Bayraq hər bir Azərbaycan vətəndaşı üçün milli həmrəylik simvolu, vahid məfkurə ətrafında sıx birləşməyin başlıca amilidir

Bayraq hər bir Azərbaycan vətəndaşı üçün milli həmrəylik simvolu, vahid məfkurə ətrafında sıx birləşməyin başlıca amilidir
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli, aylı-ulduzlu bayrağımız başımız üstündə qürurla dalğalanarkən xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir. XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın müəllifi olan görkəmli mütəfəkkir Əli bəy Hüseynzadə “bizə türk qanlı, firəng fikirli, islam etiqadlı gənclər lazımdır” deyərkən Dövlət Bayrağımızdakı üç rəngə dolğun məna qatmışdır.
Dövlətin və xalqın kimliyinin ən işıqlı və ən şəffaf meyarı olan bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb.
Şərqdə ilk Cümhuriyyət olan AXC az yaşasa da, sovet imperiyasının yenidən işğalı nəticəsində süquta uğradılsa da, mübarizə əzmi, dövlətçilik ideyaları yaşadıldı, yenidən dirçəldildi. İmperiya buxovundan qurtulan Vətənimiz öz müqəddəs üçrəngli bayrağına qovuşdu.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilən sessiyada üçrəngli bayraq Muxtar Respublikanın Dövlət bayrağı kimi qəbul edildi. Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və müstəqilliyimizə doğru gedən yolda böyük töhfələr verdi. Bayrağımız Bakı şəhərində 1991-ci il fevralın 5-də dalğalanmağa başladı.
Üçrəngli bayrağımız Ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra referendumla qəbul edilən Konstitusiyamızda öz əksini tapdı.
Artıq Avropanın mərkəzində dalğalanmaqla , varlığımızı, gücümüzü bütün dünyaya tanıtmağa başlayan müqəddəs bayrağımız öz həqiqi mənasına qovuşdu, öz yerini tutdu, əbədiləşdirdi.
Ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Cənab Prezident İlham Əliyev 2009-cu il 17 noyabrda bayrağımıza yüksək dəyər nümayiş etdirərək 9 noyabr tarixinin Dövlət Bayrağı Günü kimi təsis edilməsi haqda sərəncam imzaladı.
2010-cu il sentyabrın 1-də Bakıda dünyanın ən uca bayraqlarından birinin dalğalandığı Dövlət Bayrağı Meydanının təntənəli açılışı zamanı Ali Baş Komandan Cənab İlham Əliyevin dediyi sözlər dövlət rəmzlərinə olan dərin hörmət və ehtiramın ifadəsidir: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Qarabağda, Xankəndidə, Şuşada... dalğalanacaqdır!”
Qürurla deyilən bu sözlər artıq reallığa çevrilib. Bu gün müqəddəs bayrağımız işğaldan azad edilmiş torpaqlarımızda fəxrlə dalğalanır.
Ağır sınaqlardan çıxan xalqımız kimliyi olan bayrağını öz yurduna hakim qılmışdır. Mənlik, şərəf və ləyaqət sayılan bayrağımızı döyüş meydanında yerə düşməyə qoymamış, onu qanı bahasına ucaltmışdır:
Bayraqları bayraq edən üstündəki qandır,
Torpaq, əgər uğrunda ölən varsa, Vatandır!
Bayraq hər bir Azərbaycan vətəndaşı üçün milli həmrəylik simvolu, vahid məfkurə ətrafında sıx birləşməyin başlıca amilidir. Millətin varlığının, onun dövlətçilik ənənələrinə sahib çıxmaq bacarığının göstəricisi olan bayraq ən müqəddəs rəmzlərimizdən biridir. Onun yeri ən ali məclislər, ən mötəbər yığıncaqlar, ən təntənəli yürüşlərdir.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev öz sözləri ilə bayrağımızı belə mənalandırır: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kim ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib”.
Var olsun başımızın üstündə açıq səmada qürur və fəxrlə dalğalanan üçrəngli, ay-ulduzlu Dövlət Bayrağım!
Yaşasın Müstəqil Azərbaycan!



Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyatı müəllimi Səid Babayev


Oxşar xəbərlər