"Baş həkim müharibə əlillərini və şəhid ailələrini təhqir edir" - Müraciət

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Mingəçevir şəhər Mərkəzi xəstəxanasının baş həkimi Könül Ələkbərovun Qarabağ müharibəsi iştirakçılarına qərəzli münasibilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib

Akif Nağı müraciəti Mingəçevir şəhərində yaşayan Qarabağ müharibəsi əlilləri, şəhid ailələri, veteranları, Qarabağ Azadlıq Təşkilatı üzvlərinin şikayəti əsasında edib.

O, müraciətində yazır ki, bu kateqoriyadan olan insanlar Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Könül Ələkbərovun qanunsuz və qərəzli hərəkətlərindən şikayət edirlər:

"Könül Ələkbərov Qarabağ müharibəsi əlillərini, şəhid ailələrini, veteranları daim təhqir edir, onlara imtiyazlı tibbi xidmət göstərilməsinə şərait yaratmır, "axmaqsınız, gedib vuruşmayaydınız”, "sizi müharibəyə mən göndərməmişəm, getməyəydiniz”,- kimi ifadələr işlədir, onları tanımaq istəmədiyini bildirir. Bu adamın Qarabağla bağlı hər şeyə, o cümlədən əlillərə, veteranlara, şəhid ailələrinə başa düşülməyən bir nifrəti vardır. Bu nifrətin nədən qaynaqlandığını bilmirik”.

QAT sədri müraciətində qeyd edir ki, ordudakı təxribat-cəsus qrupları ifşa olunandan sonra hər şeydən şübhələnməyə başlayıblar: "Ermənilər sovet dövründə səhiyyə sistemindəki imkanlardan azərbaycanlıların öldürülməsi, şikəst edilməsi üçün geniş istifadə edir, çoxlu sayda təxribatlar törədir, terror şəbəkəsi yaradırdılar. Könül Ələkbərov kimi baş həkimlərin bu cür hərəkətləri artıq ciddi şübhələr yaradır. Hər halda bu məsələlərin yoxlanmasına ciddi ehtiyac vardır.

Könül Ələkbərovun qanunsuz və qərəzli hərəkətləri ilə bağlı dəfələrlə Səhiyyə Nazirliyinə və digər qurumlara müraciət olunsa da, heç bir ölçü götürülməyib. Bu başabəla baş həkim "ən yuxarılarda” adamlarının olduğunu, ona heç kəsin heç nə edə bilməyəcəyini deyir və "hökmranlığı”nı davam etdirir. Ona görə də Sizə müraciət etmək məcburiyyətində qalmışıq. Xahiş edirik ki, bu harınlamış məmurun hərəkətlərinə son qoyulması, Qarabağ müharibəsi əlilləri, şəhid ailələri, veteranlarına normal tibbi xidmət göstərilməsi üçün tapşırıqlarınızı verəsiniz”. (reyting.az)

Oxşar xəbərlər