Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqronomluq fakültəsində bir qrup müəllim və tələbənin iştirakı ilə Prezident cənab İlham Əliyevin 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Sərəncamının icrası ilə əlaqədar “Azərbaycan Respublikasının Konstitusiyası Dövlətin ali qanunudur” mövzusunda ustad dərsi təşkil olunub.I Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının İdarə heyətinin üzvü, Əməkdar müəllim, hüquq elmləri doktoru, professor İbrahim Quliyev mövzu ilə bağlı geniş məruzə ilə çıxış edərək Prezident cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunmasını müasir Azərbaycan dövlətçiliyinin inkişafında mühüm əhəmiyyət kəsb edən bir hadisə olduğunu, Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasının dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolu oynadığını vurğulayıb. Qeyd edilib ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü ilə əlaqədar ölkəmizin tarixi nailiyyətlərini, Konstitusiyamızın qüdrətini və tam suverenliyimizin bərpasını vurğulayan əlamətdar hadisədir. Bu qərar müstəqil Azərbaycanın gücünü və inkişafını bir daha nümayiş etdirməklə yanaşı, xalqımızın birliyinin, həmrəyliyinin ifadəsidir.
İctimai fənlər kafedrasının müdiri Elgün Aslanov və müəllimi Əbdürrəhman Kazımov tələbə gənclərdə ölkəmizin çoxəsrlik tarixi, mədəniyyəti, tarixi hadisələri, dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğunda keçdiyi tarixi yolu barədə biliklərinin artmasında bu kimi tədbirlərin əhəmiyyətli rol oynayacağını diqqətə çatdırıblar.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.