Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələdə

Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələdə
Azərbaycan hər zaman Xəzər dənizində dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılması üçün səylər göstərib və Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı təşəbbüs göstərən ilk ölkələrdən biri olub. Bu səylər Xəzər dənizində bölgü məsələləri üzrə bütün sahilyanı ölkələrin mövqelərinin yaxınlaşdırılmasına və ümumi razılığın əldə edilməsinə xidmət edib. Uzun illər aparılan danışıqlar, Xəzəryanı dövlətlər arasında qarşılıqlı kompromis və mövqelərin yaxınlaşması nəticəsində 2018-ci ildə “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya imzalanıb. Xatırlatmalıyıq ki, ölkələrimizi mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq münasibətləri də birləşdirir. İki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur. 2017-ci il avqustun 8-də Bakıda “Azərbaycan Respublikası ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə” imzalanıb.
Azərbaycanla Türkmənistan arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən biri də parlamentlərin qarşılıqlı fəaliyyətidir. İki ölkə beynəlxalq parlament təşkilatlarında da bir-birinə dəstək verir, uğurlu əməkdaşlıq həyata keçirir. Təsadüfi deyil ki, bu yaxınlarda Azərbaycan Milli Məclisi ilə Türkmənistan Milli Qenqeşi Xalq Məsləhəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Ölkələrimiz arasında müxtəlif sahələrdə genişlənən və daha da dərinləşən əməkdaşlıq münasibətləri onu deməyə əsas verir ki, dost və qardaş ölkələr olan Azərbaycan və Türkmənistan indiyədək əldə olunan dinamikanı bundan sonra da artıracaq və yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirəcəklər.
İki ölkə arasında gündəmdə olan daha bir məsələ Türkmən qazının Azərbaycanın da çəkilməsində önəmli iştirak payı olduğu Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarlarına çıxarılmasıdır. Bunun üçün Xəzər dənizinin dibi ilə çəkilməsi gərəkli olan 300 km-lik Transxəzər Qaz Kəməri layihəsi var. Türkmənistanın enerji ixracının diversifikasiyası baxımından bu layihə cəlbedici mahiyyət daşıyır və Azərbaycanın mövcud infrastrukturu Türkmənistan üçün bizimlə əməkdaşlığı şərtləndirən vacib amillərdən biridir. Bu yolla əsasən Çin bazarından asılı olan Türkmənistan müxtəlif potensial enerji istehlakçılarına açıla bilər.
Nəcibə Hüseynova-Sabunçu rayon Mərkəzləşmiş Kitabxana sisteminin direktoru

Oxşar xəbərlər