
Avropada artan gərginlik fonunda Fransa hökuməti ölkənin səhiyyə sisteminə misilsiz göstəriş verib. Le Figaro yazır ki, Fransadakı xəstəxanalara 2026-cı ilin martına qədər mümkün genişmiqyaslı hərbi münaqişəyə hazır olmaq tapşırılıb.
Fransa Səhiyyə Nazirliyinin sənədlərinə əsasən, həkimlər və tibbi personal ilk döyüş günlərində 10 mindən 50 minədək hərbi qulluqçunu qəbul etməyə hazır olmalıdırlar. Bu, yalnız müharibə zamanı yaralı hərbçilərin təxliyəsi deyil, həm də mülki əhalinin böyük sayda tibbi yardım tələbatı nəzərə alınaraq planlaşdırılıb.
Paris bu qərarı Almaniyanın son addımlarından sonra qəbul edib. Qonşu ölkədə Rusiya ilə bağlı təlimlərin intensivləşməsi və ordunun yüksək hazırlıq vəziyyətinə gətirilməsi fonunda Fransa da ən pis ssenaridən çıxış edir. Ekspertlərə görə, Paris Rusiya ilə genişmiqyaslı toqquşmanı artıq ehtimal yox, real təhlükə kimi qiymətləndirir.
Musavat.com xatırladır ki, Böyük Britaniyanın baş naziri Keir Starmer də ötən həftə ölkəsini mümkün müharibəyə hazırlamaq zərurətini vurğulayıb.
Oxşar xəbərdarlıqlar Skandinaviya və Baltik ölkələrində də səslənir:
• İsveç və Finlandiya NATO-ya qoşulduqdan sonra ordularını modernləşdirmək və sərhədləri möhkəmləndirmək üçün milyardlarla dollar ayırırlar.
• Polşa Rusiya ilə sərhəddəki qədim müdafiə metodunu yenidən gündəmə gətirib – ölkə bataqlıqları su ilə doldurmaq qərarı verib və eyni addımı digər sərhəd dövlətlərinə də təklif edib.
• Baltik ölkələri və Rumıniya da Rusiya təhlükəsini “gələcək müharibənin başlanğıcı” kimi dəyərləndirir və hərbi büdcələrini artırır.
Müşahidəçilərə görə, Avropada artıq bir “Putin kabusu” dolaşır. Ukrayna müharibəsinin tezliklə başa çatacağı və ardınca Rusiya ordusunun Avropanın üzərinə hücuma keçəcəyi ehtimalı hökumətləri fövqəladə addımlar atmağa məcbur edir.
Fransanın xəstəxanaları müharibəyə hazırlaması, Almaniyanın ordunu səfərbərlik rejiminə gətirməsi, Britaniyanın hökumət səviyyəsində xəbərdarlıqları göstərir ki, qitə artıq “böyük müharibə” ssenarisinə hazırlaşır.
Mənbə: https://video.lefigaro.fr/figaro/video/le-ministere-de-la-sante-a-invite-dans-ses-instructions-les-hopitaux-francais-a-se-preparer-a-la-guerre/