Gənclik hər bir xalqın gələcəyidir

Gənclik hər bir xalqın gələcəyidir
Gənclik hər bir xalqın gələcəyidir. Bir ölkənin inkişafı, tərəqqisi və davamlılığı bilavasitə onun gənc nəslinin savadına, dünyagörüşünə və vətənpərvərlik ruhuna bağlıdır. Azərbaycan dövləti də hər zaman gənclərə xüsusi diqqət göstərmiş, onların cəmiyyətin fəal üzvü kimi formalaşmasına önəm vermişdir. Bu qayğının bariz nümunələrindən biri də 2 Fevral – Azərbaycan Gəncləri Gününün təsis olunmasıdır.
Ulu Öndər Heydər Əliyevin 1 fevral 1997-ci il tarixində imzaladığı Sərəncama əsasən, hər il fevralın 2-si ölkəmizdə Azərbaycan Gəncləri Günü kimi qeyd olunur. Bu mühüm qərar gənclərin cəmiyyət həyatındakı rolunun artırılması, onların dövlət quruculuğunda fəal iştirakının təmin edilməsi məqsədi daşıyırdı. Həmin vaxtdan etibarən Azərbaycan MDB məkanında və Şərqi Avropa ölkələri arasında Gənclər Gününü ilk dəfə rəsmi şəkildə qeyd edən ölkə olmuşdur.
2 Fevral Gənclər Günü təkcə bayram deyil, həm də gənclərin potensialına verilən yüksək dəyərin göstəricisidir. Bu gün münasibətilə ölkəmizdə müxtəlif tədbirlər, forumlar, görüşlər, müsabiqələr və konfranslar təşkil olunur. Bu tədbirlər gənclərin öz bacarıqlarını nümayiş etdirməsinə, biliklərini artırmasına və cəmiyyətlə daha sıx əlaqə qurmasına şərait yaradır.
Müstəqillik illərində Azərbaycan gəncliyi böyük inkişaf yolu keçmişdir. Dövlət tərəfindən həyata keçirilən məqsədyönlü gənclər siyasəti nəticəsində gənclər təhsil, idman, elm, mədəniyyət və ictimai fəaliyyət sahələrində mühüm uğurlar əldə etmişlər. Xarici ölkələrdə təhsil proqramları, beynəlxalq layihələrdə iştirak imkanları və müxtəlif sosial təşəbbüslər gənclərin dünyagörüşünün genişlənməsinə xidmət edir.
Bu gün Azərbaycan gəncləri həm bilikli, həm vətənpərvər, həm də məsuliyyətli vətəndaşlar kimi formalaşır. Onlar ölkəmizin maraqlarını beynəlxalq arenada layiqincə təmsil edir, elmi və texnoloji yeniliklərə açıq olurlar. Xüsusilə Vətən müharibəsində gənclərin göstərdiyi şücaət onların dövlətə və xalqa bağlılığının parlaq nümunəsidir.
2 Fevral – Azərbaycan Gəncləri Günü gənclərə inamın, ümidin və etimadın rəmzidir. Bu gün hər bir gəncə öz imkanlarını dəyərləndirmək, daim üzərində işləmək və cəmiyyətə fayda vermək məsuliyyətini xatırladır. Güclü gənclik – güclü gələcək deməkdir. Məhz bu baxımdan Azərbaycan gənclərinin inkişafı dövlətimizin əsas prioritetlərindən biri olaraq qalır.

Sabunçu qəsəbəsi, 170 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Aygün Abbasova





Oxşar xəbərlər