Deputatın sələmə pul verməsini təsdiqləyən sənəd ortaya çıxdı

Deputatın sələmə pul verməsini təsdiqləyən sənəd ortaya çıxdı Deputat Rüfət Quliyevin sələmçilik fəaliyyəti geniş müzakirə mövzusuna çevrildiyi bir vaxtda ortaya maraqlı bir sənədin surəti çıxıb. "Öhdəlik müqaviləsi” adlanan sənəddə Rüfət Quliyevin Bakı şəhər sakini Namiq Səfərova 17 min 400 dollar verməsi, bunun müqabilində faiz olaraq 10 faiz pul alacağı qeyd olunur.

Ötən saylarımızda "Deputat Rüfət Quliyev sələmə pul verirmiş” sərlövhəli yazıda məsələnin mahiyyəti haqda geniş məlumat verdiyimizdən qısaca qeyd edirik ki, Rüfət Quliyev Səbayel Məhkəməsinə iddia təqdim edərək 2011-ci ildən başlayaraq Namiq Səfərova sələmə pul veridiyini, məbləğin faizlərlə birgə 328 min dollar olduğunu qeyd edib. N.Səfərov 2015-ci ilin fevralında dünyasını dəyişib. Deputat iddiasında 328 min dolların mərhumun əmlaklarına yönəldilməsini tələb edir. Deputatın sələmə pul verdiyi mərhum Namiq Səfərovun həyat yoldaşı Nuranə Səfərova müxtəlif instansiyalara məktub yazaraq deputatın onun mərhum həyat yoldaşı ilə 40 ilə yaxın dostluq etdiyini, həyat yoldaşının ölümündən sonra isə Rüfət Quliyevin onların əmlaklarını ələ keçirmək üçün hərəkətə keçdiyini qeyd edib. Mərhum iş adamının həyat yoldaşı müraciətində deputat Rüfət Quliyevin əmlaklarını ələ keçirmək üçün şəxsən ona etdiyi təzyiq nəticəsində son əlac kimi özünə qəsd etmə həddinə çatdığını da bildirib.

N.Səfərovanın vəkili Ceyhun Yusifov "Yeni Müsavat”a açılamasında bildirib ki, deputatın tələbi əsassızdır:"Qeyd olunan öhdəlik müqavilələrini deputat Rüfət Quliyev məhkəməyə də təqdim edib. Həmin müqavilələr saxtadır, Namiq Səfərov dünyasını dəyişəndən sonra tərtib edilib. Müqavilələrdə tarix yoxdur. Sanki uşaq bağçasından kiminsə ələ keçirib üzərinə ”öhdəlik müqaviləsi" yazdığı cızma-qaradır. İnanmıram ki, məhkəmə bu saxta kağız parçalarını sübut kimi qəbul edib qanunsuzluq edə".

Vəkil deyir ki, deputat vətəndaşın əmlakını yağmalamağa, ələ keçirməyə cəhd edir:"Hesab edirəm ki, Rüfət Quliyevin etdikləri Milli Məclis üzvünə yaraşmayan, milli mentalitetimizə sığmayan məsələdir. Deputat bir kağız parçasını əlinə alıb və dünyasını dəyişmiş şəxsin ailəsindən 300 min manatdan artıq pul tələb edir. Özü də yazır ki, 17 min verib, əvəzində 300 min dollar faiz istəyir. Qarşı tərəfin təqdim etdiyi sübutlar şər-böhtan xarakterlidir. Deputatın vəkili deyir ki, guya faizə verdikləri pul Rüfət Quliyevin deyil, onun oğlunun olub. Digər tərəfdən də Rüfət Quliyevin imzası olan sələmə pul vermə müqaviləsini məhkəməyə təqdim edirlər. İddiaları tam olaraq əsassız iddiadır. ”Öhdəlik müqaviləsi" adlanan həmin sənədə lupa ilə baxsınlar, görsünlər orada deputatın oğlunun adı bir yerdə keçir? Digər tərəfdən də deputatlıq faizə pul vermək üçün lisenziya almaqdan azad edirmi? Məgər Rüfət Quliyevin sələmçilik üçün lisenziyası var? Deputat bu fəaliyyətinə görə vergi ödəyib? Rüfət Quliyev mərhum dostunun əmlakını ələ keçirmək istəyərkən saymaqla bitməyən qanunsuz hərəkətlərini özü də bilmədən ictimai müzakirəyə çıxarıb. O, sələmçilik fəaliyyəti ilə məşğul olduğunu etiraf edib".

Vəkil mətbuat nümayəndələrini avqustun 18-də Səbayel Rayon Məhkəməsinə dəvət edib:"Jurnalistlər məhkəməyə gəlib hakim Zaur Əliyevin sədrliyi ilə keçiriləcək deputat Rüfət Quliyevin şəxsən özünün iddiaçı kimi çıxış etdiyi faiz davasının məhkəmə çəkişməsini müşahidə etsinlər. Görsünlər ki, deputat seçicilərinin problemi ilə məşğul olmaq əvəzinə 40 illik dostunun dul həyat yoldaşına qarşı hansı qanunsuzluqları edir”.


Deputatın sələmə pul verməsini təsdiqləyən sənəd ortaya çıxdı

Oxşar xəbərlər