Prezident açıq şəkildə bəyan etdi ki, korrupsiyaya yol verilməməlidir

Prezident açıq şəkildə bəyan etdi ki, korrupsiyaya yol verilməməlidir Prezident İlham Əliyevin noyabrın 12-də Ceyhun Cəlilovu Naxçıvan Muxtar Respublikasına səlahiyyətli nümayəndə və bir neçə rayon icra hakimiyyəti başçısını təyin etməsi ilə bağlı çıxışı bölgələrdə idarəetmə ilə bağlı prioritetləri açıq şəkildə ortaya qoyur. Prezidentin çıxışı özündə bir sıra mesajları ehtiva etdi deyə bilərik. Şübhəsiz ki, bu müsajların mərkəzində etimad və məsuliyyət dayanır. Prezident açıq şəkildə bəyan etdi ki, təyinatlı rəhbərlər xalqa xidmət etməli, təvazökar və nüfuzlu olmalı, qanunsuzluq və korrupsiyaya yol verməməlidirlər. Bu, mərkəzi icra orqanları ilə bölgələr arasındakı koordinasiyanın gücləndirilməsi və eyni zamanda vətəndaşların dövlətə inamının möhkəmləndirilməsi baxımından olduqca vacibdir.
Çıxışda vurğulanan əsas məqamlardan biri məmur fəaliyyətinin şəffaflığı ilə bağlı oldu. Prezident keçmişdə bəzi məmurların şəxsi maraqlar naminə qanunsuz göstərişləri icra etməsini xatırladaraq, indi bu halların aradan qaldırıldığını qeyd etdi. Bildirildi ki, kadr islahatları nəticəsində mərkəzi icra orqanları artıq bölgələrə qanunsuz təzyiq göstərə bilməyəcək və hər hansı pozuntu halında ciddi tədbirlər görüləcək. Prezidentin çıxışında digər vacib istiqamət bölgələrdə infrastrukturun inkişafı və sosial layihələrin icrası ilə bağlı oldu. Prezident elektrik enerjisi, magistral və kənd yolları, içməli su, suvarma sistemləri, məktəb və xəstəxana tikintisi kimi sahələrdə əldə olunan nəticələri qeyd edərək turizm və kənd təsərrüfatı sahələrində dövlət dəstəyi ilə yaradılan imkanlar haqqında geniş məlumat verdi.
Çıxışda məşğulluq və miqrasiya məsələləri də diqqət mərkəzinə gətirildi. Bölgələrdən şəhərlərə miqrasiyanın həm də iş imkanlarının azlığı ilə bağlı olduğunu deyən ölkkə başçısı iş yerlərinin yaradılması kimi tədbirlər həyata keçirilməsinin vacibliyinə toxundu. Şübhəsiz ki, məşğulluq məsələsi həm iqtisadi inkişafı, həm də sosial stabilliyi təmin edən olduqca vacib sahədir və əslində özündə dövlətin uzunmüddətli strategiyasını ehtiva edir.
Ümumi olaraq qeyd edim ki, Prezident İlham Əliyev çıxışında bölgələrdə idarəetmənin şəffaflığı, iqtisadi inkişafın davamlılığı və sosial ədalətin təmin olunması ilə bağlı konkret tapşırıqları vurğuladı. Ümid edək ki, Naxçıvana yeni təyin olunan səlahiyyətli nümayəndə və ümumiyyətlə icra strukturlarına rəhbərlik edən hər kəs Prezidentin verdiyi mesajlardan və xəbərdarlığından düzgün nəticə çıxaracaqlar.
Müasir Azərbaycanda səmərəli dövlət idarəetməsinin qurulması istiqamətində həyata keçirilən işlərin və dövlət siyasətinin mərkəzində vətəndaş durur, onun məmnunluğu inkişafın və şəffaflığın əsas göstəricisi hesab edilir. Hər bir məmurun da öz fəaliyyətində əsas vəzifəsi vətəndaş-məmur münasibətlərində Prezidentimizdən nümunə götürərək bu göstəricinin bütün şkalalar üzrə yüksəldilməsindən ibarət olmalıdır. Bu, həm Prezident İlham Əliyevin, həm də yeni dövrün tələbidir.

Natiq Musayev-Bakı Dövlət Sosial İqtisad Kolleci-Təcrübə rəhbəri

Oxşar xəbərlər