz turizmi inkişaf etdirən vacib amillərdən biridir. Bizim zəngin tariximiz, mədəniyyətimiz, tarixi abidələrimiz xarici qonaqların marağına səbəb olur. Gözəl mətbəximiz, o cümlədən cənub zonasının xüsusi ləzzətli mətbəxi hesab edirəm ki, dünya səviyyəsində məşhurdur. Ölkəmizə gələn turistlər xalqımızın qonaqpərvərliyi sayəsində özlərini evlərindəki kimi hiss edirlər. Ölkəmizin ümumi inkişafı əlbəttə ki, turistləri cəlb edir. Əgər Azərbaycan inkişafda olan ölkə olmasaydı, əlbəttə, ictimai sabitlik, təhlükəsizlik olmasaydı, turistlər də gəlməzdi. Bu gün dünyada baş verən hadisələr göz qabağındadır, risklər, təhlükələr artır və turistlər daha əmniyyətli yerləri seçirlər, ona görə təsadüfi deyil ki, məhz Azərbaycana üz tuturlar. Bütün bu amillərin vəhdəti turizmin inkişafını şərtləndirir. Əlbəttə ki, belə gözəl istirahət mərkəzlərinin, otellərin tikintisi turistləri daha da cəlb edəcək. Biz gərək indi dünyada çox ciddi təbliğat aparaq və bu təbliğat nəticəsində xaricdə yaşayan insanlar bizi daha da çox tanısınlar", - deyə dövlət başçısı bildirib.

Prezident Azərbaycanda, eləcə də, müalicəvi turizmin inkişaf etdiyini, İstisu Sağlamlıq Mərkəzinin yaradılmasının isə bu istiqamətdə önəmli addım olduğunu diqqətə çatdırıb:
"Bu vaxta qədər Naftalan şəhərində bir neçə beşulduzlu otel istifadəyə verilib. Biz Naftalanın turizm mərkəzi, müalicəvi mərkəz kimi şöhrətini bərpa etdik. Orada oynaq xəstəlikləri, daxili orqanların xəstəlikləri müalicə olunur. Qalaaltı, o da sovet vaxtında ittifaq məkanında məşhur bir turizm mərkəzi idi. İndi biz bunu beynəlxalq mərkəzə çevirdik, orada daha çox böyrək xəstəlikləri müalicə olunur. Naxçıvanda Duzdağ müalicəvi mərkəzi ağciyər xəstəlikləri üçün çox faydalıdır. Lənkəran İstisu sanatoriyasının şəfalı suları da insanların sağlamlığını təmin edəcək".

O qeyd edib ki, hazırda müalicəvi turizm istiqamətində işlər gedir, idman turizmi inkişaf etdirilir.

"Şahdağ artıq dünya səviyyəli bir dağ-xizək mərkəzinə çevrilib. Ondan sonra açılmış Tufandağ yeni xizək mərkəzidir. Beləliklə, turizm Azərbaycanda inkişaf edəcək, turizm sahəsində 10 minlərlə iş yeri yaradılır. İndi mənə verilən məlumata görə, təkcə bu sanatoriyada ən yaxşı mövsümdə 250-yə qədər yeni iş yeri açılacaq və burada yerli vətəndaşlar işlə təmin olunacaqlar. Ölkə iqtisadiyyatına daha da böyük həcmdə vəsait, investisiyalar qoyulacaq və xarici qonaqlar pul xərcləyəcəklər. Ona görə mən çox şadam ki, Lənkəran rayonunda belə gözəl turizm mərkəzi yaradılır. Bu, Lənkəranın iqtisadi potensialına növbəti bir töhfədir", - deyə İlham Əliyev söyləyib.

Oxşar xəbərlər