Azərbaycanlı İŞİD-çi ölən dostunun arvadını özünə ikinci arvad elədi

Azərbaycanlı İŞİD-çi ölən dostunun arvadını özünə ikinci arvad elədi "Abu Hafz”, "Abu Yəhya”, "Abu Xalid”, "Muaz”, "Abdulhaqq", "Abu Ali”, "Abu Salim”, "Abdurrahman”, "Abu Yusif” və daha kimlər, kimlər... Bu adlar sizə qəribə gəlmirmi, heç nə demirmi? Yox, onların heç biri milliyyətcə ərəb deyil, onlar Azərbaycan gəncləridir. Söhbət Suriyada hökumət qüvvələrinə qarşı döyüşən, özlərinə dini ləqəb seçən bu gənclərdən gedir. O gənclərdən ki, cihad adı ilə Yaxın Şərqə üz tutublar, İŞİD, «Cəbhətul Nüsra”, "Cundu Şam” kimi radikal təşkilatlarda təlim keçiblər, onların tərkibində döyüşüblər. Özləri azmış kimi, üstəlik həyat yoldaşlarını da Suriyaya gətizdiriblər. Aralarında döyüşlərdə yaralanan da var, əsir düşən də, ölən də.

Maraqlıdır, bəs görəsən İntiqam Əliyevin "Abu Hafz”a, Pərvin Məhərrəmovun "Abdulhaqq”a, Mahir Musayevin "Muaz”a, Zərbəli Abdullazadənin "Abu Ali”yə, Tural Məmmədovun "Abu Salim”ə çevrilməsinin səbəbi nə olub?

Bakı Ağır Cinayətlər Məhkəməsində 1987-ci il təvəllüdlü Bakı şəhər sakini Zərbəli Abdullazadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Samir Əliyev sədrlik edib.

Yenə "Azəri camaatı”, yenə də "Abu Hafz”

İttihama görə, Zərbəli Abdullazadə 2013-cü ilin aprel ayında qeyri-qanuni yollarla Suriya Ərəb Respublikasının ərazisinə keçib. Həmin dövlətin ərazisində qanunsuz fəaliyyət göstərən "İslam Dövləti” (İŞİD) terror təşkilatının, eləcə də başqa qanunsuz silahlı birləşmələrin tərkibində iştirak edib.

Suriyada gedən prosesləri internet portalında izlədikdən sonra həmin ölkəyə yollanan Z.Abdullazadə Artma vilayətində "Abu Hafz” ləqəbli İntiqam Əliyevin rəhbərlik etdiyi "Azəri camaatı”na qoşulub.

Z.Abdullazadə ötən il dekabrın 25-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 12.1,218.2 və 12,1,279.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Barəsində Səbail rayon məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

"Abu Ali”nin Suriyaya səfəri: cihad yoxsa, dost əmənəti?

Təqsirləndirilın şəxs qismində dindirilən dini ləqəbi "Abu Ali” olan Zərbəli Abdullazadə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində 2007-ci ildən İslam dininin Əhli Sünnə məzhəbinin Sələfi təriqəti üzrə ibadət etdiyini, onunla eyni qəsəbədə yaşamış yaxın dostu, Suriyanın Artma şəhərində olan "Abdulhaqq” ləqəbli Pərvin Məhərrəmovla telefon əlaqəsi saxladığını deyib. Söhbət əsnasında Pərvin ondan Bakıda yaşayan həyat yoldaşını Suriyaya gətirməsini xahiş edib. Həmin ərəfədə Artma olan "Muaz” ləqəbli Mahir Musyaev də onunla əlaqə saxlayaraq həyat yoldaşı Türkanı Suriyaya gətirməsini istəyib. Z.Abdullazadə "Abdulhaqq” və "Muaz”ın xahişi ilə onların hər ikisinin həyat yoldaşını Suriyaya aparmağa razılaşıb.

"On gün "Abu Hafz”ın camaatına məxsus evdə qaldım”

İstintaqa verdiyi ilkin ifadəsində Z.Abdullazadə 2013-cü ildə Suriyada başlayan döyüşlər barədə internetdən və kütləvi informasiya vasitələrindən eşitdiyi xəbərlərdən təsirlənərək orada hökumət qüvvələrinə qarşı olan cihadda iştirak etmək qərarına gəldiyini göstərib: "Artmada Azərbaycan camaatında iştirak edən dostum Pərvinlə əlaqə saxlayıb döyüşlərə qatılmaq istədiyimi dedim. Pərvin fikrimi bəyəndi, Suriyaya gələcəyim təqdirdə məni qarşılayacağına söz verdi. Pərvin məni "Abu Hafz”ın camaatına qoşulmağa dəvət etdi. Mən gələcəyimi biləndə Pərvin həyat yoldaşı Rabiyyəni də gətirməyi xahiş etdi. Sonra da Mahir mesaj yazıb gələrkən onun həyat yoldaşını da Suriyaya gətirməyimi istədi”.

2013-cü ilin aprel ayının 3-də "Abdulhaqq”ən və "Muaz”ın həyat yoldaşları ilə birlikdə təyyarə ilə əvvəlcə Türkiyəyə, oradansa Suriya ilə sərhəd olan Hatay vilayətindən Artmaya keçib. Artmada onları "Abdulhaqq” qarşılayıb, yaşadığı evə gətirib. Bir qədər sonra "Muaz” da gələrək həyat yoldaşını öz yanına aparıb.

"Abdulhaqq”ın evində olarkən Zərbəli ilk dəfə "Azəri” camaatına rəhbərlik edən "Abu Hafz”la görüşüb: "Suriyada olarkən 10 gün "Abu Hafz”ın camaatına məxsus evdə qaldım. Orada mənimlə birlikdə silahlı dəstə üzvləri vardı. Söhbətlərdən belə başa düşürdüm ki, həmin şəxslər Muhasqara (təlim düşərgələri) gedərək orada təlim keçirdilər”.

"Dostum "Abdulhaqq”ın döyüş zamanı öldüyünü eşitdim”

On gün Artmada yaşayan Z.Abdullazadənin diqqətini orada yaşayanların dini qaydalarla idarə olunması çəkib. Artmanın dindar ailələrin yaşaması üşün əlverişli hesab edən "Abu Ali” ailəsini də götürüb Suriyaya qayıtmağı planlaşdır. Amma Azərbaycana qayıtdıqdan bir müddət sonra yaxın dostu, "Abdulhaqq”ın döyüşlərin birində öldürüldüyünü eşidir. Bu səbəbdən də Suriyaya qayıtmağı ləngiyir.

Əri "Abdulhaqq”ın ölümündən sonra Rabiyə Məhərrəmova da Azərbaycana qayıdır. Z.Abdullazadə ifadəsində göstərib ki, döyüşdə ölən dostunun arvadının maddi sıxıntı içərisində yaşadığını görüb və onunla evlənmək qərarına gəlir. Bu barədə həyat yoldaşına dedikdə qadın bu işi onun öhdəsinə buraxıb. Və birinci həyat yoldaşının razılığını aldıqdan sonra "Abu Ali” ötən ilin mart ayında Rabiyə ilə evlənib.

Rakkaya getmək istəyi və türk jandarması

2015-ci ildə Z.Abdullazadə Suriyanın Rakka şəhərinə getməyi qərara alır. İŞİD-in tərkibində döyüşən "Əbusəlim” ləqəbli dostu Tural Məmmədovla əlaqə saxlayır. "Əbusalim” ona Rakkada İŞİD-in sıralarına qoşulanlara yaxşı şərait yaradıldığını, qruplaşma üzvləri olan hər bir şəxsin ailəsi üçün əlverişli şərait olduğunu deyir. İŞİD-in tələblərinə biyət edəndən sonra orada dini tələblərə uyğun olaraq yaşamağa və işləməyə qərar verir. Qruplaşmanın tərkibində əlimdən gələn işləri görməklə həm onların fəaliyyətinə köməklik edəcəyini, həm də öz ailəsini dolandırmağı qarşısına məqsəd qoyur.

Amma xaricə çıxış qadağası olduğu üçün şəxsiyyət vəsiqəsindəki Abdullayev soyadını Abdullazadəyə, Zərbalı adını isə Zərbəli olaraq dəyişdirir. Ötən ilin iyul ayında "Abu Ali” ailəsi ilə birlikdə Türkiyəyə yollanır. Bir müddət sonrasa ikinci həyat yoldaşı Rabiyyəni də Türkiyəyə dəvət edir. Lakin Z.Abdullazadə Türkiyədə bir neçə ay yaşadıqdan sonra ailəsi və uşaqları ilə birgə Suriyaya keçmək üçün İstanbuldan Qaziantep şəhərinə gələrkən Qaziantep Jandarması tərəfindən saxlanılır. Ailə üzvləri Azərbaycana deportasiya olunurlar. "Abu Ali” Ərzurumdakı geriyə göndərmə mərkəzinə təhvil verilir, uzun müddət sonra o da Azərbaycana deport edilir.

"Mənə dedi ki, cihadda iştirak etmək üçün "Abu Hafz”ın dəstəsinə qoşulmuşam”

Şahid qismində dindirilən Rabiyyə Məhərrəmova ifadəsində göstərib ki, 2012-ci ildə Pərvinlə ailə həyatı qurub. Bir il sonra Pərvin işləmək məqsədilə Türkiyəyə gedib. Oradan zəng vuraraq İstanbula gəlməyi tapşırıb: "Dedi ki, tək gəlmə, Zərbəliyə demişəm, onunla gələrsən. Mən də razılaşdım. Zərbəli məni və Türkanı təyyarə ilə Türkiyəyə apardı. Getməmişdən əvvəl Pərvin demişdi ki, Hatay vilayətində Reyhanlı qəsəbəsində yaşayacağıq. Həmin kəndə çatanda bizi Pərvin qarşıladı. Pərvin özü mənə dedi ki, Suriyada hökumət qüvvələrinə qarşı dini müharibədə, cihadda iştirak etmək üçün "Abu Hafz”ın dəstəsində döyüşürəm. Türkanla məni yaşadığı evə apardı”.

"Onun ölümündən sonra "Abu Ali” ilə ailə qurdum”

2013-cü ilin avqust ayında "Abdulhaqq” İŞİD terrorçu qruplaşmasına qoşulmaq məqsədilə onu Haritan şəhərinə aparıb. Həmin vaxtlar əri artıq döyüşlərdə iştirak edirmiş. Həmin ilin noyabr ayında döyüş əməliyyatları zamanı "Abdulhaqq” həlak olur. "Muaz” həyat yoldaşı Türkanla Azərbaycana qayıtmaq üçün onlara yolpulu verir. Azərbaycana qayıtdıqdan sonra isə 2015-ci ildə "Abu Ali” ilə ailə qurur, onunla birlikdə Qızıldaş qəsəbəsində yaşayır.

İş üzrə şahid qismində dindirilən "Muaz” ləqəbli Mahir Musayevin (hazırda həbsdədir - virtiualaz.org) həyat yoldaşı Türkan Məmmədovanın ifadəsində maraqlı məqam ortaya çıxıb. Şahid ifadəsində Əhli Sünnə təriqəti üzrə ibadət etdiyini, 2012-ci ildə orta məktəbi bitirdikdən sonra Mahirlə ailə həyatı qurduğunu, evləndikdən bir neçə ay sonra Mahirin iş tapmaq məqsədilə Türkiyəyə getdiyini göstərib. Gedəndən bir ay sonra Türkanla əlaqə saxlayaraq "Abu Ali” ilə Türkiyəyə gəlməyi tapşırıb: "Zərbalı ilə görüşdüm, yanında Rabiyyə bir qadın da vardı. O da həyat yoldaşının yanına gedirdi. Zərbalı ilə danışdığım müddət ərzində, eləcə də yolda gedərkən onun üzünə baxmamışam, üzümdə niqab vardı”.

"Oraya çatanda Türkiyədə olmadığımı anladım”

Şahidin ifadəsinə görə, Rabiyyə və Zərbalı ilə birlikdə Gəncədən təyyarə ilə Türkiyəyə, oradan Hataya yola düşüblər. Oradan Mahirin yanına avtomobillə gediblər: "Mahirin yanına çatanda Türkiyədə olmadığımı anladım. O, mənə Suriyada olduğumu dedi. Bir neçə ay Suriyada qaldıqdan sonra Mahir üzv olduğu qruplaşmadakı şəxslərlə dini baxışları arasında ziddiyyətlər yaranması səbəbindən geri qayıtmaq qərarına gəldi. Ötən ilin yanvar ayında Suriyadan çıxaraq Türkiyəyə gəldik”.

Məhkəmənin dünənki qərarı ilə Z.Abdullazadə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Oxşar xəbərlər