“Gedib o şəhidlərdən üzr istəyin…” - "Dil" uzadanlara sərt cavab

“Gedib o şəhidlərdən üzr istəyin…” - “Neçə gündür jurnalist dostların Nuri Paşa ilə bağlı söylənənlərə münasibət bildirin müraciətlərinə cavab olaraq yazıram. Nuri Paşa və onun başçılıq etdiyi Türk Qafqaz İslam ordusuna dil uzatmaq bu torpaqlarda doğulmasa da, soyqırıma məruz qalan insanlarımızı xilas üçün gəlib, Azərbaycana canınını verən şəhidlərin ruhuna hörmətsizlikdir”

Bunu millət vəkili Qənirə Paşayeva qeyd edib.

O, qeyd edib ki, Azərbaycan dövlətçiliyi üçün böyük işlər görmüş ümummilli liderimiz Heydər Əliyev bu gün o insanlara dil uzadanların hamısından daha çox məlumatlı, bilgili idi və o şəhidlərin xatirəsinə Bakının mərkəzində Şəhidlər xiyabanında Türk şəhidliyini də məhz o bərpa etdirmişdi:

“Və orada hər iki dövlətimizin bayrağı dalğalanır. O böyük insanlara dil uzadanlar ilk öncə gedib o şəhidlərdən üzr istəməlidir”.

Onun qeyd etdiyinə görə, Nuri Paşa və onun başçılıq etdiyi Türk Qafqaz İslam ordusuna dil uzadanlar soyqırıma məruz qalan minlərlə insanımızın sümüklərini sızladırlar.

“O insanlara dil uzatmaq tariximizə hörmətsizlikdir. İki qardaş dövlət arasında münasibətlərə zərər verməkdir. Düşməni sevindirməkdir. Buna imkan verməməliyik. Nuri Paşa və onun başçılıq etdiyi Türk Qafqaz İslam ordusunun Azərbaycan üçün etdiyi böyük xidmətləri bilmək istəyənlərə dəyərli araşdırmaçı Atilla Oralın Nuri Paşa ilə bağlı kitabını verə bilərəm. Orada boş-boş sözlər və fikirlər deyil, bütün faktlar sənədlərlə öz əksini tapıb.

Bir də 3-5 nəfərin, hər kim olursa-olsun Nuri Paşa və onun rəhbərlik etdiyi ordu haqqında söylədikləri heç bir tarixi gerçəyi dəyişdirmək gücündə deyil. Bu millət onları hər zaman sevgi və sayğı ilə xatırlayacaq. Hər birimiz isə onların fəaliyyətini təftiş edib, bol-bol fikirlər söyləməzdən əvvəl bəs mən özüm bu millət üçün nə etmişəm sualına versək daha yaxşı olar. Nur içində yat Nuri Paşa və Türk Qafqaz İslam ordusunun əziz şəhid və qaziləri!”-deyə, millət vəkili sonra qeyd edib. (gununsesi.info)

Oxşar xəbərlər