Rüfət Quliyev: Bakıya gələn əhali yenidən torpağa qayıtmalıdır

Rüfət Quliyev: Bakıya gələn əhali yenidən torpağa qayıtmalıdır “Xarici siqaretlərin istehsalına keçməyə məcbur olduq”

Azərbaycanda tütün məmulatlarının iri istehsalçısı olan “European Tobacco Baku” şirkəti siqaret istehsalında yerli xammalın payının artırılması üzrə danışıqlar aparır.

Bunu Trend-ə şirkətin İdarə Heyətinin sədri Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, hazırda siqaretlərin doldurulduğu tütün qarışığında (doğranmış tütün - red) sortları Azərbaycanda yetişdirilən şərq tütünü az istifadə edilir:

“Bu sortlar siqaretin dadından asılı olaraq siqaretin tərkibində cəmi 3-5 faiz təşkil edə bilər. Siqaretin tərkibində, adətən, təqribən 7-10 tütün növü istifadə olunur. Onların arasında “virciniya” və “berley” növləri əsasdır. Bundan başqa, Braziliya, Keniya, Türkiyə və digər ölkələrdə yetişdirilən tütün sortlarından da istifadə olunur”.

R.Quliyev qeyd edib ki, “European Tobacco Baku” Azərbaycanda siqaretin ayrı-ayrı tərkib hissələrinin istehsalı barədə şərikləri ilə də razılığa gəlmək istəyir.

O, əlavə edib ki, “European Tobacco Baku” vaxtilə yerli siqaretlər istehsal edib, lakin ildən-ilə onun satışı azalırdı, çünki həmin vaxt əksəriyyət tanınmış brendlərə üstünlük verirdi:

“Bu ona gətirib çıxardı ki, biz də xarici siqaretlərin istehsalına keçməyə məcbur olduq”.

R.Quliyevin sözlərinə görə, dünyadakı mövcud iqtisadi vəziyyətdə “European Tobacco Baku” şəriklərinə daha az tanınmış və ucuz brendlərin istehsalına başlamağı təklif etmək niyyətindədir.

Şirkətin İdarə Heyətinin sədri vurğulayıb ki, Azərbaycan daxili istehsal hesabına ölkəni tütün məhsullarının 90 faizi ilə təmin etmək iqtidarındadır:

“Bunun üçün regionlardan Bakıya gələn əhali yenidən torpağa qayıtmalıdır. Kənd təsərrüfatını ixtisaslı kadrlarla təmin etmək lazımdır. Bunun üçün bütün imkanlar var. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı sahibkarlığın inkişafına yeni təkan verdi. Bura lisenziyalaşdırmanın sadələşdirilməsi, müxtəlif güzəştlər və subsidiyalar da daxildir”.

Oxşar xəbərlər