Baş Dövlət Yol Polisindən vətəndaşlara — Müraciət

Baş Dövlət Yol Polisindən vətəndaşlara — Müraciət Yeni dərs ilinin başlanması ilə əlaqədar paytaxtda nəqliyyat vasitələri ilə yanaşı, piyadaların da hərəkətində intensivlik xeyli artıb

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi bunu nəzərə alaraq hərəkət iştirakçılarını, xüsusilə də piyadaları küçə və yollarda təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırıb.

Müraciətdə deyilir: “Təəssüflə qeyd etməliyik ki, hər il paytaxtın avtomobil yollarında baş verən yol-nəqliyyat hadisələrinin çoxu - təxminən 55 faizi piyadaların vurulması ilə bağlı olur. Bu qəzaların əksəriyyəti məhz piyadaların onlar üçün müəyyən olunmayan yerlərdən keçmələri səbəbindən baş verir. Baxmayaraq ki, təkcə paytaxt ərazisində 40-dan çox yeraltı-yerüstü, bir o qədər nizamlanan və yüzlərlə nizamlanmayan piyada keçidləri mövcuddur, yenə də piyadalarımız kütləvi şəkildə bu qaydaları pozurlar. Nəticədə əziyyət çəkən, xəsarət alan və bəzən dünyasını dəyişənlər də məhz piyadaların özləri olurlar.

Qeyd olunub ki, bəziləri yol polisini sürücülərlə müqayisədə piyadalara qarşı zəif mübarizə aparmaqda suçlayırlar. Amma il ərzində 140 minədək piyadanın məsuliyyətə cəlb edilməsi faktı bu fikirlərin tam əksini sübut edir. Sürücülərin yol verdikləri qayda pozuntularının 60-70 faizi xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanır.

“Aparılan təhlillər, ictimai qurumlar, qeyri-hökumət təşkilatları ilə birgə keçirilən sorğular da göstərir ki, qaydanı pozan hərəkət iştirakçıları arasında müxtəlif yaş həddində olan insanlar var. Onların böyük əksəriyyətinin bu hərəkətlə bağlı gətirdikləri arqument ya tələsmək, yaxud da diqqət yetirməməkdir. Narahatedici hallardan biri də odur ki, belə piyadaların əksəriyyətinin yanında azyaşlı uşaqlar olur. Bu isə uşaqlarda kiçik vaxtlarından yol qaydalarına biganəlik kimi xoşagəlməz vərdişlərin formalaşmasına səbəb olur.

Hörmətli hərəkət iştirakçıları, bir daha yaşından, həyatda tutduğu mövqedən asılı olmayaraq, hər bir kəsi yol hərəkəti qaydalarına ciddi riayət etməyə dəvət edir, bu qaydaların insan həyatının qorunması üçün nə qədər vacib və əhəmiyyətli olmasına diqqət yetirməyə çağırırıq. Xahiş edirik ki, özünüzün, doğmalarınızın həyatının qorunması üçün bu çağırışımıza düşünülmüş şəkildə yanaşasınız”, - deyə müraciətdə qeyd edilib.

Oxşar xəbərlər